ANS televiziyasının vitse prezidenti Mirşahin Ağayev Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin onun haqqında səsləndirdiyi ittihamlara cavab verib.
YENİCAG.AZ xəbər verir ki, M. Ağayevin “Qafqazinfo”ya təqdim etdiyi cavab yazısı aşağıdakı kimidir:
“Cənab Elşad Abdullayev!
Mənə hörmət etdiyinizi sözün düzü bilmirdim. Allah ürəyinizcə versin. Bilmirdim ki, mənim müsahibəm Sizi belə həyacanlandıracaq. Demək hələ qələmim itidir ki, uzun müddət susan bir qalmaqallı azərbaycanlını gündəmə qaytardım! Həmişə olduğu kimi ANS-in Dəqiq, Qərəzsiz və Vicdanlı bir müsahibəsi niyə Size belə təsir bağışlayıb, doğrusu anlaya bilmirəm. Daha doğrusu yazdıqlarınızı oxuyub anladım ki, ürəyiniz doludur və bu proseslərdə fəal ittihamçi kimi ən azı azadlığa buraxılan Gülər Əhmədovadan şəxsən müsahibə almaq arzusundasınız… Gəlin… və alın! Deyəsən bu vurçatlasında Sizin gücünüz yalnız mənə çatır.
Cənab Elşad Abdullayev – mənə müəllim deməyinizin səbəbini də anlayıram. Uzun illər, Azərbaycanda olanda əsas, operativ və obyektiv məlumatları və analitik mülahizələri məhz ANS-dən, o cümlədən məndən alırdınız. Bəs indi nə olduʔ Mən ürəyində Əli rəhmi olan bir Azərbaycanlı tək heç kimin Zindanda, Həbsdə və ya ümumiyyətlə əzizlərindən Vətəndən uzaqda olmasını arzulamıram. Allahdan arzu edirəm ki, heç kimin qapısını və ya sərhədini bağlamasın!
Mən Seyid övladıyam və mənim yolum hər halda böyükdür, ona görə də şəxsən mənə qarşı dedikləriniz nalayıq (söhbət ziyalılardan gedir) alleqoriyaları Sizə bağışlayıram, yenə də deyirəm Allah ürəyinizcə versin və qardaş itkisinin böyük bir dərd olduğunu anlasam da emosiyalara qapanmıram. Lakin toxunduğunuz digər məsələlərə aydınlıq gətirməyi özümə borc bilirəm:
Mənim Gülər Əhmədovaya, Dəmir Barmaqlıqlar arasından çıxan bir qadına Dəmir Ledi deməyim Sizi deyəsən ciddi narahat edib – Siz bu mövzuya hətta iki abzasda müraciət etmisiniz.
Cənab Elşad Abdullayev, məncə mən bir sıravi publisist kimi ad və ya epitet seçimində azadam və bu sırf zövq məsələsidir. Bu illər boyu Sizə kimlərsə Rektor deyərək müraciət edəndə mən heç bir zaman buna etiraz etməmişəm – düşünürəm ki, kim kimi necə istəyir elə də adlandırır. Məsələn aşiq-məşuqlar bir- birinə Ceyran deyəndə yəgin ki, bir müddətdən sonra hansınınsa başında buynuzların çıxacağına işarə etmirlər.
Məktubumu Sizin kimi gözlərlə bitirmək istəyirəm. Amma biraz fərqli gözlərlə, daha doğrusu baxışlarla…
Bizim gözlər çox şey görüb, görür və yaşa görə təbii zəifləməsinə baxmayaraq hələ görəcək inşaAllah. Heç kimə dəyib toxunmayan bu gözlərlə biz Sizi də görmüşük, Gülər Əhmədovanı da, niyəsə yenidən xatırladığınız Ramiz Mehdiyevi də…
Siz həmin Elşad Abdullayevsiz – üzümçülük və şərabçılıq ənənələri ilə zəngin Kürdəmir rayonundan gələn adi tələbə və birdən birə milyonlara sahib olub dövlətə məxsus binalarda universitetlər işlədən adam. Öz kameralarınız vasitəsilə hamıya rüşvət vermək imkanlarınızı nümayiş etdirən birisi. Yəqin hüquq fakultəsində oxuyarkan bilirdiniz ki, rüşvət almaq kimi, verməkdə bir cinayətdir! Gülər Əhmədovanı mən müsahibəm zamanı gördüm və hamıya bu taleyi göstərdim. O ki qaldı adını çəkdiyiniz Ramiz Mehtiyevə – biz onu müasir Azərbaycan Dövlətinin banilərinin sıralarında hələ 1989-cu ildən görürük. Bu insan o zamanın qorxaq establişmentindən yeqanə adam olaraq tələbə azadlıq hərəkatının içinə qatılmış və bizim problemlərimizi və tələblərimizi öyrənərək hökümət və xalq arasında bir körpü qurmuşdu. Sonralar Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri, ideoloji forpostu və bu gün də çiçəklənməkdə davam edən Azərbaycanın dövlətçilik ənənələrinə peşəkarcasına xidmət edən əsl alimdi! Ramiz müəllimi də, bizi də birləşdirən və Sizdən fərqləndirən bir şey var. Biz Azərbaycandayıq! Azərbaycanlayıq!
…Və məncə başlıca məsələ də elə budur!”.
www.yenicag.az