Rusiyadan işğal olunmuş Dağlıq Qarabağ ərazilərinə səfər edənlərin sayı az deyil. Azərbaycanın icazəsi olmadan tanınmamış separatçı Dağlıq Qarabağa səfərlərə rəsmi Bakının reaksiyası da bəllidir. Bloger Lapşinin həbsi əslində bir dərs olmalı idi. Lakin belə səfərlər yenə də həyata keçirilir. Hətta Bakının razılığı olmadan bəzi Rusiya ali məktəbləri Xankəndində şübhəli şəkildə fəaliyyət göstərən institutlarla da əlaqə yaradırlar. İşğal olunmuş Dağlıq Qarabağ ərazilərinə Rusiyadan keçərək daxil olmaq elə edə çətin deyil.
Yenicag.az xəbər verir ki, bu yaxınlarda Şimali Qafqazda ezamiyyətdə olan Avropa.info-nun əməkdaşı özü bunun şahidi olub.
“Liro” ticarət mərkəzinin yaxınlığında olan erməni avtovokzalından Pyatoqrsk – Stepanakert ( Xankəndinin adı belə göstərilir – red.) marşurutu üzrə hər gün yüzlərlə insan Azərbaycan sərhədlərini qanunsuz şəkildə pozaraq, işğal altında olan ərazilərə gedir. Onların arasında Bakıdan və Qarabağdan Pyatoqorska köçən ermənilərlə yanaşı, kimliyi geniş ictimaiyyətə bəlli olmayan xarici vətəndaşlar da səfər edir. Heç kəs istisna edə bilməz ki, Dağlıq Qarabağa səfər edənlər arasında xarici ölkə kəşfiyyatına işləyən insanlar yoxdur.
Əslində, buna sərt reaksiya verməyin zamanı çoxdan çatıb. Bakı Rusiyaya rəsmi şəkildə etirazını bildirməlidir. Məsələ ondadır ki, dünyanın heç bir ölkəsi, hətta Ermənistan Dağlıq Qarabağdakı separatçı rejimi tanımayıb. Deməli, bu rejim beynəlxalq hüquqdan kənarda olan rejimdir. Azərbaycan dövlətinin ərazisi olan Dağlıq Qarabağa hər hansı bir təşkilatdan, qurumdan, dövlətdən səfər reallaşdırılan zaman rəsmi Bakının icazəsi alınmalıdır. Ondan sonra bu və ya digər addım atılmalıdır.
Təəssüf ki, bu, dəfələrlə təkrarlanan faktdır ki, qondarma Dağlıq Qarabağa ayrı-ayrı beynəlxalq təşkilatlardan, dövlətlərdən səfərlər olur. Bu səfərləri Azərbaycan tərəfi çox mənfi qarşılayır. Bu halda Bakının əsas təsir mexanizmi kimi Xarici İşlər Nazirliyinin tərtib etdiyi siyahıdan istifadə edilir. Arzuolunmaz şəxslərin Azərbaycana girişinə qadağa qoyulur. Lakin hadisələrin gedişatı göstərir ki, beynəlxalq hüquqda tətbiq olunan bu mexanizm indiki halda lazımi effekti vermir. Xankəndinə olan avtobus reyslərinə isə reaksiya bildirilmir və bunun qarşısı alınmır.
Əslində, bu, olduqca ciddi bir məsələdir və heç cür diqqətdən kənarda saxlanıla bilməz. Azərbaycanın razılığı olmadan heç bir ölkə onun ərazisinə daxil ola bilməz…
www.yenicag.az