!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ramiz Rövşəni şair edən qadın: “Ona həyatımı həsr etmişəm” - FOTOLAR

!Reklam – Yazi

Mediadan hər zaman qaçır. Ona görə də harda görsək, fürsət bilib, sualımıza cavab almaq üçün dəridən-qabıqdan çıxırıq. Sevilən şair Ramiz Rövşəni deyirəm… Müğənni Lalə Məmmədovanın konsertinə təşrif buyuran şairi görən kimi dərhal ona yan aldıq.

Ramiz Rövşənin Yenicag.az saytına müsahibəsini təqdim edirik.

– Lalə bəyəndiyiniz müğənnilərdəndir deyəsən, konsertinə gəlmisiniz…

– Lalə yalnız musiqi duyumu güclü olan müğənni deyil, həm də savadlı musiqiçidir. Özü də gözəl xanımdır – həm daxilən, həm də zahirən. Qızımın toyuna da dəvət etdim, gəldi oxudu.

– Yeni nəsil müğənnilərdən kimləri dinləyirsiz?

– Nəzakət Teymurova, Aygün Bəylər, Azərin, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə və Elza Seyidcahanı bəyənirəm. Mehriban Zəki isə olduqca istedadlı aktrisa və qiraət ustasıdır; mənim “Yağış yudu, qurutdu” şeirimi möhtəşəm deyir.

– Onlar qalmaqal edəndə gözünüzdən düşmürlər ki?

– Adını çəkdiyim bu müğənnilərin qalmaqala ehtiyacları yoxdur. Əgər edirlərsə, bunu etməməlidirlər. Çünki onların qalmaqalla gündəmə gəlmələrinə lüzum yoxdur, onsuz da sənətləri ilə görünürlər.

– Şeirlərinizə bəstələnən mahnıları hansı müğənnilərin ifasında eşitmək istərdiniz?

– Oxuyanlar çoxdur.

– Mən oxumayanları nəzərdə tuturam.

– Aygün Kazımova ilk dəfə sənətə Cavanşir Quliyevin sözlərimə bəstələdiyi “Novruz” mahnısıyla gəlib. Bir söz deyim: şairinki şeiri yazana qədərdir. Ondan sonra hansı bəstəkar o misralara musiqi bəstələyir, hansı müğənni o mahnını oxuyur, öz çevimləridir.

– Hərdən “gör sözlərimə yazılan mahnını necə bərbad oxuyur” deyə, heç əsəbiləşirsiz?

– İstər mahnılarım olsun, istər şeirlərim, hərə özünəməxsus tərzdə təqdim edir. Məsələn, elə şeirim var ki, internetdə 2 mindən çox variantda söylənilib. Artıq bu, mənlik deyil. Bu yaxınlarda eşitdim ki, Ehtiram Hüseynov mənim “Gedək biz olmayan yerə” adlı şeirimə yazılan mahnını çox fərqli oxuyub. Teymur Əmrah, Eldəniz fərqli ifaları ilə seçilir. Tural adlı bəstəkar var, bir neçə sevgi şeirimə mahnı bəstələyib, çox xoşuma gəldi.

– Ramiz Rövşəni duyğulandırmaq asandır?

– Bir az ürəyi olan adamı istənilən vaxt duyğulandırmaq asandır. Biz hələ o qədər qurumamışıq ki, bizi duyğulandırmaq mümkün olmasın.

– Çox sevilən şairsiniz. Hərdən sizə elə gəlmirmi ki, bu boyda sevgidən adamın ürəyi partlaya bilər? Ümumiyyətlə, bu sevgidən xəbərdarsız?

– Xəbərim var və bu sevgini hiss edirəm. Bu sevgi yazdıqlarımın əks-sədasıdır. Demək ki, boşuna yazmamışıq.

– Hansı şeirinizi oxuyanda, ya da eşidəndə, ürəyinizdə deyirsiniz ki, əhsən sənə, Ramiz Rövşən…

– Elə şeirim yoxdur.

– Bu qədər təvazökar olmayın…

– Tam səmimi deyirəm. Əgər elə bir şeirim olsaydı, qələmi qırağa qoyardım, yazmazdım. Ürəyim istəyən elə bir şeir yoxdur ki, deyəm yüzdə-yüz bunu istəyirdim, bunu da yazdım.

– Şeir sifarişlə gəlmir…

– Şeir havayla gəlir.

– İlham pəriniz əvvəllər tez-tez gəlirdi, yoxsa indi?

– Yox, ilham pərim yenə gəlir, qayğılar imkan vermir ki, onu görüm. Elə qapının ağzında dayanıb baxır, görür ki, baş qarışıqdır, qayıdıb gedir. O bir az abırlı pəridir, üzə durmur.

– Seyran Səxavətdən ilham pərisi barədə soruşdum, zarafatla dedi ki, “mənim Pəri adlı arvad tanışım olmayıb”…

– Seyran yəqin çox konkret fikirləşib də.

– Pəriləriniz çox olub?

– Mən biləni 72 yaşda pərilərdən danışmağın mənası yoxdur.

– Rəhmətlik İlhamə Quliyeva demişkən, yaşın nə fərqi var ki?

– Allah rəhmət eləsin, yəqin İlhamə xanım üçün fərqi olmayıb.

– Sevgi mövzusunda ünvanlı şeirləriniz çox olub?

– Əlbəttə, söhbət bir qadından getmir, amma ünvanlı şeirlərim də olub, desəm yox, yalan olar. Bir ömür yaşamışıq. Ünvanlı şeirlərim də var, ünvansız da. Şeirlər ümumi halda hamıya ünvanlanıb. Çünki ünvanlı bir şeir də minlərlə oxucu tapırsa, onda artıq ünvanını itirir. Hər insan orda özünü tapır.

– Məsələn, “Qara paltarlı qadın” kimi, eləmi?

– Bəli, mahiyyət etibarı ilə “Qara paltarlı qadın”ı o qədər insanlar sevibsə, deməli, bu şeirin içində milyonlarla tale var.

– Heç hərdən deyirsizmi ki, “Gəl əl-ələ tutub gedək, gedək biz olmayan yerə?

– Elə ömrüm boyu demişəm. İndi də hər gün deyirəm. Amma zülüm ondadır ki hara getsək də, elə özümüzü aparırıq. Başqa yolumuz yoxdur.

– Vaqif Səmədoğlu deyirdi ki, “Allah məni yarı öldür, yarı saxla ağlamağa”. Bəs Ramiz Rövşən nə deyərdi?

– Yox, biz öləndə yəqin ki, bütöv öləcəyik. O şeir çox böyük bir tənhalığın tablosudur. Mənə elə gəlir ki, o şeiri yazdığı məqamda Vaqifin bəlkə də ümidi yox imiş ki ağlayanı olmayacaq. Amma yeri behiştlik olsun, Vaqifə ağlayanlar həddən artıq çox oldu. Bu şeir Vaqifin hissiyyatının şeiridir və çox kədərlidir. Amma Vaqif bütün ömrü və ölümü ilə göstərdi ki, şairi nə qədər sevə bilərlər və yoxluğuna nə qədər ağlaya bilərlər.

– Bəs sizin üçün ölüm qorxusu nədir?

– Mənim üçün ölüm qorxusu həyat qorxusuna bərabərdir. Məndə ölüm qorxusu yoxdur. Adam doğmaları və əzizləri üçün yaşamaq istəyir. Məsələn, mənim ən böyük arzumdur ki, nəvələrimin böyüməyini görüm. Bir də ürəyimdən gələndə, şeirlərimi yazım.

– “Mənə şeir yazdıran qadın” deyə, ürəyinizdə həyatınız boyu minnətdarlıq duyğusu hiss etdiyiniz bir qadın varmı?

– Mənim minnətdarlıq duyğum hər zaman ailəmə, xanımıma olub.

– Şair xanımı olmaq çətindir?

– Əlbəttə, hər halda mənə dözübsə, böyük şeydir.

– Ona heç şeir həsr etmisiniz?

– Ona həyatımı həsr etmişəm. Söhbət təkcə qadından yox, mənim ailəmdən gedir.

– Həyatda ən böyük şansınız şair olmağınızdır?

– Həyatda ən böyük şansım ailəmdir.

Cəvahir

COP29

www.yenicag.az

6681
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv