“Nə iqtisadiyyata töhfə verirlər, nə yeni iş yerləri açmayıblar, nə də əhalinin maddi rifahını yaxşılaşdırmayıblar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə həyata keçirilən kadr dəyişikliyi dalğasının rayon icra başçılarını da əhatə etməsinin vacibliyini önə çəkən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
Qabil Hüseynli bildirib ki, təkcə icra başçıları yox, bir sıra başqa mühüm vəzifələri tutan şəslərə də “əl gəzdirilməlidir”:
“29, 27 il rektor olan, icra başçısı işləyən fiqurlar var. Həmin şəxslər işlədikləri müəssisəyə, rayona nə fayda veriblər ki? İcra başçıları işlədikləri rayonlarda demək olar, heç bir iş görmürlər.
Onlar öz rayonlarında iqtisadiyyata töhfə verən addımlar atmayıblar, yeni müəssisələr açmayıblar, iş yerləri yaratmayıblar, əhalinin maddi rifahını yaxşılaşdırmayıblar.
Sözün həqiqi mənasında, icra baçılarının başları yalnız özlərinin qayğılarını həll etməyə qarışıb”.
Kadr dəyişikliyinin icra başçılarından tutmuş, rektorlara qədər müxtəlif vəzifələri əhatə etməsinin vacibliyini deyən Qabil Hüseynli qeyd edib ki, bu prosesdə orta məmur təbəqəsi də diqqətdən yayınmamalıdır:
“Baş verən dəyişiklik davamlı olmalıdır və kadr siyasətinə çevrilməlidir. İşlək, çevik kadrlar ordusu hazırlanmalıdır. İcra başçıları, ümumiyyətlə, məmurlar eyni postda uzun müddət qalmamalıdırlar. Bu yanaşma həm də orta məmur təbəqəsinə şamil edilməlidir”.
Səxavət Məmməd
www.yenicag.az