Rəcəb Babaşov Almaniyaya niyə gedib? – İcra başçısının gözə görünməməsinin SƏBƏBİ BİLİNDİ
Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov uzun müddətdən sonra üzə çıxıb.
Yenicag.az xəbər verir ki, DTX-nın icra başçıları ilə bağlı yenidən əməliyyata başlamasından sonra gözə görünməyən icra başçısı qəbullara başlayıb.
Maraqlıdır ki, Azərbaycanın zəfərinin 5 illiyi ilə bağlı mühüm dövlət tədbirlərində, o cümlədən şəhid ailələri ilə görüşlərdə Rəcəb Babaşovu görən olmayıb. Qazaxda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan!” başlıqlı bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev giriş sözü ilə çıxış edərək Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından iştirakçıları, şəhid ailələrini, qaziləri salamlayıb.
Rayondakı mənbələr icra başçısının həmin vaxt Almaniyada səfərdə olduğunu, yaxın çevrəsi isə müalicə üçün getdiyini bildiriblər. Belə ki, ildə bir neçə dəfə Almaniyaya səfərə gedən icra başçısının ötən ilki səfəri Ulu Öndərin vəfat ildönümününə təsadüf etmişdi. Bu il isə Zəfər bayramı ərəfəsində Qazax bu mühim dövlət tədbirini başçısız qeyd etdi.
Onun müalicəni bəhanə edərək, kölgədə qalmaq istədiyi də bildirilir. Belə ki, icra başçıları ilə bağlı prossesin onu da vura biləcəyindən ehtiyat etdiyi vurğulanır.
Qazax rayon icra hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, telefonlara cavab verən olmadı. Ancaq biz yenə Rəcəb Babaşovun mövqeyini yayınlamağa hazırıq.
Camal Cavanşir












