İranın İsrailə raket zərbələri endirdikdən sonra Təl-Əvivin sərt cavab verəcəyini bəyan edir. İran isə nəinki İsraili, ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını hədəf alacağını bildirir.
Müharibənin genişlənmə və Cənubi Qafqaza keçmə ehtimalını Yenicag.az-a hərbi ekspert Tərlan Eyvazov dəyərləndirib.
Tərlan Eyvazovun sözlərinə görə, müharibənin uzanması Cənubi Qafqazı iflic edə bilər.
“İran zərbələrin 80 faiznin hədəfə dəydiyini, İsrail isə 80 faiznin vurulduğunu deyir, deməli, ən azı 50 faiz hədəfə dəyib. Nəzərə almaq lazımdır ki, tək İsrail deyil, ABŞ, həm də İordaniya hava hücumundan müdafiə sistemləri bu zərbələri qaşılamağa çalışıb. “Azərbaycan Ordusu İranı məğlub edə bilər” deyən məşhur “hərbi ekspertimiz” bir az eyforiyadan ayılıb, bu olaya diqqət eləsə, yaxşı olar”, – deyə o bildirib.
Ekspert qeyd edib ki, İran hədəfdə olduğunu yaxşı bilirdi.
“Ona görə də hərbi sənayesini inkişaf etdirirdi. Bundan əlavə, İranın proksi qüvvələri də İsrail və ABŞ-ni çətin vəziyyətə salıb. Raket zərbələrindən əvvəl İsraildə partlayışlar, atışmalar baş vermişdi. 8 nəfər də həlak olmuşdu. İsrail və ABŞ bunu da nəzərə almamış deyil.
O ki qaldı müharibə şiddətlənərsə, İran, Türkiyə zəifləyərsə, nəinki böyük dövlətlər üçün, hətta ölkəmiz üçün də ciddi problemlər yarana bilər. ABŞ-nin Ermənistana yerləşməsi elə-belə deyil. Dünyada, eləcə də regionumuzuda çox təhlükəli oyunlar gedir. Müharibənin şiddətlənməsi heç şübhəsiz ki, Azərbaycana da təsir edəcək. Düzdür, neft yataqlarını vurulmasını düşünmürəm, ancaq İrandan gələcək təkcə qaçqın axını kifayət edər”, – deyə o vurğulayıb.
Səxavət Məmməd
www.yenicag.az