Ölkə iqtisadiyyatında paytaxt Bakı ilə regionların pay nisbəti ətrafında mübahisə aramsız olaraq davam edir.
Yenicag.az xəbər verir ki, Milli Məclisdə artıq yekunlaşan 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı diqqət mərkəzində saxlanılan əsas məqamlardan biri ölkə iqtisadiyyatının hələ də şaxələndirilməməsi olub.
Parlament müzakirələrində bəzi millət vəkillərinin Azərbaycan iqtisadiyyatının 96-97 faizinin Bakı və Abşeron yarımadasında cəmləşdiyini bəyan etməsi isə Milli Məclisdən kənarda da geniş diskussiyalara yol açıb.
Bu barədə Yenicag.az-a danışan iqtisadçı Rəşad Həsənov millət vəkillərinin “97 faiz” iddiasını dəstəkləyərək, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının səmərəli icra edilmədiyini bildirmişdi:
“Doğrudur, regionlarda infrastrukturun inkişafı məqsədi ilə kifayət qədər böyük vəsaitlər sərf olunub. Ancaq xərclənən bu vəsaitlər yalnız regionlardakı infrastrukturun təkmilləşdirilməsinə xidmət edib və birbaşa iqtisadiyyata ciddi təsir göstərməyib.
Bunun da başlıca səbəblərindən biri regionlarda liberal biznes mühitinin formalaşdırılmamasıdır. Başqa sözlə, yerli icra hakimiyyəti orqanları bu çərçivədə öz vəzifələrini, öhdəliklərini doğru-düzgün yerinə yetirə bilmədilər.
Bütövlükdə götürəndə, bu günə qədər həyata keçirilmiş dövlət proqramlarının infrastrukturdan kənar digər öhdəliklərinin yerinə yetirilmə səviyyəsi kifayət qədər aşağı qiymətləndirilə bilər. Burada bayaq da vurğulandığı kimi, yerli idarəetmə orqanlarının və icra strukturlarının nöqsanları böyükdür”.
Bununla belə, mütəxəssislərin heç də hamısı ölkə iqtisadiyyatının mütləq mənada Bakı və Abşeron yarımadasında cəmləşməsi, regionların sosial-iqtisadi inkişafı istiqamətində təsirli addımların atılmamasına dair iddialarla razılaşmırlar.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev son illərdə regionlarda infrastrukturun təkmilləşdirilməsi və bölgələrin iqtisadi potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən proqramların uğurla yerinə yetirildiyini bildirib:
“Sözümün əvvəlində qəti surətdə bildirirəm ki, Azərbaycan iqtisadiyyatının 90 faizdən artıq hissəsinin Bakı və Abşeron yarımadasında yerləşməsi, o cümlədən regionların iqtisadi inkişafına diqqət yetirilməməsi haqda fikirlər tam əsassızdır. Belə iddiaları ortaya atan şəxslər bilsinlər ki, hazırda Bakı və Abşeron yarımadasının ümumi iqtisadiyyatda payı 70 faizdən çox deyil.
Regionların sosial-iqtisadi inkişafı üzrə proqramların həyata keçirilməsi bölgələrdəki mövcud potensialın iqtisadi dövriyyəyə cəlb olunması məqsədi daşıyıb və uğurla da reallaşdırılıb. Əgər 2000-ci illərin əvvəlləri ilə müqayisə aparsaq, aydın görərik ki, bu istiqamətdə misilsiz uğurlara imza atılıb.
O ki qaldı iqtisadiyyatın Bakı və Abşeron yarımadasında yerləşməsi ilə bağlı fikirlərə, bu, çox təbii bir durumdur. Çünki Bakı meqapolisdir, neft, maşınqayırma, kimya, ağır-yüngül sənaye müəssisələrinin böyük əksəriyyəti elə əvvəldən Abşeron yarımadasında yaradılıb.
Ancaq bildiyiniz kimi, Bakıdan kənarda da yeni istehsal müəssisələri tikilib istifayə verilməkdədir. Qaradağ rayonunda, ölkənin digər regionlarında sənayə zonaları, aqroparklar qurulur. Elə bir neçə gün əvvəl cənab Prezident yeni yaradılan növbəti sənaye parkının açılışında iştirak etdi. İstifadəyə verilən sənaye parklarında isə azı 4-5 emaledici müəssisə fəaliyyət göstərir.
Həmin müəssisələr ölkənin yüngül və qida sənayesi məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayırlar. Bunu görməmək mümkün deyil. Məhz o proqramların həyata keçirilməsi nəticəsində son illərdə ölkədə 1 milyon 600 min iş yeri açılıb və onun da əksər hissəsi regionların payına düşür.
Bayaq da dedim, bu çərçivədə rayonların mövcud potensialı iqtisadi dövriyyəyə cəlb olunur. Yəni burada struktur layihələri, yol, işıq, təbii qaz təchizatı istiqamətində görülən işlər də nəzərə alınmalıdır. Artıq 100 faiz təbii qazla təmin edilmiş rayonlarımızın sayı sürətlə artmaqdadır. Bir daha vurğulayıram ki, regionların 15 il əvvəl və indiki vəziyyətlərini müqayisə etdikdə, nə qədər böyük yol keçildiyini aydın görərik. Bu, əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi düşünülmüş uğurlu siyasətin nəticəsidir.
Bölgələrə gedirik, rayon mərkəzlərinin necə abadlaşdırıldığına şahid oluruq. Əminliklə deyə bilərik ki, Azərbaycanın rayon mərkəzləri öz infrastrukturu və arxitektur görkəmi ilə Avropa ölkələrinin əyalət şəhərlərindən qətiyyən geri qalmırlar. Bunu necə inkar etmək olar?”
A.Zeynalov
www.yenicag.az