“Psixoterapiya prosesində elmi cəhətdən təsdiq olunmuş terapiya növlərindən istifadə edilir”.
Bu fikirləri “rəqəmlərin gücü”nə inam hallarının son dövrlərdə geniş yayılmasına münasibət bildirən psixoloq Ayşən Bayramova Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, rəqəmlərdən istifadə ilə insanlara vədlər verərək, onları öz seanslarına cəlb edən “psixoloq”lar bu sahəyə və gerçək mütəxəssislərə etimadı zədələyirlər:
“Rəqəmlərə və hərflərə məna verməklə, insanların taleyini, xarakterini hesablamaq prosesinə əsaslanan numerologiya elmi cəhətdən təsdiq olunmadığı üçün onun effektivliyini təsdiqləyən, yaxud inkar edən real tədqiqatlar praktiki olaraq aparılmır.
Rəqəmlər fövqəltəbii qüvvələrin məhsulu deyil və insanların rahatlıq üçün icad etdiyi bir abstraksiyadır. Psixoterapiya prosesində elmi cəhətdən təsdiq olunmuş terapiya növlərindən istifadə edilir. Numeroloqların dediyinin isə elmlə heç bir əlaqəsi yoxdur.
Uşaqlıqdan görmədiyimiz, toxuna bilmədiyimiz şeylərə inanmağı öyrədirlər, onlar isə bizə bu və ya digər şəkildə təsir edə bilirlər. Yaşadığı hadisələrə adekvat yanaşa bilməyən, problemlərinin öhdəsindən gələ bilməyən insan vəziyyətdən çıxış üçün cavablar və yollar axtarmağa başlayır.
Bu cəhdlər “sehrli çubuq” axtarışına çevrildikdə isə insanlar marketinq vədləri və məsuliyyətdən qaçmaq istəyinin girdabına düşürlər. Psixologiya elmi cəhətdən təsdiq olunmuş tədqiqatlara və bazaya malikdir, psixoterapiyanın etik normalarını gözləyir, pasiyenti narahat edən məsələ və problemlərə daha konkret yanaşaraq şəxsiyyət kimi hərtərəfli inkişafa yardım göstərir.
Təəssüf ki, bəzi “psixoloq”lar düşüncələrlə həyata təsir etmək, pul, qadın, kişi, güc cəlb etmək, kartlardan istifadə, bürclər, Günəş, Ay və digər enerjilərə müraciət kimi psixologiya elminə xas olmayan üsullara əl atırlar. Bununla belə, ölkəmizdə psixologiya üzrə ali təhsil alan, işini peşə etikası və elmi cəhətdən təsdiq olunmuş terapiyalar vasitəsilə aparan psixoloqlar da kifayət qədərdir”.
Nuray Məmmədzadə
www.yenicag.az