“Bu gün Rusiya ilə Azərbaycan arasında hazırda ikitərəfli münasibətlər inkişaf etməkdədir, eləcə də müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə münasibətləri keyfiyyətcə yeni müstəviyə qaldırıb”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O, ötən gün Azərbaycanın Rusiyaya göndərdiyi etiraz notası ilə bağlı məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, Azərbaycan dünya azərbaycanlılarının vətənidir və dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar ölkəmizə arxalanır və Azərbaycanın qələbəsi ilə fəxr edirlər:
“Azərbaycan da milli maraqları çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qoruyur. Bu xüsusda azərbaycanlıların Ukrayna cəbhəsinə qeyri-qanuni göndərilməsi yolverilməzdir. Eyni zamanda, bu proses həm də qanunvericilik çərçivəsində həyata keçirilməlidir. Əgər belə bir nota verilibsə, buna dair əsaslı şübhələr mövcuddur. Çünki Azərbaycan öz xarici siyasətində kifayət qədər təmkinli və balanslı davranır. Əgər bu prosesdə maraqlarımıza xələl gətirən, vətəndaşlarımızın hüquqlarını pozan yanaşma müşahidə olunubsa, Azərbaycan buna susmayacaq”.
“Baxmayaraq ki, hazırkı reallıqlarda – Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan ərazi bütövlüyü və suverenliyini təmin etsə də, tez-tez Rusiyadan ölkəmizə qonaqlar gəlib təmaslar güclənsə də, siyasi-iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahəsində iş birliyi yeni bir fazaya qədəm qoysa da, istənilən halda, Azərbaycan vətəndaşlarının hüquqlarına ziyan vuran hər bir addımdan qarşı tərəfi çəkinməyə xahiş edir və bu barədə tövsiyələrlə çıxış edir.
Hesab edirəm ki, rəsmi Bakının bu yanaşması kifayət qədər doğrudur və Azərbaycan bir daha göstərir ki, bizim üçün vətəndaşlarımızın rifahı, hüquqlarının qorunması və təhlükəsizliyinin təmin olunmasıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, Azərbaycan ötən gün Rusiyaya etiraz notası verib.
APA-nın məlumatına görə, Azərbaycan Çeçenistanda saxlanılan və Ukrayna ilə müharibə zonasına zorla göndərildiyi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib. Bildirilir ki, Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərilib.
Rafi Müslümov
www.yenicag.az