Restoranlarda əl yandıran MENYULAR: “Bu sahəyə biliksizlər sızır”

media-hightechnic-468x90

“İctimai iaşə obyektlərində qeyri-peşəkar işçilərin sayı günü-gündən artır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, “Azərbaycan Ekoturizm Assosiasiyası”nın İcraçı direktoru Samir Dübəndi bildirib.

media-samir_dubendi

Ekspert son vaxtlar restoran və müxtəlif iaşə obyektlərində xidmət qiymətlərinin süni şəkildə artmasına münasibət bildirib.

Onun sözlərinə görə, son dövrlərdə, xüsusən Ramazan bayramından sonra restoran xidmətlərinin qiymətində müəyyən artım müşahidə olunub:

“Biz də bunu görürük. Fikrimizcə, ilk səbəb qida məhsullarının maya dəyərinin artmasıdır. Bu, hazır yeməklərin maya dəyərinə təsir göstərir. Nəticədə, sahibkarlar bu fərqi qiymətə əlavə edirlər. İkinci səbəb isə bizi narahat edən qlobal problemlərlə bağlıdır. Ümumiyyətlə, ictimai iaşə müəssisələrinin fəaliyyətində müəyyən qarışıqlıq müşahidə olunur. Bu sahəyə nəzarət bir neçə qurum tərəfindən həyata keçirilir: Fövqəladə Hallar Nazirliyi yanğından mühafizə qaydalarına, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi öz səlahiyyət dairəsində olan məsələlərə, Səhiyyə Nazirliyi isə sanitar-gigiyenik normalara nəzarət edir”.

S. Dübəndi bu sahədə xidmət keyfiyyətinin yüksəldilməsi üçün nəzarət və tənzimləmələrin vacibliyinə də diqqət çəkib:

“Bu xidmətlərin keyfiyyətini artırmaq və ya sabit saxlamaq üçün hansısa konkret reqlament, normativ sənəd və ya dövlət nəzarət mexanizmi yoxdur. Əfsuslar olsun ki, bu məsələlərə yalnız “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası” olaraq diqqət yetiririk. Əgər xidmət qaydalarında pozuntu aşkar etsək, sahibkarlara tövsiyələr veririk”.

Ekspert restoran şəbəkələrində müştəri məmnuniyyətini təmin etməyin yollarına da toxunub:

“Sanitariya-gigiyena qaydaları, xidmət və təhlükəsizlik prinsipləri birgə və kompleks şəkildə yerinə yetirilməlidir. Belə olan halda əminliklə deyə bilərik ki, sahibkar bu sahəyə ciddi yanaşır, işin mahiyyətini bilir və qiymət siyasətinə də diqqət yetirir. Amma reallıqda necədir? Bir az geriyə qayıdıb belə bir fikir səsləndirmək istəyirəm. Restoran biznesi, ümumilikdə ictimai iaşə sahəsi – istər “fast-food”, istər kiçik kafe və ya “coffee shop” olsun – digər bizneslərə nisbətən daha az investisiya tələb edir. Çox vaxt icarəyə götürülür, içində avadanlıq, mebel hazır olur. Sahibkar isə yalnız dövriyyə üçün xammal alır və işə başlayır. Belə şəraitdə isə bu sahəyə həm bilikli, həm də biliksiz insanlar daxil olur. Yəni investisiya özü bir növ süzgəc rolunu oynayır. Daha çox vəsait tələb olunan sahələrdə biznesə ciddi yanaşılır, bu da tənzimləməni asanlaşdırır”.

Mütəxəssis bildirib ki, bu vəziyyət bəzən sui-istifadə hallarına, fürsətçiliyə gətirib çıxarır:

“Məsələn, şəhər mərkəzində fəaliyyət göstərən, əsasən, turistlərə xidmət göstərən restoranlarda qiymətlər süni şəkildə qaldırılır. Hətta elə hallar olur ki, iki fərqli menyu tərtib olunur – biri yerli müştərilər, digəri isə xaricilər üçün. Bu yolverilməzdir. Menyular və personal düzgün seçilməlidir. Peşəkar və bilikli şəxslər işə götürülməli, onların bilik və bacarıqları davamlı şəkildə artırılmalıdır. Təlim və təşviqat işləri mütəmadi aparılmalıdır. Təəssüf ki, biliksiz insanların bu sahəyə axını ilə bağlı rəhbər şəxslər lazımi qaydaları bilmədikdə, ofisiant özü-özünə bu qaydaları mənimsəyə bilmir. Bu, mümkün deyil, ona kimsə öyrətməlidir. Bəs harada öyrənsin? Bu, böyük sualdır. Onların peşə təhsili almaq imkanları var – peşə məktəblərində, həmçinin ali təhsil müəssisələrində. Məsələn, Azərbaycan Turizm və Menecment Universitetini qeyd edə bilərik. Digər universitetlərdə də bu sahə üzrə fakültələr mövcuddur. Amma burada daha vacib olan ali təhsildən çox, peşə təhsilli işçilərə tələbatın olmasıdır. Ofisiantlar, barmenlər, baristalar, aşpazlar, qənnadıçılar və s. kimi peşə sahibləri daha çox tələb olunur”.

Həmsöhbətimiz hesab edir ki, bu məsələlərə diqqət yetirilsə, qiymət siyasətini də daha doğru tənzimləmək mümkün olacaq:

“Biz tez-tez eşidirik ki, dövlət qurumları bildirir: “Biz biznesin fəaliyyətinə, qiymət siyasətinə qarışa bilmərik.” Biz də bunun tərəfdarıyıq. Amma bu, o demək deyil ki, sahə başlı-başına buraxılmalıdır. Digər məsələlərin düzgün tənzimlənməsi nəticə etibarilə qiymət siyasətinə də təsir göstərəcək. Ümid edirəm ki, bu sahə ildən-ilə inkişaf edəcək. Qeyd edim ki, ictimai iaşə müəssisələrinin illik dövriyyəsi artıq 2 milyard manatı keçib. Müqayisə üçün otellərin dövriyyəsi bu rəqəmin yarısından da azdır. Bu da göstərir ki, ictimai iaşə bazarı genişlənir və bu bazarın daha ciddi şəkildə tənzimlənməsi zəruridir. Biz də öz növbəmizdə bu tənzimləmə mexanizmlərinin formalaşdırılmasına dair dövlət qurumları və tənzimləyici orqanlarla əməkdaşlığa hazırıq”.

Müsahibimiz yekunda əlavə edib ki, bu sahə üzrə peşə və kvalifikasiya standartları dövlət tərəfindən artıq təsdiqlənib:

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir sıra ixtisaslar üzrə peşə və kvalifikasiya standartları qəbul olunub və reyestrdə qeydiyyata alınıb. Lakin bu standartların real tətbiqi və işləkliyi sual altındadır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600