Resurslar tükənir: Müharibənin sonu yaxınlaşır? – Politoloqdan PROQNOZ
“İran uzun müddət müharibə apara bilməyəcək. Ehtiyatlar həm İran, həm ABŞ, həm də İsraildə tükənir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

Politoloq müharibənin uzun müddət davam etmə ehtimalını şərh edərək bunun mümkünsüz olduğunu vurğulayıb:
“İran tərəfi 6 ay müharibə aparmaq imkanlarının olduğunu bildirir, amma artıq ikinci həftədir ki, çox ağır bir durum hökm sürür. Əslində, bu, təkcə İranda deyil, İsrail tərəfinin, həm İranın, həm də ərəb ölkələrinin vəziyyəti ağırdır. İranda hazırda hakimiyyət idarəetmə sistemi sıradan çıxıb. Müctəba Xamneyini rəhbər kimi orada otuzdursalar da, reallıq budur ki, sistem çöküb. Bir tərəfdən prezidentin dediyi sözlər, digər tərəfdən SEPAH-ın hökumətə müdaxiləsi və Xamneyinin oğlunun ali dini rəhbər seçilməsi sistemi bir-birinə qarışdırıb. Hər nə qədər etiraf etmək istəməsələr də, İranda böyük hökumət böhranı var. Düşünürəm ki, İran üçün 6 ay belə döyüşmək çətin olacaq. Məsələ orasındadır ki, İsrail və ABŞ-da da vəziyyət İrandan fərqli deyil. Baş verən müharibə fonunda münaqişənin uzanması çox çətin məsələdir.”
Politoloq İranın raket ehtiyatının nə qədər olması barədə özlərindən başqa heç kimin məlumatı olmadığını bildirib:
“İranın raket ehtiyatının tükəndiyini Amerikanın iddia etməsinə qalanda isə, biz bilmirik İran nə qədər raket istehsal edib. Bəlkə də Trampın dediyi kimi ayda 300 deyil, daha çox istehsal edir, amma hər vəziyyətdə müharibə uzanarsa, bu, İranın ordu potensialını zəiflədəcək. Açığı, inandırıcı görünmür ki, İran uzun müddət hava hücumunu düşmənə qarşı təşkil edə bilsin. Baş verənlərin hamısının kökündə əldə olan texnologiyaların zəif olması durur ki, İranın yaralı yeri də budur. Ona görə də düşünürəm ki, bunu dilə gətirməklə reallıq fərqli görünə bilər.”
Nurlan Cəfəri













