“Bu obrazıma görə sosial şəbəkələrdə məni tənqid atəşinə tutdular”.
Bunu Yenicag.az-a açıqlamasında aktrisa Röya Rüstəmova final edən “Ata ocağı” serialındakı obrazından danışarkən deyib. O, canlandırdığı Aygün obrazının izləyicilər tərəfindən birmənalı qarşılanmadığını bildirib:
“”Ata ocağı”nda Aygün obrazını canlandırdım. Serialda Xəyyamla bir sevgi hekayəsi yaşandı və bu, tamaşaçılar tərəfindən maraqla qarşılandı. Bu obraz mənə uğur gətirdi. Amma tənqidlərdən də yan keçmədim. Bizim mentalitetimizdə belədir ki, nədənsə günahı oğlandan çox qızda görürlər. Belə bir düşüncə var ki, oğlan səhv edə, yanlış addım ata bilər, amma qız yox.
Serialda da tərəf müqabilim nə edirdisə, ona normal baxırdılar. Deyirdilər, kişidir, ona olar. Amma canlandırdığım Aygün nə edirdisə, onu qınayırdılar. Orada bir məqam var, Aygün deyir ki, özümüz ayrıca evdə yaşayaq. Bu qərarı qəbul edəndə hamı başladı onun üstünə getməyə… Yazdılar ki, bu qızın dili indidən çıxıb, qayınana, qayınatanın başında turp əkəcək və s.”.
Cəvahir
www.yenicag.az