Rusiya Azərbaycan qazına əngəl ola biləcəkmi?
Zəfər Vəliyev: “Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ikinci və yaxud üçüncü dövlətin enerji siyasətinə qarşı deyil”
Putinin Türkiyə səfəri və iki ölkə arasında Rusiya qazının Türkiyə ərazisindən nəqli barədə anlaşmanın əldə olunması bəzi ekspertlərə görə, Azərbaycan qazının Türkiyəyə və oradan Cənubi Avropaya daşınmasına əngəl olacaq. Görəsən, bu nə qədər doğrudur?
Yenicag.az saytına açıqlamasında ekspert Zəfər Vəliyev ölkəmizi belə bir təhlükənin gözləmədiyini söylədi: “Türkiyənin qaza olan illik tələbatı 42 milyard kubmetrdir. Bunun da 26 milyard kubmetrini Rusiyadan idxal edib. İrandan isə 10 milyard kubmetr qaz alır. Bakı-Tiflis-Ərzurum qaz kəməri də Türkiyəyə qaz verir. Məhdud miqdarda sıxılçış qazı da Əlcəzairdən alır. Qeyd edim ki, Rusiyanın Türkiyə üzərindən keçirəcəyi kəmər 63 milyard kubmetrlik qaz üçün nəzərdə tutulub. Onun da 14 milyard kubmetri Türkiyəyə veriləcək. Digər hissə isə Mərkəzi və Cənubi Avropa ölkələrinin tələbatına hesablanıb. Avropa Rusiya qazının Ukrayna üzərindən tranzit olaraq ötürülməsində maraqlıdır. Bu kəmərin illik ötürücülük gücü 200 milyard kubmetrdən yuxarıdır. Ukrayna üzərindən qaz alqı-satqısı müqaviləsi 2020-ci ildə başa çatır. Avropanı narahat edən də budur. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ikinci və yaxud üçüncü dövlətin enerji siyasətinə, kəmər diplomatiyasına qarşı deyil. Bu birmənalıdır. Azərbaycan böyük qaz bazarları uğrunda mübarizə aparmaq iqtidarında da deyil. Azərbaycanın qaz ehtiyatı ilə Rusiya, İran və Türkmənistanın qaz ehtiyatları arasında böyük fərqlər var. Sadəcə olaraq Azərbaycan Gürcüstan, Türkiyə, “Despa”nın özəlləşdirilməsi məsələsi öz təsdiqini tapandan sonra, Yunanıstanla Bolqarıstanın, Albaniyanın, İtaliyanın da qaz bazarlarında iştirak edə biləcəyik. TAP layihəsi 2019-cu ildən sonra həyata keçirilərsə, Adriatik-İloniya boru kəmərinin də şəkilişi gündəmə gələcək. TAP, TANAP layihələrinin 2019-cu ildə gerçəkləşməsi Avropanın Avropanın enerji xəritəsində ciddi dəyişikliklər edəcək. Ona görə də burada narahatçılığa bir əsas yoxdur. Azərbaycanın bəlli bazarları var və həmin bazarlarda da ölkəmiz öz mövqeyini qoruyub saxlayacaq”.
Rüfət/Yenicag.az