Rusiyanın RİA “Novosti” agentliyinin verdiyi məlumata görə, ABŞ müdafiə nazirinin nüvə və raketdən müdafiə siyasəti məsələləri üzrə müavini Robert Sufer Vaşinqtonun hərbi-dəniz bazalarında nüvə başlıqlı yeni qanadlı raketləri yerləşdirməkdən imtina etməsi üçün Rusiyanın bir sıra tələbləri yerinə yetirməli olduğu barədə bəyanatla çıxış edib.
Onun fikrincə, bunun üçün Moskva orta və aşağı mənzilli raketlərlə bağlı müqaviləyə yenidən əməl etməyə başlamalı, taktiki nüvə silahlarının azaldılması istiqamətində danışıqları bərpa etməlidir. Üçüncü bir tərəfdən isə Kreml dünya arenasında yürütdüyü aqressiv geosiyasi fəaliyyətinə son qoymalıdır.
ABŞ rəsmisinin həmin fikrini Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, Rusiya SSRİ-nin aqibətini yaşamaq istəmirsə, ABŞ-ın sözügedən təkliflərinə dəstək verməlidir:
“ABŞ nüvə tərkisilahında maraqlıdır. Ona görə də ABŞ Müdafiə Nazirliyi rəsmisinin səsləndirdiyi həmin fikirlərdə söhbət nüvə silahının müxtəlif komponentlərinin istehsalının dayandırılması və getdikcə azaldılmasından gedir. Orta mənzilli nüvə raketlərinin tamamilə nüvə arsenalından çıxarılması ilə bağlı hələ sovet dönəmində Moskva ilə Vaşinqton arasında müqavilə imzalanmışdı. Amma Putinin dövründə Rusiya birtərəfli qaydada bu razılığı pozmağa başlayaraq, yenidən orta mənzilli raket istehsalına start verdi.
Buna cavab olaraq, ABŞ nüvə silahının təkmilləşməsinə, yeni tipli nüvə raketlərinin istehsalına 50 milyard dollara qədər vəsait ayırıb. Belədə yenidən sürətlə silahlanmaya təkan verilib. Bu isə xüsusən Rusiya üçün üzücü bir vəziyyət yarada bilər. Artıq bəzi Rusiya siyasiləri də hesab edir ki, sürətlə silahlanma yarışına qoşulmaq Rusiyaya SSRİ-nin aqibətini yaşadacaq. ABŞ Rusiyadan orta mənzilli nüvə raketlərinin azaldılması ilə bağlı müqaviləyə qayıtmağı tələb edir. Çünki imzalanan beynəlxalq müqaviləni pozmaq olmaz. Taktiki nüvə başlıqları barədə danışıqlar aparmaq təklifi də təhlükəli deyil. Vaxtilə Qorbaçov dövründə açıq şəkildə bildirirdilər ki, ABŞ-la o zamankı SSRİ-nin nüvə ehtiyatları dünyanı 30 dəfə məhv etməyə kifayət edir. Yəni lazım olduğundan azı 30 dəfə çox taktiki ballistik raketlər hazırlanıb. Lakin təəssüf ki, Putin hakimiyyətə gələndən sonra bu istiqamətdə də danışıqları boykot etdi. Üstəlik, Moskva yenidən çoxqütblü dünya barədə danışmağa başlayır.
Beləliklə, yenidən dünya təhlükəli dövrə qədəm qoymaqdadır. ABŞ onsuz da sürətlə silahlanma yarışında SSRİ-ni çökdürdü. Bu mənada Rusiyanı da çökdürmək, yaxud onu ağır maliyyə durumuna salmaq elə də çətin məsələ deyil. ABŞ da çalışır ki, bu istiqamətdə Rusiyanı konstruktiv mövqeyə gəlməyə vadar edə bilsin. Rusiyanın həmçinin, başqa ölkələrin ərazilərini ilhaq etmək kimi aqressiv siyasətdən əl çəkməsi də yeni dünya düzəni və daha ədalətli münasibətlərin yaranmasının başlanğıcı ola bilər. Baxaq görək, Rusiya buna nə cavab verir. Amma hər halda, gec-tez Rusiya bu şərtlərlə razılaşmalı olacaq. Çünki sanksiyalar və sürətlə silahlanma yarışı Rusiya üçün elə bir ağır durum yaradacaq ki, belə vəziyyətə rus xalqının özü də etiraz edəcək”.
ELÇİN
www.yenicag.az