137 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 5 337 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 643 ədəd, səhra artilleriyası və minaatanlar – 814 ədəd, YARS (yaylım atəşli reaktiv sistemi) – 250 ədəd, HHM sistemi – 108 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 170 ədəd, PUA – 660 ədəd, gəmi-kater – 15 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3 887 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 949 ədəd, səhra artilleriyası və minaatanlar – 814 ədəd, YARS – 561 ədəd, HHM sistemi – 370 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 416 ədəd.
Ukrayna-Rusiya müharibəsinin yüz otuz yeddinci gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, gün ərzində, əsasən, tərəflərin mövqe döyüşləri və raket-artilleriya dueli davam edib:
“Gün ərzində hər iki tərəf də hücum və əks-hücumlarını davam etdirdi. Ancaq tərəflərdən heç biri qarşıya qoyulan tapşırığı tam şəkildə yerinə yetirə bilmədi.
Hücum edən və müdafiə olunan tərəf canlı itki verməmək üçün kontaktsız müharibəyə üstünlük verirlər. Ukrayna tərəfi ruslara məxsus silah anbarlarını hədəfə aldı, ruslar isə Ukraynaya məxsus silah anbarları ilə yanaşı, yaşayış məntəqələrini vurmaqdan çəkinmədi. Ruslar şəhərləri dağıdıb orada müqavimət göstərəcək gücləri sıfırlayandan sonra piyadaları hərəkətə keçirməkdə qərarlı görünür. Əslində, son zamanlar bu taktika effekt verir.
Yeri gəlmişkən, dünən Baxmut bölgəsində iki beşmərtəbəli bina Rusiyanın raket zərbəsi nəticəsində dağıdılıb. Ölənlərin sayı isə 19-a yüksəlib.
Ukrayna Prezidenti Zelenski Rusiyanın raket zərbələrinin cavabsız qalmayacağını bildirib. O bildirib ki, raketi atanları və əmr verənlərin hər birini harada olmasından aslı olmayaraq, tapacaqlar və cəzalandıracaqlar. Bu müharibə düşündüyümüzdən də uzun çəkəcək. Zelenski də çıxışında bildirdi ki, nasist qatillər 100 yaşlarında belə tapılırdı və cəzalandırılırdı.
Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğal etdiyi ərazilərdə əks-hücum planlaşdırarkən böyük müharibəyə başlayacaqları barədə xalqa xəbərdarlıq edib. Ukrayna cənubi Xerson və Zaporojyeni geri almaq üçün əks-hücum etməyə hazırlaşdıqları üçün sakinlərə bölgəni tərk etməklə bağlı xəbərdarlıq edib. Görünən odur ki, cəbhənin bu istiqaməti çox gərgin olacaq. Ukrayna tərəfi xüsusilə Xerson istiqamətindəki uğurlu əməliyyatlarını davam etdirmək istəyir. Xerson istiqamətindəki döyüşlərin nəticəsi ümumi müharibənin seyrinə də ciddi təsir göstərə bilər.
Savaş meydanında baş verənlərlə yanaşı, siyasətdə də maraqlı hadisələr baş verir. Rusiya tərəfi Almaniyaya verilən qazın dayandırıldığını açıqlayıb. Açıqlamada deyilir: “Qaz kəməri sisteminin hər iki xətti 11-21 iyul 2022-ci il tarixlərində cari təmir işləri üçün müvəqqəti bağlanacaq”.
Ancaq Qərb ölkələri bunun müvəqqəti olmadığı qənaətindədirlər. Kanada Almaniyaya dəstək olacağını açıqlayıb və Almaniyaya lazım olacaq bütün dəstəyi verəcəyini rəsmi şəkildə bildirib. Rusiya hər nə qədər sanksiyalara məruz qalsa da, hələ də enerji daşıyıcıları ilə Avropa ölkələrinə təsir etmək gücünü özündə saxlayır. Avropa ölkələrini düşündürən isə qışdır. Onlar bir yandan Ukraynaya dəstək verməyi düşünməklə yanaşı, digər yandan da qış üçün qaz tədarükü görmək məcburiyyətindədirlər.
Rusiyalı siyasətçilər isə eyfariyadadırlar. Onlar Putinə yeni ünvan düşünürlər. Prezident sözünün qərbdən gəldiyi əsas gətirən Putinə rus dilində bir ünvan vermək niyyətində olduqlarını açıqlayıblar. Liberal Demokrat Partiyası Putinin statusuna və roluna daha uyğun olduğu üçün rusca “Pravitel” (hökmdar) titulundan istifadə etməyi təklif edib. Rusiyalı siyasətçilərdən bundan artıq nə gözləmək olardı?
Müharibə nə qədər sürünən şəkildə davam etsə də, istər hərbi, istər mülki itkilərin sayı hər keçən gün artır. Ukrayna əks-hücuma hazırlaşır, Rusiya isə hücumunu davam etdirir. Tərəflərdən hansının yaxşı hazırlaşdığını yaxın günlərdə görəcəyik…”.
Səxavət Məmməd
www.yenicag.az