Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hərbi təcavüzün geridə qalan 143 günü ərzində Rusiya və Ukrayna tərəfinin savaş itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 5 353 ədəd, xüsusi hərbi avtomobil texnikası – 2 661 ədəd, səhra artilleriyası və minaatanlar – 824 ədəd, YARS (reaktiv yaylım atəşi sistemi) – 252 ədəd, HHM sistemi – 109 ədəd, təyyarələr – 217 ədəd, helikopterlər – 187 ədəd, qanadlı raket – 170 ədəd, PUA – 660 ədəd, gəmi-kater – 15 ədəd.
Ukrayna ordusunun təxmini itkiləri:
Tank, PDM və ZTR-lər – 3 907 ədəd, xüsusi hərbi avtomobil texnikası – 3 968 ədəd, səhra artilleriyası və minaatanlar – 824 ədəd, YARS – 561 ədəd, HHM sistemi – 370 ədəd, təyyarələr – 224 ədəd, helikopterlər – 134 ədəd, PUA – 1 416 ədəd.
Rusiya-Ukrayna müharibəsinin 143-cü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.
Elxan Şıxəliyev bildirib ki, nə müdafiə olunan tərəf, nə də hücum edən tərəf gün ərzində qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilib:
“Gün ərzində Rusiya və Ukrayna orduları uğur qazanmağa cəhd etdi. Ancaq müharibə əvvəlki kimi davam edir. Tərəflər bir-birini raket, artilleriya və minaatanlar vasitəsi ilə zəiflətməyə çalışırlar.
Günün ən önəmli hadisələrdən biri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynadakı bölmələri yoxlamaq üçün getməsi oldu. Bundan bir müddət əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordunu yoxlamaq üçün Ukraynaya getmişdi.
Sergey Şoyqu Rusiya ordusuna bütün istiqamətlərdə hücum əmri verib. Hücumda olan bölmələrə isə tempi artırmağı tapşırıb. Hiss olunur ki, Rusiya tələsir. Ordunun siyasi hakimiyyətin tələblərini və əmrlərini yerinə yetirməməsi Kremli narahat edir. Ona görə də bütün istiqamətlərdə hücum qərarı verilib. Maraqlıdır ki, bu əmr Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında da dərc olunub. Açıqlamada deyilir: “Şoyqu bu təlimatı Ukraynada əməliyyatların davam etdiyi bütün bölgələrdəki hərbi hissələrə çatdırıb. Məqsəd Kiyev rejiminin mülki infrastruktura və sakinlərə raket hücumlarının qarşısını almaqdır”. Nazirin bu cür əmrinin rəsmi olaraq yayımlanması həm də onu göstərir ki, Rusiya dayanmayacaq.
Rusiya ordusu bu əmrdən sonra bütün istiqamətlərdə hücuma keçib. Məsələ ondadır ki, bu hücumlar son günlər baş verən hücumlardan heç nəyi ilə fərqlənməyib. Belə ki, rusların İvano-Daryevka qəsəbəsi ərazisində hücum əməliyyatları uğursuz alınıb. Verxnekamenka istiqamətində irəliləməyə çalışan rus ordusu itki verərək geri çəklməyə məcbur olub. Berestovoye və Beloqorovka yaxınlığındakı döyüşlər də müdafiə olunan tərəf istədiyinə çata bilib.
Şoyqunun səfərindən sonra Ukrayna prezidenti Zelenski də açıqlama verib. O bildirib ki, Donbas uğrundakı döyüşlər Avropa tarixinin ən ağır və qanlı döyüşləri olacaq:
“Rusların texnikanın miqdarında, xüsusən də ağır silah sistemlərində əhəmiyyətli üstünlüyünə baxmayaraq Ukrayna ordusu və kəşfiyyatı Rusiya ordusundan üstündür. Donbasdakı müharibə Avropa tarixində ən ağır müharibə olacaq. Bu dəhşətlidir. Biz hər gün müttəfiqlərimizin diqqətini cəlb edirik ki, yalnız kifayət qədər müasir ağır silahlar Ukraynaya üstünlük verəcək və yalnız bununla Rusiyanın Donbasdakı işgəncələrinə son qoymaq olar”.
Hər iki tərəf Donbas uğrunda döyüşlərə hazırlaşır. Donbas uğrunda döyüşlərin hansı nəticə verməsindən aslı olmayaraq, düşünürəm ki, müharibə yenə davam edəcək. Çünki bu müharibə çoxdan Rusiya və Ukraynanın olmaqdan çıxıb.
Cəbhə ilə yanaşı Rusiyanın raket hücumları Ukraynanın digər bölgələrinə də davam etdirilib. Rusiya ordusu Xarkov və Odessanı raketlə vurub. Raket zərbələri nəticəsində ölən və yaralananlar var.
ABŞ kəşfiyyatı yenidən məlumat yayıb ki, Rusiya İrandan PUA-lar alacaq. Hətta onlar video görüntülər də yayımlayıblar. İddia olunur ki, ruslar İrandan “Şahid-191” və “Şahid-129” PUA-larını alacaq. Rusiya kimi silah sənayesi ilə ad çıxarmış ölkənin İran PUA-larına möhtac qalması da başqa bir mövzudur. Ehtimal ki, Kreml rəhbərliyi gələcəkdə bu mövzunun üzərinə çox ciddi düşəcək.
Yaxşın Şərqdə səfərdə olan ABŞ Prezidenti Co Bayden açıq şəkildə bildirib ki, Yaxın Şərqdən geri çəkilməyəcək, heç vaxt bölgədən çıxmayacaq, bölgədə Çin, Rusiya və İran tərəfindən doldurulacaq bir boşluq buraxmayacaqlar. Bayden bu açıqlaması ilə hədəflərinin təkcə Rusiya yox, həm də Çin və İran olduğunu demiş oldu.
Görünən odur ki, böyük güclərin savaşı təkcə Ukrayna ilə yekunlaşmayacaq. Böyük güclərin savaşında daha hansı ölkələr “qurban” seçiləcək görəcəyik…”.
Səxavət Məmməd
www.yenicag.az