Rusiya-Ukrayna savaşının 34-cü GÜNÜ: Rəsmi Kiyev hərbi üstünlüyündən diplomatik sahədə də məharətlə istifadə edir – TƏHLİL
Otuz dörd gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tanklar, PDM və ZTR-lər – 2 450 ədəd, artilleriya sistemləri – 240 ədəd, hava hücumundan müdafiə sistemləri – 90 ədəd, təyyarələr – 105 ədəd, helikopterlər – 130 ədəd, avtomobil texnikası – 1 350 ədəd, PUA-lar – 15, hərbi obyekt – 230 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 320 ədəd, zenit-raket kompleksləri – 228 ədəd. Rusların 120 ədəd tankı ukraynalılar tərəfindən istifadəyə yararlı halda qənimət kimi götürülüb.
Ukrayna ordusunun təxmini itkiləri:
Tanklar, PDM və ZTR-lər – 2 150 ədəd, artilleriya sistemləri – 510 ədəd, hava hücumundan müdafiə sistemləri – 115 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 620 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 540 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 150 ədəd, zenit-raket kompleksləri – 140 ədəd.
Ukrayna-Rusiya müharibəsinin otuz dördüncü gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.Elxan Şıxəliyev bildirib ki, 34-cü gündə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılaraq ilkin razılaşmalar əldə olunsa da, Ukraynada müharibə davam edir:
“Əsas döyüşlər Kiyev, Xarkov, Xerson, Zaporejets, Mariupol, Berdyansk, Çernobayevka, Qostomel, Buça yaşayış məntəqələri uğrunda getdi. Ukrayna Silahlı Qüvvələrinin bölmələri bəzi ərazilərdə müdafiə əməliyyatlarını davam etdirir və uğurlu əks-hücumlar həyata keçirməyə davam edir. Ukrayna Prezidenti Mariupolda mühasirədə qalmış “Azov” döyüşçülərinə şəhəri tərk etməyə icazə versə də, onlar mövqelərində qaldılar. Belqorodda silah anbarı vuruldu və böyük yanğına səbəb oldu.
Ukrayna müdafiə və əks-hücum əməliyyatlarını davam etdirməkdə qərarlıdır. Bunun üçün onlara yüksək dəqiqlikli müasir silahlar lazımdır.
Günə Ukrayna Rusiya heyətlərinin İstanbulda görüşü öz damğasını vurdu. Danışıqların nəticəsi olaraq tərflər yazılı təsdiq ediblər ki, Ukrayna tərəfi neytral və NATO-ya qoşulmayan, həm də nüvə silahsız bir dövlət kimi qalacaq. Rusiya tərəfi də bəyan edir ki, Ukraynadakı hərbi aktivliyini, raket atəşlərini dayandırır. Ukraynaya qarşı “denasifikasiya” və həm də “demilitarizasiya” kimi məntiqə sığmayan mənasız şərt və tələblər ortadan tam qaldırılır. Münaqişənin daha mürəkkəb tərəfləri – Donbas və Krım məsələləri İstanbulda növbəti görüşdə Rusiya-Ukrayna xarici işlər nazirlərinin iştirakı ilə aparılan vacib danışıqlarda müzakirə olunacaq. Ukraynanın neytral dövlət qalması müqabilində onun dövlət təhlükəsizliyinə qarant dura biləcək ölkələr də irəli sürülüb. Bunlar BMT Təhlükəsizlik Şurasının 5 üzvü – ABŞ, Çin, Rusiya, Britaniya, Fransa və əlavə Türkiyə, İsrail və Almaniyadır. Bu qarant ölkələr Ukraynaya təcavüz olarsa, ona birbaşa hərbi və sair yardımlar göstərməlidirlər.
Qərara alınmışdır ki, yekun sazişə hər iki ölkənin prezidentlərinin gələcəkdəki görüşü ilə son verilsin.
Rusiya hərbi komandanlığı Sumı, Çerniqov və Kiyev istiqamətlərində hərbi əməliyyatların dayandırıldığını elan etdi. Düşünürəm ki, bu qərar Rusiyada ciddi narazılıqlara səbəb olacaq. Ruslar Kiyev və Çerniqovdan çəkilməyi xəyanət kimi qiymətləndirəcəklər. Bu öz növbəsində Kreml rəhbərliyinə inamlarını sarsıdacaq. Ruslar Kiyev və Çerniqovdan çəkiləcəyini bəyan etdi. Kiyev və Çerniqovdan çəkilən hərbi birləşmələr çox güman ki, Donbasa göndəriləcək.
Əslində, Kiyev və Çerniqov istiqamətində rus ordusu darmadağın olduğuna görə hücum əməliyyatları həyata keçirə bilmir. Ona görə də Rusiya öz geri çəkilməsini guya danışıqlarda əldə olunmuş kompromis kimi göstərir. Ukrayna tərəfi isə danışıqlarda heç bir güzəştə getməyib və rus ordusunun qeyd-şərtsiz ölkədən çıxmasını tələb edib. Rusların, “Kreml rəhbərliyinə çatdıracağıq”, – dedikləri də məhz Ukrayna tərəfinin bu tələbidir. Ukrayna öz hərbi üstünlüyündən Rusiyanı diplomatik sahədə də məğlub etmək üçün məharətlə istifadə edir.
Görünən odur ki, Rusiya hərbi hücumları saxlayıb ordunu Ukraynadan çıxarmaqla bu müharibəni başlatmağa səbəb kimi göstərdiyi tələblərdən imtina etmiş olur.
Düşünürəm ki, NATO ölkələri Ukraynanı ehtiyacı olan ağır artilleriya silah sistemləri təmin edərsə, onlar hərbi missiyanı aprel ayının sonunadək başa çatdıra bilərlər.
Müharibənin və danışıqların necə bitməsindən asılı olmayaraq Ukrayna artıq qalibdir”.
Səxavət Məmməd