Otuz altı gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.
Rusiya ordusunun təxmini itkiləri:
Tanklar, PDM və ZTR-lər – 2 455 ədəd, artilleriya sistemləri – 243 ədəd, hava hücumundan müdafiə sistemləri – 92 ədəd, təyyarələr – 110 ədəd, helikopterlər – 131 ədəd, avtomobil texnikası – 1 373 ədəd, PUA-lar – 25 ədəd, hərbi obyekt – 235 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 323 ədəd, zenit-raket kompleksləri – 229 ədəd. Rusların 124 ədəd tankı ukraynalılar tərəfindən istifadəyə yararlı halda qənimət olaraq götürülüb.
Ukrayna ordusunun təxmini itkiləri:
Tanklar, PDM və ZTR-lər – 2 158 ədəd, artilleriya sistemləri – 513 ədəd, hava hücumundan müdafiə sistemləri – 118 ədəd, təyyarələr – 66 ədəd, helikopterlər – 25 ədəd, avtomobil texnikası – 1 635 ədəd, PUA-lar – 125 ədəd, hərbi obyekt – 3 545 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 156 ədəd, zenit-raket kompleksləri – 142 ədəd.
Ukrayna-Rusiya müharibəsinin otuz altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.Elxan Şıxəliyev bildirib ki, 36-cı gündə də ruslar əməliyyatlar teatrında heç bir istiqamətdə strateji hədəflərinə çata bilmədilər:
“Ukraynalılar isə müdafiə və əks-hücum döyüşlərini davam etdirdilər.
Ukrayna ordusu Kiyev vilayətinin Vışqorod şəhərinə nəzarəti ələ keçirdi. Çerniqov vilayətinin Sloboda, Lukaşov kəndləri, Xerson vilayətinin Orlovo kəndi azad edildi.
Ruslar Kiyev ətrafından hissə-hissə qüvvələrini çıxardırlar. Xüsusən də Bravorı yaşayış məntəqəsi istiqamətində yerləşən qruplaşması buna daxildir. Xerson, Zaporojets, Donetsk, Luqansk, Sum, Dnepetrovsk, Kiyev, Xarkov ətrafı rayonlarda Ukrayna Silahlı Qüvvələri cəbhəboyu iri miqyaslı hücum əməliyyatı başlatdı.
Ukayna qoşunları cəbhənin Zaporojets, Donetsk istiqamətində rus qoşunarını geri çəkilməyə məcbur etdi və Krım doğru irəliləyir. Bu əməliyatlarda nə qədər uğurlu olacaqları rusların atacaqları addımlardan asılı olacaq.
Buça və Qostomel ətrafınada olan bölmələri isə hələ ələ keçirdikləri hədlərdə qalmaqda davam etdi. Ruslar burada müdafiəni möhkəmləndirməyə çalışırlar.
Bu istiqamətdə hələ kimin hücuma, kimin əks-hücuma keçəcəyi məlum deyil.
Çerniqovdan da hissə-hissə çəkilmələr müşahidə olundu. Sumi istiqamətinə yeni qüvvələr cəlb edilir. Çox güman ki, bölmələrin yerdəyişməsi həyata keçiriləcək. Bu istiqamətlərdə rusların nə etmək istədikləri bir-iki günə tam müəyyənləşəcək.
Görünən odur ki, bu istiqamətlərdə ruslar qüvvələrini azaldır. Qalanların isə nə edəcəkləri qeyri-müəyyəndir. Ruslar buradan qüvvələrini tam çıxarsalar, ukraynalılar da buradakı qüvvələrini başqa yerə kömək üçün yönləndirə bilər. Xüsusən də Mariupol istiqamətinə. Ruslar da bunun fərqindədirlər. Öna görə də ruslar Kiyev istiqamətində qüvvələrinin bir hissəsini saxlamağa məcburdur.
Çıxarılanlar isə şərqə və cənuba doğru yönəldiliblər. Düşünürəm ki, ruslar Kiyev-Xarkov hədlərindən geri çıxardığı qüvvələri imkan daxilində cənubda Xerson – Nikolayev istiqamətində istifadə edəcəklər.
Rusiya Xarkov-Kiyev vilayət ərazilərinə raket zərbələri endirməyə davam etdi. Müharibənin başlanğıcından bu günə qədər birinci dəfə Mariupolda humanitar koridor təşkil olundu. 45 avtobusla ukraynalılar mühasirədə qalan mülki şəxsləri təxliyə edə bildilər. Şəhər uğrunda şiddətli döyüşlər davam etdi. Ümumilikdə şəhərdə vəziyyət kritik olaraq qalır. Ruslar bu gün də Mariupol şəhərinin müdafiəçilərini təslim olmağa məcbur edə bilmədilər və bu səbəbdən şəhərə raket-artilleriya zərbələri endirməyə davam etdilər. Şəhərə artıq şəhər demək mümkündürsə.
İzyumda da ağır döyüşlər davam etdi. Növbəti mərhələdə ruslar cənub istiqamətində Ukrayna müdafiə qruplaşmasını mühasirəyə alaraq məhv etməyə çalışacaq. Bütün hazırlıqları buna işarə edir. Onlar bunu edə bilsələr, böyük uğur sayılacaq. Əgər bunu da edə bilməsələr, 9 may paradına əliboş gedə bilərlər. Bu isə ”Strateq”lərin məhvi anlamına gələ bilər.
Ukrayna Prezidentinin çıxışı, əslində, Ukrayna ordusunun önümüzdəki günlər üçün strategiyasını müəyyən etdi. O dedi ki, biz ruslara heç nə verməyəcəyik, hər şey üçün, hər metr torpağımız, hər bir insanımız üçün mübarizə aparacağıq. Bu səbəbdən düşünürəm ki, önümüzdəki günlərdə də hər iki tərf üçün əməliyyatların tempi və şiddəti daha da artacaq. Əgər bunu tərəflərin qüvvələr nisbəti dəstəkləyə bilsə.
Gün ərzində keçirilən əks-hücum əməliyyatları nəticəsində rusların çox sayda əsgəri məhv edilib və əsir götürülüb. Buna görə də rus hərbi-siyasi elitasında çox böyük aqressivlik hiss olunur. Hətta siyasətçilər və ekspertlər dövlət televiziyasında belə öz emisiyalarını cilovlaya bilmirlər. Biriləri Bakı neft infrastrukturuna qarşı atom silahından istifadədən bəhs edir, digəri Polşaya qədər gedib çıxacaqlarından danşır. Əslində, bu, mümkün ola biləcək məğlubiyyət isteriyasıdır. Artıq dövlət televiziya kanalında ilkin planın yanlış olduğuna dair çıxışları da müşahidə edirik. Kreml rəhbərliyi yavaş-yavaş da olsa, əməliyyatlar teatrındakı mövcud vəziyyəti qəbullanmaq məcburiyyətindədir. Sadəcə bunu müharibə üzərinə “zombiləşdirilmiş” xalqa, yavaş-yavaş “yedizdirmək” lazım gəlir. Ambisiyaları başlarından böyük, ambisiylarını reallaşdıra biləcək güc isə, sahədə can çəkişməkdədir. Artıq ruslar başa düşməlidirlər ki, Kreml rəhbərliyi hər şeyi səhv hesablayıb. Dünyanın heç bir lideri bu gün Kreml sahibinin yerində olmaq istəməzdi. Açıqcası, mən də rus əsgərinin bugünkü mənzərəsini görmək istəməzdim. Bütün xəyalları və mifləri paramparça olan rus əsgərlərinin cəsədlərini meşələrdə vəhşi heyvanlar yeyir. Əsir düşənlər isə nisbətən şanslı sayılırlar. Hələ şəhərlərdə və yollarda metalloma çevrilmiş zirehli texnikanı demirəm. Bütün müharibələr bir zaman bitdiyi kimi bu müharibə də bitəcək. Açığı, müharibənin nəticələrinə görə, rus hərbi-siyasi rəhbərliyinin bu itkiləri və qeyri-hüquqi hərbi əməliyyatlar aparma taktikasını necə əsaslandıracağını çox maraqla gözləyirəm…”.
Səxavət Məmməd
www.yenicag.az