!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 39-cu GÜNÜ: Təcavüzçü ordu müharibə cinayətləri törədir - TƏHLİL

!Reklam – Yazi

Otuz doqquz gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 470 ədəd, artilleriya sistemləri – 249 ədəd, hava hücumundan müdafiə sistemləri – 97 ədəd, təyyarələr – 115 ədəd, helikopterlər – 134 ədəd, avtomobil texnikası – 1 400 ədəd, PUA-lar – 35 ədəd, hərbi obyekt – 240 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 330 ədəd, zenit-raket kompleksləri – 235 ədəd. Rusların 135 ədəd tankı ukraynalılar tərəfindən istifadəyə yararlı halda qənimət götürülüb.

Ukrayna ordusunun təxmini itkiləri:

Tanklar, PDM və ZTR-lər – 2 170 ədəd, artilleriya sistemləri – 520 ədəd, hava hücumundan müdafiə sistemləri – 123 ədəd, təyyarələr – 68 ədəd, helikopterlər – 27 ədəd, avtomobil texnikası – 1 660 ədəd, PUA-lar – 126 ədəd, hərbi obyekt – 3 549 ədəd, idarəetmə məntəqəsi və rabitə qovşağı – 162 ədəd, zenit-raket kompleksləri – 147 ədəd.

Ukrayna-Rusiya müharibəsinin otuz doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyev bildirib ki, 39-cu gün Ukrayna ordusunun həmlələri şimal-şərq cəbhəsində Kiyev-Çerniqov-Sumı-Xarkov istiqamətlərində, cənub-şərqdə isə Zaporojye-Mariupol-Nikolayev istiqamətlərində davam etdi:

“Ruslar şimal-qərb istiqamətindən qoşunlarını qismən geri çəkərək cənub-qərb istiqamətində yenidən qruplaşmalar yaradır. Əvvəlki günlərdəki kimi şimal-şərq cəbhəsində Ukrayna qoşunları, cənub-şərq istiqamətində isə Rusiya qoşunları əməliyyat şəraitinə nəzarət etməyə davam edirlər.

Ukrayna Silahli Qüvvələri Belarus ilə olan dövlət sərhədi ərazisinə nəzarəti bərpa etdi. Qostomel şəhərinin inzibati ərazisini tamamilə nəzarətə götürdü. Ruslar Xarkovu mühasirəyə almağa davam etdi. Donbasda aktiv döyüş əməliyyatları gedir. Ruslar Ukrayna ordusunun Xarkovdakı hərbi qərargahını “İskəndər” raketi ilə vurdu. İzyum şəhəri üzərində Rusiyaya məxsus daha bir qırıcı təyyarə vuruldu. Mariupol şəhərində “Azovstall” metalurugiya zavodu istiqamətlərinə rusların hücumu zamanı azov döyüşçüləri rusları pusquya saldılar. Pusqu nəticəsində Rusiya ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus piyada alayı və Çeçenistandan gətrilmiş Kadırov polkunun döyüşçüləri çox sayda canlı qüvvə itkisi verdi. Onlar döyüş texnikalarını, avtomobilləri döyüş meydanında qoyub geriyə çəkiliblər. Hazırda Ukrayna qoşunlarının bir hissəsi kömək üçün Mariupola doğru hərəkət edir.

İrpin, Buça və Qostomel də daxil, Kiyev vilayəti tamamən Ukrayna ordusunun nəzarətinə keçdi. Rus ordusu Kiyevin şimalında yerləşən Buça, İrpen, Mariupol rayonlarından geri çəkilərkən mülki əhalini qəddarcasına qətlə yetirib. Mariupol şəhərinin ətraf qəsəbələrindəki evlər, dövlət obyektləri Rusiya ordusu və kadırovçular tərəfindən qarət edilir, od vurulub yandırılır.

Hələ bir də bura rus əsgərləri tərəfindən Ukrayna qadınlarının “zorlanma” hallarını da əlavə etsək, rəsm tamamlanmış olar. Onlar utanmadan bunu da müharibə silahına çevirdilər. Qadınlar öz övladlarının, qız uşaqları isə ailələrinin gözü qarşısında təcavüzə məruz qalırlar. Mariupol ətrafında rus hərbçilərinin əsir düşən qadınlara qarşı zorakılıq etdiklərinə dair məlumatlar yayıldı. Bunu nədən etdiklərini heç cürə anlamaq olmur. Yalnız əsgərlər məğlubiyyət və məhv olma sindromuna girəndə belə addım ata bilər. Bunun tarixdə də bir çox nümunələri var. Lakin sonra siyasilər bunun altında əzilmiş olurlar – xüsusən də beynəlxalq hüquq müstəvisində buna heç cür haqq qazandıra bilməyəndə.

Müharibələr nə qədər ölümlü-itimli, qanlı olsa da, onun da öz qanunları var. Müharibə qanunlarında dinc əhaliyə zərər vermək olmaz. Əgər bunlar olarsa, müharibə cinayətləri kateqoriyasına girmiş olur. Açıq şəkildə Rusiyanın müharibə cinayəti törətdiyinin şahidi oluruq. Əslində, bu, rus ordusunun praktikasında var. Xocalı faciəsi hər nə qədər ermənilərin ayağına yazılsa da, o cinayəti Rusiyanın 366-cı motoatıcı alayının törətməsi heç kimə sirr deyil. Əslində, Ukraynanın bəzi yaşayış məntəqələrində Xocalının eyni halı ilə rastlaşırıq. Xocalı və Ukraynadakıları yan-yana qoyanda rəsm tam aydın olur.

Buça, İrpen və Mariupol şəhərləri, demək olar ki, ruslar tərəfindən yer üzündən silinib. Həm yaşayış binaları, həm də əhali. Mülki əhaliyə qarşı belə qəddarlığın ciddi bir səbəbi olmalıdır. Buna səbəb rusların strateji planların iflasıdır. Necə ola bilər ki, dünyanın ikinci ordusuna belə müqavimət göstərildi?! Nədən nüvə silahının olması bunları qorxutmadı?! Hətta Pentaqonun “strateq”ləri ruslar tərəfindən Kiyevin 96 saata nəzarətə götürüləcəyini proqnozlaşdırdıqları halda, ukraynalılar 39-cu gündür ki, rusların bütün planlarını alt-üst edir. Ukrayna xalqı və ordusu bunu qəbullanmayan rusların qəzəbinə belə tuş gəlməli idi. Bu müharibə cinayətinin altından necə qalxacaqlarını görmək istərdim.

Bizim 44 günlük müharibəmizdə əsgərlərimiz tərəfindən bir nəfər də olsun erməni qadınına əl dəyilməmişdir. Ukrayna ordusundan fərqli olaraq ruslar bizim müharibəni incələməyə lüzum görməyiblər. Hər bir halda, tez, ya gec, mülki əhaliyə qarşı hərbi cinayətə səbəb olan əməllərinin nəticəsinə qatlanmalı olacaqlar.

Taktiki səviyyədə baş verənlər və önümüzdəki günlərdə baş verəcəklər bu səbəbdəndir. Ukraynanın Buça, İrpen, Mariupol, Qostomel şəhərləri sanki rusların operativ və taktiki səviyyədəki uğursuzluqlarının bədəlini ödəməyə məhkum ediliblər. Ruslar yeni taktika icad ediblər. Nəzarətə götürə bilmirsən, ya da nəzarətdə saxlaya bilmirsənsə, məhv et, yerlə yeksan et. Ukraynanın şəhərləri və mülki əhalisi bu taktikanın qurbanına çevrilir. Ukrayna kəşfiyyatının məlumatlarına əsasən, Buça, İrpen, Mariupol, Qostomel şəhərlərində mülki əhaliyə qarşı müharibə cinayətlərini Rusiya ordusunun Şərq hərbi dairəsinin 35-ci ordusunun 64-cü əlahiddə atıcı briqadasının, 36-cı ordusunun 5-ci əlahiddə briqadasının, 98-ci hərbi desant diviziyasının 331-ci hərbi desant alayının, 106-cı hərbi desant diviziyasının 137-ci hərbi desant alayının, 76-cı desant-həmlə diviziyasının 104 və 234 desant-həmlə alaylarının, 14 və 45-ci əlahiddə xüsusi təyinatlı briqadalarının, Rosqvardiyanın 63-cü xüsusi təyinatlı əlahiddə alayının, Sakit okean donanmasının 155-ci əlahiddə dəniz-piyada briqadasının hərbçiləri törədib.

Müharibənin 39-cu günündə Ukrayna Prezidenti Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsinin rəisinə general-mayor hərbi rütbəsi verdi. Bu, keçən 39 gündə Ukrayna Baş Kəşfiyyat İdarəsinin və bütün kəşfiyyat orqanlarının müharibədə vəzifələrinin öhdəsindən layiqincə gəldiklərindən xəbər verir. Müharibələrin nəticələri kəşfiyyat və xüsusi əməliyyat qruplarının fəaliyyətindən birbaşa asılıdır.

Düşünürəm ki, önümüzdəki günlərdə Ruslar hər hansı bir “fors-major” fəndinə əl atmasalar, əməliyyatlar teatrında Ukrayna qoşunlarının uğurlarının gedərək artmasını müşahidə edəcəyik”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1015
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv