!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna savaşının 59-cu GÜNÜ: Kremlin pozulan planları, əks-hücum gözləntisi... - TƏHLİL

!Reklam – Yazi

59 gün ərzində Rusiya və Ukrayna tərəfinin itkiləri aşağıdakı kimidir.

Rusiya ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2750 ədəd, avtomobil texnikası – 1490 ədəd, səhra artilleriyası və minaatanları – 400 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 138 ədəd, zenit-raket kompleksləri – 276 ədəd, təyyarələr – 173 ədəd, helikopterlər – 162 ədəd, gəmi-kater – 8 ədəd.

Ukrayna ordusunun təxmini itkiləri:

Tank, PDM və ZTR-lər – 2258 ədəd, avtomobil texnikası – 200 ədəd, səhra artilleriyası və minaatanlar – 1000 ədəd, YARS (yaylım atəş reaktiv sistemi) – 150 ədəd, zenit-raket kompleksləri – 200 ədəd, təyyarələr – 95 ədəd, helikopterlər – 60 ədəd, PUA – 423 ədəd.

Ukrayna-Rusiya müharibəsinin əlli doqquzuncu gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a şərh edib.

Elxan Şıxəliyevin sözlərinə görə, 59-cu gün tərəflərin operativ vəziyyətində ciddi dəyişiklik baş verməyib:

“Əsas döyüşlər taktiki səviyyədə Mariupol, Donetsk, Luqans, Donbas, Xarkov, Zaparojets ərazilərində davam etdi.

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiya qüvvələrinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsinə endirdiyi zərbələr nəticəsində Rusiya ordusunun 2 generalı ölüb, biri isə ağır yaralıdır.

Mariupol ərazisindəki döyüşlərdə Rusiya qoşunları 26-sı kursant olmaqla 1000 nəfərə yaxın itki verib. 2800 nəfər döyüş qabiliyyətini itirib. Mariupol şəhərində Kadırovçuların yerləşdiyi komanda məntəqəsinə Ukrayna qoşunları havadan zərbə endirdi. Kadırov Ukrayna ilə müharibə üçün yeni könüllü dəstə göndərdi.
Melitopol şəhərində partizan hərakatı davam edir. Partizanlar artıq 100-dən çox rus hərbçisini məhv edib. Melitopol rusların nəzarəti altında olmasına baxmayaraq onların itkiləri davam edir.

Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçərək Derqaçevski rayonunun Bezruki, Slatino, Prudyanka kəndlərini nəzarətə götürdülər.

Ukrayna ordusu cəbhənin Xerson-Nikolayev istiqamətində ABŞ istehsalı “Switchbade” kamikadze dronlarından ilk dəfə kütləvi şəkildə Rusiya Ordusunun mövqelərinə zərbələr endirdi. Bunun nəticəsində ruslar çoxlu itkilər verdi.

Günün əsas hadisəsi rusların Odessa şəhərini qanadlı raketlərlə vurması oldu. Zərbə nəticəsində mülki əhali arasında itkilər və dağıntılar oldu.

Rusiya ikinci fazada da hücumlarını uğurla davam etdirə bilmir, taktiki tabor səviyyəsindəki döyüşlərdə itki verməyə davam edir. Rusların Donbas əməliyyatı da uğursuzluğa uğramaqdadır. Müharibənin ikinci fazasının başlamasından bir neçə gün keçməsinə baxmayaraq rus ordusu yenə də irəliləyə bilmir.

Donbasdakı Ukrayna qoşunlarını mühasirəyə almaq niyyətləri də real görsənmir.
Əksinə Ukrayna ordusu əks-hücumlar keçirərək yavaş-yavaş da olsa yaşayış məntəqələrinin ərazilərini nəzarətə götürməyə davam edir.

Ruslardan fərqli olaraq ukraynalılar döyüşlərdə taktiki planlarını həyata keçirməkdə qərarlı görsənirlər. Onların məqsədi qarşı tərəfə maksimum itkilər verdirərək, onları zəiflətməkdən ibarətdir. Onlar buna qismən nail ola bilirlər. Hər keçən gün rusların verdiyi itkiləri nəzərə alsaq, onların döyüş qabiliyyətinin əsaslı sürətdə necə azaldığını görə bilərik.

Onların hər gün artan bu qədər itkiyə uzun müddət davam gətirə biləcəkləri real görsənmir. Rus ordusunun irəliləyə bilməməsi Ukrayna ordusuna qərbdən yeni ağır hücum silahları alması və onların döyüş bölgəsinə gətirilməsi üçün əlavə vaxt da qazandırır. Bu hərbi dəstəyin nəticəsində Ukrayna ordusu hər keçən gün daha da güclənir.

Pilotsuz uçuş aparatları ilə endirilən zərbələr rus hərbçiləri üçün gözlənilməyən nəticələrə gətirir. Bu səbəbdən onlar daim qorxu içindədirlər. Biz bunu öz müharibəmizdə də görmüşdük. Erməni əsgərlərinin dronlardan necə qorxub qaçdıqlarını yaxşı xatırlayırıq. Eynisini biz burada da müşahidə edirik. ABŞ-ın verdiyi kamikadze dronlarının uğurlu istifadəsi rus əsgərləri arasında panik əhval-ruhiyyə yaradıb. Çünki onlar hər yerdə asanlıqla hədəfə çevrilə bilirlər. Əllərində dronlara qarşı müdafiə silahları olmadığından onlar özlərini ölümə məhkum edilmiş kimi hiss edirlər.

Müharibədən sonra ilk dəfə Ukrayna prezidenti Vladimer Zelenski mətbuat konfransı keçirdi. Zelenski jurnalistlərin suallarını cavablandıranda müharibəni davam etdirəcəklərində qərarlı görünürdü.

ABŞ, İngiltərə, Almaniya ilə yanaşı Polşanın da Ukraynaya çox ciddi hərbi yardım etdiyi məlum olub. Belə ki, Polşa rəsmən bəyan edib ki, Ukraynaya 1,6 milyard dollar dəyərində silah yardımı edib. Bundan əlavə Polşa Ukraynaya “Challenger 2” döyüş tankları da təhvil verib.

Hər keçən gün Rusiyanın hücum planlarının pozulması və Ukraynanın üstün dirənci savaşın uzanacağının işarələridir. Uzanan müharibə Ukrayna ordusunun artan gücü fonunda rus ordusunun əməliyyatlar teatrında sonunu gətirəcək. Rus ordusunun məhv olma yolunu hansı səbəbdən seçməsi çox düşünüdürücüdür. Bu səbəblərdən Ukrayna ordusunun önümüzdəki günlərdə əks-hücum əməliyyatlarına başlamasını və müharibə gündəmini artıq onların müəyyən edəcəyini gözləməliyik”.

Səxavət Məmməd

www.yenicag.az

911
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv