Rusiya və Ukrayna arasındakı “atəşkəs” MÜƏMMASI: “Tərəflər sülh müqaviləsindən çox uzaqdırlar”
“Tramp imkan vermir ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiya tətbiq etsin”.
Bu sözləri Rusiya və Ukrayna arasında atəşkəs müəmması və Tramp-Putin arasında telefon danışığını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə şərh edib.
O, bildirib ki, ABŞ vasitəçilikdən çəkilərək məsələni Avropa İttifaqının öhdəsinə buraxmaq istəyir:
“Tərəflərin “atəşkəs” termininə münasibəti ayrı-ayrıdır. Ukrayna tərəfi bildirir ki, atəşkəs olsun, sonra sülh danışıqlarının detalları müəyyənləşdirilsin. Rusiya tərəfi isə öncə sülh danışıqlarının detallarının müəyyənləşdirilməsində, daha sonra atəşkəsdə maraqlıdır. Rusiya 9 may ərəfəsində ikigünlük təktərəfli atəşkəs elan etdi. Ukrayna tərəfi isə buna getmədi. Ukrayna daha uzunmüddətli atəşkəsə maraqlıdır”.
Onun sözlərinə görə, tərəflər sülh müqaviləsindən çox uzaqdırlar:
“Trampla Ərdoğanın telefon danışığından sonra Ərdoğan vasitəçiliyi öz üzərinə götürdü. Ukraynaya dəstək verənlər isə Rusiyaya sanksiya tətbiq etmək niyyətindədir. Faktiki olaraq bu addım İstanbul formatını dayandırır. Tramp imkan vermir ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiya tətbiq etsin. Zelenski birinci şəxslər səviyyəsində görüşlərin keçirilməsini tələb etdi. Bu mümkün olmayan bir məsələdir”.
O, xatırladıb ki, dünən Trampla Putin arasında telefon danışığı oldu:
“Bu danışıqdan əvvəl Tramp Zelenski ilə telefonla danışdı. Putinlə telefon danışığı bitəndən sonra isə yenə Zelenski ilə danışdı. Telefon danışığından sonra Putin mətbuat qarşısına çox həyəcanlı çıxdı. İddia edilir ki, Tramp Putinə bildirib ki, danışıqlardan geri çəkiləcəklər və moderatorluğu Avropa İttifaqına vərəcəklər. Avropa İttifaqını düşündürən 300 milyardın taleyidir”.
Səxavət Məmməd