“Rusiyanın sabiq müdafiə naziri, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə bağlı səslənən iddiaların nəticəsinin nə olacağını heç kəs bilmir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Siyasi Menecment İnstitutunun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.
O. Rusiyanın sabiq müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən göndərilməsindən sonra Rusiya Müdafiə Nazirliyi ətrafında başlayan silsilə həbslərdən söz açıb.
A. Qasımlı xatırladıb ki, bütün bunlar baxmayaraq, S. Şoyqu bu gün müdafiə naziri deyil, yeni vəzifədədir:
“Əgər Rusiya prezidenti Vladimir Putin onu kənarlaşdırmaq istəsəydi, Şoyqunu Təhlükəsizlik Şurasının katibi təyin etməzdi. İkincisi isə Sergey Şoyqu bir şəxs və siyasətçi olaraq Rusiya siyasi elitasında olub? Yox. Qısacası, onu vəzifədən çıxarsalar da, çıxarmasalar da heç nə olası deyil. Ona görə də onunla bağlı iddiaları əsaslı hesab etmirəm. Fikrimcə, o, hazırda tutduğu vəzifədə qalacaq”.
“O ki qaldı Rusiya Müdafiə Nazirliyindəki “təmizləmə” işlərinə, bəlli idi ki, Sergey Şoyqu özünə görə bir sistem qurmuşdu və hər kəs də bilirdi ki, bu sistemin içində korrupsiya mövcud idi. Ona görə də Putin hansısa bir formada onu kənarlaşdıraraq, Müdafiə Nazirliyini korrupsiyadan təmizləmə cəhdinə başladı. Amma Sergey Şoyqunun “hədəf taxtası”na qoyulması ehtimalını görmürəm və bunu ciddi hesab etmirəm. Çünki Şoyqunun həbsi Rusiya siyasətində önəmli bir məsələ deyil”.
S. Şoyqunun çıxarılması səbəblərindən söz açan siyasətçi əlavə edib ki, bundan əvvəl S. Şoyqu ilə “Vaqner”in sabiq rəhbəri Yevgeni Priqojin arasında konflikt var idi:
“Bu konflikt nəticəsində Rusiya millətçiləri – “Z Patriotlar” Priqojinə dəstək verdilər. Çünki hər kəs görürdü ki, Rusiya Müdafiə Nazirliyində korrupsiya və yeyintilər çoxluq təşkil edirdi. Ona görə də onlar Priqojinə daha çox dəstək verirdilər. Bundan başqa, Priqojin Şoyqunu, müdafiə naziri olmasına baxmayaraq, təhqir edirdi. Məhz buna görə də Şoyqunun müdafiə naziri postunda qalması mümkün deyildi”.
Onun sözlərinə görə, Putinin addımları avtoritar liderlərinin atdığı addımlar idi.
“İlk növbədə, Priqojin aradan götürüldü, çünki Şoyqunu təyin edən Putin idi və Priqojinə görə onu vəzifədən çıxara bilməzdi. Ona görə ki belə olan halda bu, Priqojinin Putinə diktəsi kimi qəbul ediləcək idi ki, Putin də bununla razılaşmırdı. Məhz bunun üçün də Şoyqunu vəzifəsində saxladı, lakin bundan sonra o, Şoyqu ilə davam edə bilməzdi. Çünki bu, Putin üçün bir imic məsələsi idi”, – deyə o bildirib.
A.Qasımlı vurğulayıb ki, Şoyqunun yerinə gətirilən prezidentin İqtisadi məsələlər üzər sabiq köməkçisi, Baş nazirin sabiq müavini olan Andrey Belousovun portreti isə çox önəmlidir:
“Çünki bu adam hərbi məsələlərlə heç bir zaman məşğul olmayıb, iqtisadçı olub. Onun nazirliyin rəhbərliyinə gətirilməsi, ilk növbədə, ondan xəbər verir ki, Putin Ukraynada uzunmüddətli müharibəyə hazırlaşır. Ola bilsin ki, Putin Rusiya iqtisadiyyatını bununla müharibəyə uyğunlaşdırmağa çalışır”.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyində silsilə “həbs dalğası” davam etməkdədir. Belə ki, ötən gün Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarin həbs edilib. Bundna öncə isə Rusiya Silahlı Qüvvələrinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı, general-mayor İvan Popov da irimiqyaslı dələduzluq işi üzrə həbs edilmişdi.
Həmçinin S. Şoyqunun gedişindən sonra Rusiya 20-ci Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Söhrab Əhmədov da vəzifəsindən azad edilib. Müdafiə tədarükləri şöbəsinin rəhbəri Vladimir Verteleski isə saxlanılıb.
Rafi Müslümov
www.yenicag.az