Rusiyadan asılı vəziyyətə düşən AVROPA: "Berlinin Moskva ilə hələ də əlaqə saxlamasının bir neçə səbəbi var"

media-hightechnic-468x90

“Almaniyanın diplomatik kanalları açıq saxlamaq cəhdi yalnız öz maraqları üçün deyil, Avropa İttifaqı adından da mühüm bir məsuliyyətin hissəsidir”.

Bunu Almaniyanın Rusiya ilə danışıqlar aparmaı barədə fikirlərini bölüşən türkiyəli siyasi şərhçi Sena Parlar Yenicag.az-a açıqlamasında deyib.

Siyasi şərhçi bildirib ki, Almaniyanın niyə hələ də Rusiya ilə danışıqlar aparması bu gün həm ictimaiyyətin, həm də siyasətin ən çox müzakirə etdiyi məsələlərdən biridir.

“Bəli, Rusiyanın Ukraynaya qarşı təcavüzkar mövqeyi və beynəlxalq hüququ kobud şəkildə pozan addımlarından sonra Berlin Moskva ilə münasibətlərinə ciddi şəkildə yenidən baxdı. Lakin bu bütün kanalların tamamilə bağlandığı demək deyil.

Almaniyanın hələ də Rusiya ilə əlaqə saxlamasının bir neçə əsas səbəbi var. İlk növbədə, diplomatiya heç vaxt təkcə duyğularla idarə olunmur. O, strateji hesablamalar, zərurətlər və uzunmüddətli planlar üzərində qurulur. Berlin rəhbərliyi müharibənin yaratdığı təhlükəsizlik böhranına baxmayaraq, Rusiya ilə dialoqu tamamilə dayandırmağın Avropanın maraqlarına zidd olduğunu anlayır. Enerji, regional təhlükəsizlik və digər bir sıra məsələlərdə zaman-zaman Moskva ilə təmasda olmaq Almaniya üçün məcburi balans siyasətinin bir hissəsidir.

Bundan başqa, Almaniyanın prioritet saydığı Avropa diplomatiyası böhranı sonlandırmaq və ya ən azı daha da dərinləşməsinin qarşısını almaq üçün qarşı tərəflə danışıq aparmaq zərurətini qəbul edir. Almaniya Avropanın siyasi və iqtisadi yükünü daşıyan əsas ölkələrdən biridir. Bu səbəbdən beynəlxalq böhranlarda tək istiqamətli deyil, çoxşaxəli strategiya izləmək məcburiyyətindədir.

Almaniyanın Rusiya ilə danışıqları davam etdirməsi nə bir yaxınlaşma, nə də yumşalma deməkdir. Bu, tamamilə nəzarət altında saxlanılan dialoq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Çünki Berlin diplomatik kanalların tamamilə bağlanmasının təkcə müharibəni deyil, həm də iqtisadi və siyasi qeyri-sabitliyi daha da gücləndirəcəyini bilir”.

S. Parlaırn sözlərinə görə, Almaniyanın diplomatik kanalları açıq saxlamaq cəhdi yalnız öz maraqları üçün deyil, Avropa İttifaqı adından da mühüm məsuliyyətin bir hissəsidir:

“Üstəlik, enerji təchizatı təhlükəsizliyi məsələsi hələ tam həll olunmayıb. Hərçənd Almaniya Rusiyadan qaz asılılığını azaltmaq üçün ciddi addımlar atıb, bu prosesin ağrılı və mürəkkəb olduğu da açıq görünür. Buna görə bəzi texniki və iqtisadi məsələlərdə Almaniyanın Rusiya ilə əlaqə saxlaması strateji zərurət yaradır.

Bununla yanaşı, Almaniyanın diplomatik kanalları açıq saxlamaq cəhdi yalnız öz maraqları üçün deyil, Avropa İttifaqı adından da mühüm məsuliyyətin bir hissəsidir. Berlin müharibənin bir gün bitəcəyini və o zaman danışıqlar masasında oturacaq əsas tərəflərdən biri olmalı olduğunu unutmur. Bu isə o deməkdir ki, indiki təmaslar gələcəkdə mümkün sülh danışıqları üçün zəmin hazırlayır.

Qısacası, Almaniyanın Rusiya ilə danışması nə sadəlövh bir optimizm, nə də siyasi zəiflik əlamətidir. Əksinə, bu, strateji düşüncənin, diplomatik soyuqqanlılığın və uzunmüddətli Avropa təhlükəsizliyi baxışının bir ifadəsidir. Xüsusilə müharibənin uzandığı və qeyri-müəyyənliyin artdığı bir dövrdə böhran idarəçiliyi üçün əlaqə kanallarını açıq saxlamaq diplomatiyanın hələ də ən vacib prinsiplərindən biri sayılır”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa