“Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qalması dünyaya təhdiddir” – ŞƏRH

“Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü olaraq əksər tərəqqipərvər addımları blok etməklə məşğuldur”.

Bu fikirləri dünyanı təhdid edən ərzaq təhlükəsizliyi, BMT-nin bu məsələ qarşısında acizliyi və atılmalı olan addımları şərh edən sabiq millət vəlkili, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında səsləndirib.Nazim Bəydəmirli bildirib ki, BMT Təhlükəsizlik Şurasında dövlətlərin veto hüququ əllərindən alınmalıdır:

“Bir neçə ay bundan əvvəl BMT-nin müvafiq təşkilatı dünyada 65 ölkədə aclıq ola biləcəyi ilə bağlı proqnoz vermişdi. Bunlar o ölkələrdir ki, Rusiya və Ukraynadan müxtəlif ərzaqlar təmin edirdi. Proqnozlaşdırılırdı ki, o ölkələrdə sosial partlayışlar ola bilər. Şri-Lankada belə bir hadisə baş verdi. Digər ölkələrdə də vəziyyət acınacaqlıdır. İranda, Misirdə sosial-iqtisadi problemlər baş qaldırıb. Bu ölkələrin çoxu Rusiya və Ukraynadan taxıl tədarük edirlər.

İstənilən müharibə logistika xətlərini sıradan çıxarır. Bu özü də məyusedicidir. Bunun üçün addımlar atılmalıdır. Ancaq təəssüf edirəm ki, Rusiya özünü 2008-ci ildən daha aqressiv aparır. Eyni zamanda, 1991-ci ildən başlayaraq Dnestryanı ərazini zəbt edib. Qarabağı da Rusiya faktiki olaraq işağl edib ermənilərə vermişdi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, onların sayəsində o torpaqlarımızın böyük hissəsi azad edildi. Rusiya açıq-aşkar dünyaya meydan oxuyur. BMT-nin Baş katibi Moskvada Putinlə görüşmüşdü. Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü olaraq əksər tərəqqipərvər addımları blok etməklə məşğuldur. Zamanında sovet adamları olaraq soyuq müharibə şəraitində bundan çox əziyyət çəkmişik. Soyuq müharibə çox faciəvi şəkildə indiki isti müharibəyə keçib. Son çıxışda da Putin başqa ölkələri nüvə silahı ilə təhdid edir.

Hesab edirəm ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi qalması dünyaya təhdiddir. İstiqamət ona gedir ki, BMT yeni idarəetmə mexanizmi düşünməlidir, veto hüququ ləğv olunmalıdır”.

Səxavət Məmməd