“Putinin iki planı var: Minimum və maksimum. Minimum plan Donbası Krım kimi Rusiyaya birləşdirmək, maksimum plan isə Ukraynanı parçalamaqdır. İndi məlum olur ki, Putinin üçüncü planı da var imiş: Ukraynanın tamamını ələ keçirmək”.
Bu sözləri dünən baş tutan Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü, bundan sonra baş verəcək siyasi gedişləri şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.
Elxan Şahinoğlu bildirib ki, tərəflərin görüşü zamanı silahların susmaması, danışıqların nəticəsiz bitəcəyinə dəlalət edirdi:
“Dünən danışıqlar aparılarkən savaş gedirdi, qətliamlar da davam edirdi. Belə şəraitdə nəticə gözləmək absurddur. Azərbaycanın da bu yöndə nümunəsi var. Ermənistanla aparılan müharibə zamanı danışıq olarkən müvəqqəti atəşkəs elan olunurdu. Danışıq gedə-gedə hətta Belarusdan Ukrayna ərazisinə raketlər atırdılar. Elə bundan bilinirdi ki, danışıqlar nəticə verməyəcək.
Bundan əlavə, Fransa Prezidenti Putinə zəng etmişdi. Putin elə ultimativ şərtlər irəli sürdü ki, bunu özünə hörmət edən dövlət qəbul etməzdi. Putin dedi ki, Ukrayna Krımı Rusiya ərazisi kimi tanımalıdır. Ukrayna silahsızlaşdırılmalıdır. Faktiki olaraq əvvəl dediklərini təsdiqlədi. Putin demək istəyir ki, Ukrayna adında dövlət yoxdur. Ukrayna mənim arxa bağçama çevrilməlidir. Ona görə də danışıqlar nəticə vermədi və bunu belə də proqnozlaşdırmışdım. Dünəndən başlayaraq Xarkov, Kiyev bombalanıb. Ballistik raketlər, kasetli bombalar atıblar. Bir kazarmanı partladıblar, 80-ə yaxın hərbçi yatdığı yerdə həlak olub. Rusiyanın da böyük itkiləri var.
Rusiya həmişə hərbi texnikası ilə öyünərdi. Rusiya ordusu ilə bağlı bir mif var idi. Bu mif Ukraynada dağıldı. Ötən əsrin tanklarını meydanda görürük. Rus əsgərlər o qədər ac olurlar ki, mağazalara girib oranı yağmalayırlar. Məlum olur ki, Rusiya ordusunun ərzaq təchizatı da normal deyil. Ruh yüksəkliyi Ukrayna tərəfdədir. Rusiya Ukraynaya işğalçı kimi daxil olub. Ukraynalılar isə işğalçılara qarşı savaşırlar”.
Politoloqun sözlərinə görə, Rusiya ilk iki gündə məsələni həll etmək istəyib, ancaq reallıqda bu plan alınmayıb:
“Hazırda strateji şəhər olan Mariopol uğurunda qızğın döyüşlər gedir. İllərdir deyirdim ki, Mariopol separatçılar və işğalçılar üçün strateji şəhərdir. Müharibə başlayanda birinci ora hədəf götürüləcək. Çünki Mariopol ələ keçirilsə, Rusiyanın Krıma quru yolu əmələ gələcək. Hazırda Mariopol ətrafında vəziyyət gərgin olaraq qalır. Hesab edirəm ki, Mariopol separatçılar və Rusiya üçün Kiyevdən daha önəmlidir. Qəsəbə və kəndlərin böyük hissəsini zəbt edə biliblər. Orada belə Ukrayna müqavimət göstərir. Rusiya Ukraynanın tamamını işğal etsə belə, görəsən, Putinin B planı varmı ki, Ukraynanı necə idarə edəcək? Ukraynanın 40 milyondan çox əhalisi var. Ukraynanın tamamını ram etmək mümkün olmayacaq. Putin 23 ildir hakimiyyətdir. İlk dəfə görürəm ki, Putin məhəllə uşağı kimi savaşır. Bu müharibə Ukraynanı dağıtsa belə, Rusiyanın özünü də uçuruma aparır. Putin elə bir vəziyyətə gəlib ki, müdafiə naziri və Baş Qərargah rəisinə nüvə silahlarını hazır vəziyyətə gətirməklə bağlı tapşırıq verir. Kimə qarşı nüvə silahından istifadə edəcəksən? Ukrayna hücum etməyib, Rusiya hücum edib”.
Rusiyanın Ukraynadakı planına gəldikdə isə politoloq bunları deyib:
“Rusiya, əslində, Qara dənizsiz Ukrayna yaratmaq istəyir. Rusiya hər zaman Ukraynanı özünün arxa bağçası hesab edib. Putin bir saatlıq çıxışında bildirdi ki, Qara dəniz sahilindəki Ukrayna şəhərlərini, başda Odessa olmaqla, rus imperatorları salıblar. Faktiki ona işarə etdi ki, Ukraynanı dənizdən məhrum edəcəm.
Putinin, əslində, intiqam hissi də var. 2014-cü ildə Maydan hadisələri zamanı Odessada ruspərəstlər mitinq keçirirdi. Kiyevdən millətçilər Odessaya gəlirlər. Onlar Odessaya gələndə həmin ruspərəstlər həmkarların binasında gizlənirlər. Bina yandırılır və 30 ruspərəst ölür. Putini yandıran odur ki, o hadisədən sonra heç kim həbs olunmur. Çıxışında da ona toxunur “Cinayətkarları tanıyırıq və onların yaxasından tutacağıq”. Bu o deməkdir ki, həm Odessaya daxil olmaq istəyir, həm də Kiyevə. Ukrayna əldən getsə, Polşaya, Baltikyanı ölkələrə də təhlükə yaranacaq. Ona görə Avropa Birliyi anlayır ki, Ukraynaya dəstək vermək lazımdır. Bu səbəbdən də illərdir qapıda gözlətdikləri Ukraynanı Avropa Birliyinə qəbul etdilər”.
Səxavət Məmməd
www.yenicag.az