Rusiyanın növbəti riyakarlığı: Rusiya Bakı ilə münasibətləri qəsdən gərginləşdirir?
“Rusiya hələ də Azərbaycanla münasibətlərin soyuq qalmasında maraqlıdır”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
Politoloq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın 18 mart brifinqində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə qarşı nümayiş etdirdiyi qeyri-etik münasibəti kəskin pisləyib:
“Ermənistanda parlament seçkiləri yaxınlaşır. Seçkiöncəsi Paşinyan müxalifətə qarşı mübarizəni daha da sərtləşdirib. Xüsusilə ölkədəki Rusiyayönümlü qüvvələrin sıradan çıxarılması və çevriliş cəhdində adı keçən kilsə xadimlərinin nüfuzdan salınması məsələləri aktuallaşıb. Rusiyanın Ermənistana reaksiyası məhz bu daxili proseslərlə bağlıdır. Rusiya seçkilərdə müxalifətin vahid namizədini irəli sürməklə bütün qüvvələri birləşdirib Paşinyan hakimiyyətinə son qoymağı hədəfləyir. Əgər seçkiyə qədər Paşinyan müxalifətə təzyiqləri artırarsa, bu, həm Rusiyanın, həm də müxalifətin nüfuzuna ciddi zərbə vura bilər”.
T. Rzayev hesab edir ki, Rusiya Azərbaycanla münasibətlərin normallaşmasında hələ də maraqlı deyil:
“Zaxarovanın Ümummilli Lider Heydər Əliyev haqqında səsləndirdiyi fikirlər tamamilə absurd yanaşmadır. Ermənistandakı proseslərin Azərbaycana və xüsusilə Heydər Əliyev irsinə heç bir aidiyyəti yoxdur. Paşinyan ölkəsində dini camiəyə qarşı mübarizə aparırsa, xatırlamalıyıq ki, postsovet ölkələrinin əksəriyyətində vaxtilə radikalizmə qarşı mübarizə gedib. Azərbaycan isə hər zaman multikulturalizmin və dinlərarası harmoniyanın hökm sürdüyü məkan olub. Bu harmoniyanın təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Belə bir radikal kontekstdə Heydər Əliyevin adının hallandırılması riyakarlıq, ikiüzlülük və diplomatik etikanın kobud şəkildə pozulmasıdır. Görünən odur ki, Rusiya Azərbaycanla münasibətlərin soyuq qalmasını istəyir. Əks halda, rəsmi Moskva Azərbaycan üçün həssas olan məqamlara toxunmaz və tamamilə aidiyyatsız bir məsələdə dahi şəxsiyyət Heydər Əliyevin adını hallandırmazdı. Zaxarovanın bu davranışı Rusiya tərəfinin ikiüzlü və məkrli siyasətinin bariz göstəricisidir”.
Nurlan Cəfəri













