II İliya dəfn edildi, Azərbaycan rəsmiləri mərasimdə iştirak etdi - YENİLƏNDİ / FOTO
Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Müqəddəs Üçlük Kafedralında Bütün Gürcüstanın Katalikos-Patriarxı II İliyanın dəfn mərasimi keçirilib.
Yenicag.az xəbər verir ki, mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını Gürcüstan xalqına çatdırıb.
Tədbirdə Ekumenik Patriarx, eləcə də Gürcüstan Prezidenti, Parlamentin sədri, Baş nazir və Gürcü Arzusunun Fəxri Sədri məbəddə toplaşanlara müraciət ediblər.
Patriarxı son mənzilə yola salmaq üçün yürüş Müqəddəs Üçlük Katedralından başlayıb və patriarxın cənazəsi xüsusi ehtiramla Sioni Kafedralına doğru yola salınıb. Ölkə üzrə fəaliyyət göstərən bütün kilsələrdə dəfn zəngləri çalınıb və yüz minlərlə insan küçələrə axışaraq patriarxa son ehtiramlarını ifadə ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Baş nazirin müavini Samir Şərifov və Milli Məclisin bir qrup deputatı daxildirlər.
***12:00
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.
Yenicag.az xəbər verir ki, Tbilisi beynəlxalq hava limanında spikeri Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili qarşılayıb.
Nümayəndə heyətində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və digər rəsmi şəxslər təmsil olunur.
Qeyd edək ki, II İlya martın 17-də 93 yaşında vəfat edib. O, bu gün vəsiyyətinə uyğun olaraq Tbilisidəki müqəddəs Sioni məbədində dəfn olunacaq.














