Samirə Yusifqızından efir qadağası xəbərinə REAKSİYA: “Bu xəbəri yayanlar…”
“Mənə də qadağa qoyulursa, onda hansı telekanaldan, hansı radiodan danışmaq olar?”
Bu sözləri Yenicag.az-a açıqlamasında efir qadağası qoyulan müğənnilər sırasında adı hallanan Samirə Yusifqızı deyib.
İllərini bu sənətə həsr etdiyini vurğulayan sənətçi belə xəbərlərin haradan qaynaqlandığını bilmədiyini bildirib:
“Bu xəbəri yayan kimdirsə, bilmirəm. Ağıllarına nə gəlir, onu da edirlər. Eybi yox, etsinlər. Hamı bilir, mən ali savadlı müğənniyəm, məni bayağı müğənnilərlə səhv salmasınlar. Bir il deyil, beş il deyil, 40 ildən artıqdır ki, musiqimizə xidmət edirəm. Muğam və vokal üzrə savadım var. Qızıl Fondda mahnılarım saxlanılır. Əgər mənə də qadağa qoyulursa, onda daha hansı telekanaldan, hansı radiodan danışmaq olar?”
Sənətçi bununla bağlı heç bir rəsmi qərar olmadığını da açıqlayıb:
“Mənə qadağa barədə heç bir məlumat verilməyib. Rəsmi qurumların bu barədə qərarı da yoxdur. Yəqin, kiminsə ürəyi belə istəyib, belə də xəbər yayıb. Allah canlarını sağ etsin”.
Cəvahir













