Reklam: High Technic
hightechnic

Saxta veteranlar və əlillər, sinə dolu medallar - "Veteranlara güzəştlərin verilməsi yığışdırılmalıdır"

Son dönəmlər saxta veteranlar, əlillər və ictimai təşkilatın pulla satdığı medallar keçmiş döyüşçülər arasında haqlı narazılığa səbəb olub.

Tədbirlərdə sinəsi medalla dolu şəxsləri görəndə adamın gözü önünə II Dünya Müharibə iştirakçıları gəlir. II Dünya Müharibəsi iştirakçıları döyüşərək, qələbə əldə edərək bu medallara layiq görülüblər. Bəs Azərbaycanda döyüş görməmiş, saxta veteranlıq almış, sinəsini 100-150 manata, bəzən tanışlıqla başa gələn medallarla dolduranlar hansı üzlə sinəsini irəli verir? Bunu anlamaq mümkün deyil. Qarabağın hələ də işğalda olduğunu nəzərə alsaq, bu olanlar ayıb deyilmi?

Yaranan durumla bağlı hərbi ekspert Tərlan Eyvazov fikirlərini Yenicag.az-la bölüşüb.

Veteranlığın tarixinə nəzər salan Tərlan Eyvazov bildirib ki, heç II Dünya Müharibəsinin iştirakçıları Brejnevin dövrünə qədər heç bir güzəşt əldə etməyiblər:

“II Dünya Müharibəsində milyonlarla insan iştirak edib, milyonlarla insan da o müharibədə ölüb, yaralanıb, əlil olub. Təxminən ötən əsrin 60-cı illərinə qədər Sovet hökuməti bu yaraların sağaldılması ilə məşğul oldu, ancaq imkanı olmadı ki, müharibə iştirakçılarına, əlillərə, həlak olanların ailələrinə hər hansısa bir yardım göstərsinlər. Brejnev SSRİ rəhbəri olduqdan sonra veteranlara müəyyən güzəştlər verilməyə başlandı. Brejnev özü də müharibə iştirakçısı idi, yaralanmışdı və imkan daxilində müharibə iştirakçılarına dəstək oldu. Onun dövründən komitələrin yaradılması, onların hansı ictimai təşkilatlar altında birləşdirilməsi dövlətin nəzarəti altında aparıldı. Veteran sözü bir sahədə bişmiş, yetişmiş, yaşlanmış adama deyirlər. Əslində o vaxt onlara veteran deyilmirdi. Onlara verilən vəsiqənin üzərində “müharibə iştirakçısı” yazılırdı. Onlar yaşlanandan, pensiya almağa başlayandan sonra müharibə veteranı kimi adlanmağa başladılar.

Əfqanıstan müharibəsi iştirakçısıyam. 1983-ci il noyabr ayının 17-də SSRİ nazirlər kabinetinin qərarı ilə Əfqanıstan müharibəsində iştirak edənlərə güzəştlər verildi. O vəsiqələr də veteran yox, “Güzəşt vəsiqəsi” adlandırılırdı. Mən də Əfqanıstan müharibəsi iştirakçısı olduğum üçün ondan aldım. Bu vəsiqələrlə istər II Dünya Müharibə iştirakçıları, istərsə də Əfqanıstan müharibəsi iştirakçılarına növbədənkənar evlərin verilməsi və digər güzəştlər nəzərdə tutulurdu. Əlil olanlara da dövlət tərəfindən pensiyaların verilməsi nəzədə tutulurdu. Dövlətin özünün vəziyyəti yaxşı olmadığı üçün II Dünya Müharibəsi və Əfqanıstan müharibəsi iştirakçılarını digər vətəndaşlardan fərqləndirirdilər. Açığını desək, ərzaq çatışmazlığı və sosial problemlər çox olduğu üçün bu insanların seçilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmırdı. Hər rayonda, qəsəbədə əlahiddə ərzaq dükanlarımız var idi. Digər mağazalarda olmayan mallar orada olurdu. Ayda 2 kq ət, yağ və digər qida məhsulları verilirdi. Bu da təbii ki, camaat arasında yaxşı qarşılanmırdı. Camaat bu mağazalara “Hitler mağazini” deyirdi. Yerlərdə “Hitlerə təşəkkür edin ki, müharibə edib, o, müharibə etməsə idi, bu ərzaqları haradan alacaqdınız”, deyirdilər. Sovetlər dağıldıqdan sonra da, bu güzəştlər qaldı. AXC-Müsavat hakimiyyəti dönəmində güzəştlərə əlavələr də edildi”.

Qarabağ müharibəsi iştirakçılarına verilən güzəştlər barədə isə hərbi ekspert bunları deyib:

“1993-cü ildən etibarən Qarabağ müharibəsində iştirak edib, əlil olan şəxslərin təşkilatları yaranmağa başladı. 1995-ci ildə isə Əfqanıstan müharibəsində iştirak etmiş, Qarabağ müharibəsində yaralanmış ehtiyatda olan zabit Altay Məmmədovun rəhbərliyi ilə Respublika Veteranlar Təşkilatı yaradıldı.

Ümumən dünyaya nəzər saldıqda müharibə iştirakçıları və onlara hər hansısa güzəştlərin verilməsi təcrübəsi yoxdur. Müharibələrdə həlak olanların ailələrinə və orada əlil olanlara dövlət tərəfindən güzəştlərin və müavinətlərin verilməsi nəzərdə tutulur. Ancaq müharibədə iştirak edib sağlam qayıdanlarla bağlı nə İranda, nə də Türkiyədə belə bir məsələ yoxdur.

1990-cı ildə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi yaradılıb. Respublikamızda sayı bilinməyən veteran təşkilatları var. Bu təşkilatların içərisində elələri var ki, müharibədən qayıtdıqdan sonra orada oturublar. Onlar heç bir yerdə işləmirlər, orada çalışır, oradan qazanır, oradan da yeyirlər. Sovet dövrünə baxdıqda isə insanlar müharibəyə gediblər, gəliblər, işləyiblər, pensiyaya çıxdıqdan sonra bu işlə məşğul olmağa başlayıblar. Çox təəssüflər olsun ki, istər Əfqanıstan, istərsə də Qarabağ müharbəsi iştirakçıları müharibədən gələndən sonra veteranlar birliklərində təmsil olunmağa və hökumətdən müəyyən güzəştlərin tələb edilməsinə başladılar. Əvvəlcə kommunal xidmətlər və ictimai nəqliyyat veteran və əlillər üçün pulsuz idi. Sonradan dövlət bunu ləğv edərək, onun yerinə 55 manatlıq kompensasiyanı verməli oldu”.

Dünya təcrübəsini əsas gətirən Tərlan Eyvazov qeyd edib ki, veteran sözü yığışdırılmalıdır:

“Veteranlara hər hansısa güzəştlərin verilməsi yığışdırılmalıdır. Çünki müharibəyə gedənlərin böyük əksəriyyəti könüllü gediblər və bunun qarşılığında da heç nə ummayıblar. Biz Qarabağ müharibəsindən məğlub vəziyyətdə çıxmışıq. 20% torpaqlarımızı itirmişik. Buna görə də, hər hansısa güzəşti tələb etmək absurtdur. Şəhid ailələrinə və əlillərə qətiyyən toxunmaq olmaz. Dövlət onlara daim yardım etməlidir. Saxta veteranlar və əlillərin olmasına görə istər müharibə iştirakçıları, istərsə də cəmiyyətdə çox böyük narazılıqlar var. Saxta əlillərin aşkar edilməsi üçün komissiya yaradılmalıdır, onlar aşkara çıxarılmalı və əlillikləri ləğv olunmalıdır. Mənə elə gəlir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu işdə maraqlıdır”.

Medal məsələsinə gəldikdə isə hərbi ekspert bildirib ki, əgər hər hansısa bir şəxsə dövlət tərəfindən medallar verilibsə, bu, normal qarşılanmalıdır:

“Hər hansısa ictimai təşkilat özü medal düzəltdirir, onu hazırladır və sonra da insanlara deyir ki, bu medal filan qiymətə başa gəlib, onun pulunu ödəyərək ala bilərsən. Bu qəbul edilməzdir və haqlı şəkildə bu hallar döyüşmüş, yaralanmış, can qoymuş insanlarda narazılıq doğurur. İctimai təşkilatlar bu cür medalları təkcə pulla satmır, özlərini şirin satmaq üçün icra başçılarına, deputatlara da verirlər. Gedib Berlinə çıxan insanların medal gəzdirmək haqqıdır və onlara yaraşır”.

Sonda 2 müharibə iştirakçısı bildirib ki, müharibəni uduzmuş hər hansısa birinin təşkilat yaradıb, medal təsis edib bunu paylaması gülüncdür, biabırçılıqdır.

Səxavət Məmməd

www.yenicag.az

6832