Şaxta yenidən qapımızı döyəcək
Bakıda və Abşeron yarımadasında yanvarın 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, havanın temperaturunun gecə 1-3, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında yanvarın 17-də hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.