“Qərbin bəzi dairələrindən alınan qanunsuz pullar milli maraqlarımızın zədələnməsinə hesablanıb”.
Bu sözləri saytımıza açıqlamasında QHT sədri, internet-media ekspert Səbuhi Abbasov deyib.
“Son günlər bir neçə QHT və media nümayəndəsinin həbs olunması bəzi antiazərbaycan dairələrin narahatçılığına səbəb olub”, – deyən Abbasov sözlərini belə davam etdirib:
“Biz son 20 ildə bu proseslərin bir neçə dəfə təkrarlandığını görürük. Fransa başda olmaqla Qərbin Antiazərbaycan dairələri bəzi media qurumlarında çalışan zəif iradəli insanlara yüksək maddi qonarar müqabilində “ölkələrinə xəyanət” xidmətini təklif ediblər. Çox təəssüf ki, bu insanların bir çoxu bu təklifi müsbət qarşılayıblar. Qərb əslində gözəl bilir ki, Azərbaycanda olan media, internet azadlığı heç özlərində yoxdur. Bu səbəbdən düşünürdülər ki, bəzi adamlarını media qurumlarına salıb, jurnalist kimi yetişdirib, qanunsuz valyuta daşınmasına cəlb etsələr, Azərbaycan höküməti onları həbs etməyəcəkdir. Bəlkə də 20 il öncə belə idi. Ancaq bu gün bütöv Azərbaycan olaraq hər şeyi gözəl başa düşür və dərk edirik. Son günlər həbs olunan insanların, istisnasız, hər biri qanunsuz əməlinə görə tutulub.
Bunun media və söz azadlığına yaxından, uzaqdan heç bir bağlılığı yoxdur. Qanunsuz vəsaiti ölkəyə gətirib, bir neçə gənci də öz təsir dairələrinə salmaq, milli, strateji məlumatları Qərb dairələrinə göndərmək, ölkə nüfuzuna zərbə vurmaq xəyanətlərin ən böyüyüdur. Hüquqi dövlətdə yaşayırıqsa, o zaman zəhmət çəkib qanunlarımıza da hörmət etməliyik. Kimsə cibinə vəsiqə qoyub, mən jurnalistəm deyib qanunsuz işlərlə məşğul olacağını düşünürsə, yanılır. Nə Azərbaycan o Azərbaycandır, nə də media o mediadır. Hər şey gün kimi aydındır. Tanrı Sizi islah etsin və qapınızı açsın!”
www.yenicag.az