!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Seçkilər Avropanı QARIŞDIRDI: İfrat sağçıların qələbəsindən sonra fikir ayrılıqları

!Reklam – Yazi

Almaniyanın ifrat sağ AFD partiyası bu seçkidə proqnozlardan 4% az səs toplayıb. Partiya sorğularda 20% səs əldə etsə də, yekun seçkidə 16.5% səs toplaya bilib. Lakin buna baxmayaraq, AFD ötən seçkiyə nisbətdə səslərini 5% artırıb və parlamentdə 16 yer əldə etməyi bacarıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalının “Avropa Parlamentinə seçkilər və Putin Rusiyası” adlı sərlövhəli məqaləsində qeyd olunub.

Kanal yazır ki, eyni zamanda, AFD hazırda Şoltsun liderlik etdiyi “işıqfor koalisiyası”nda təmsil olunan bütün partiyalardan (SPD, FDP, “Grune”) ayrılıqda daha çox səs toplayıb və CDU/CSU-dan sonra ölkə üzrə ikinci, Şərqi Almaniyada isə birinci yerə çıxıb.

“Buna baxmayaraq, AFD dəyişiklik həyata keçirməsə, partiya ilə anlaşmaq çətin olacaq. Partiyanın nümayəndəsinin nasizm təbliğatı, Hitler komandasına haqq qazandırması, daha sonra “Almaniya almanlar üçün” şüarları bir çox partiyanı onlardan uzaqlaşdırıb. Hətta bu çıxışlara görə Mari Le Pen belə onlarla ittifaq qurmayacağını bildirib. Belə olan halda isə AFD öz siyasətində ciddi dəyişiklik etməsə, Şərqi Almaniya partiyası olaraq qalacaq”, – deyə məlumatda qeyd edilir.

Kanalın analitiklərinin fikrincə, ifrat sağ şənbə günü nəticələrini yaxşılaşdırsa da, uzun illərdir Avropa Komissiyasına nəzarət edən, habelə Almaniya və Fransanın nəzarətində olan sağ mərkəzçi Avropa Xalq Partiyası(EPP) seçkilərdə birinciliyini qoruya bilib.

“Partiya parlamentdə təxminən 184 yerə sahib olacaq ki, bu da 720 yerin dörddə biri deməkdir. Bu siyasi quruluş isə seçkilərdə böyüyən yeganə mərkəzçi partiyadır. Sol mərkəzçi Sosialistlər və Demokratlar dəyişməz qalıb, Avropanın Yenilənməsi liberal qrupu isə məhv edilib. Sorğuların proqnozlaşdırıldığı kimi, ifrat sağçılar blokda əhəmiyyətli uğurlar qazanıblar. Avropa Parlamentində iki ən sağçı qrup – Avropa Mühafizəkarlar və İslahatçılar ilə Kimlik və Demokratiya qrupu palatadakı 131 yerə nəzarət edəcək. Buraya Almaniya üçün “Alternativ” Partiyasının (AfD) 15 deputatı, Viktor Orbanın “Fidesz” partiyasından 10 deputat, Polşanın Konfederasiya Partiyasının 6 üzvü və Bolqarıstanda Kremlpərəst “İntibah” Partiyasının 3 üzvü daxil deyil”, – deyə bildirilir.

Məlumata görə, hazırda Avropa Komissiyasının sədri olan Belçika əsilli almaniyalı Von der Leyen yenidən EPP namizədi kimi komissiyaya sədrlik edə bilər.

“Hazırda onu dəstəkləyə biləcək koalisiyanın səsi 440 deputatdan çoxdur. Son seçkidə o 440 səsin 383-nü qazana bilib. Bu dəfə isə öz partiyasında olan bir çox deputat da onun namizədliyini dəstəkləyəməyəcəklərini bildiriblər. Fransa da Leyenin namizədliyinə qarşı çıxır. İfrat sağ 73 yer əldə edib. Əgər onlar fraksiya qursaydılar, ciddi təsir imkanları ola bilərdi. Amma onlar arasında fikir ayrılıqları var. Buna baxmayaraq, onlar komissiyanın gələcək fəaliyyətinə problemlər yarada bilərlər. İfrat sağçıların yüksəlişi Putin üçün yeni ümiddir, lakin vəziyyət hələlik faciəvi durumda deyil. Buna baxmayaraq, ifrat sağın qələbəsi mərkəzçi partiyaları da sərtləşməyə və immiqrasiya ilə bağlı mövqeyini gücləndirməyə vadar edəcək”, – deyə kanal əlavə edib.

Bildirilir ki, bu seçkilər Avropanın mərkəzçi partiyalarına bir siqnaldır.

“İyun və iyulda Fransa, noyabrda ABŞ və gələn il Almaniyada seçki dövrü Putin üçün müəyyən nəfəslik yarada bilər. Eyni zamanda, Almaniyanın hazırkı koalisiyası gələn il seçkiyə qədər öz siyasətlərində dəyişiklik edə bilməsə, Angela Merkel dövründən sonra müxalifətə keçən CDU/CSU yenidən hakimiyyətə qayıda bilər. Hazırda Fridrix Merzin liderlik etdiyi partiya Ukrayna mövzusunda Şoltsdan fərqli olaraq, daha sərt mövqe tutur və Ukraynaya “Taurus” qanadlı raketləri tədarük etməyi nəzərdən keçirir”, – deyə qeyd edilib.

Məqalədə həmçinin o da qeyd olunub ki, ifrat sağın yüksəlişi və parlamentdə daha çox səs əldə etməsi fonunda bu ssenari də ciddi müqavimətlə rastlaşacaq.

“Əgər noyabrda Şimali Atlantikanın Qərb sahilində – ABŞ-də Donald Tramp hakimiyyətə qayıdarsa, Şimali Atlantikada bir sağ koalisiya formalaşacaq. Qeyd edək ki, Trampın birinci prezidentliyi dövründə Avropa liberal hərəkatları ilə Tramp arasında ciddi fikir ayrılıqları var idi. İndi isə Atlantikanın hər iki sahilində sağ koalisiya yarana bilər. Buna qədər Tramp və Boris Conson sağ tandemi “Brexit”ə və Britaniyanın Avropa Birliyindən çıxmasına səbəb oldu. Tramp Londonun Brüssellə “siyasi boşanma”sına açıq dəstək verdi”, – deyə bildirilib.

“İndi isə Britaniyada “Brexit”ə dəstək azalır və bu ölkədə, əksinə, sol 14 ildən sonra hakimiyyətə geri qayıda bilər. Beləliklə, şənbə günü baş tutan seçkilər Avropada gedən sosioloji dəyişikliklərin və Ukrayna müharibəsinin ilkin nəticəsidir. Eyni zamanda, Avropada avtoritar liderlər üçün darıxan zehniyyət oyanır. İfrat sağ Ukrayna mövzusunda Putinlə dialoqyönümlü, yoxsa daha radikal siyasət izləyib-izləyəməyəcəyini zaman göstərəcək”, – deyə kanalın məqaləsində qeyd olunub.

Rafi Müslümov

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv