Ağstafanın Kolxəlfəli kəndindən olan Vətən müharibəsi şəhidimiz Ruslan Mustafa oğlu Kazımovun şəhadətə ucalmasının birinci ildönümündə əziz xatirəsi ehtiramla yad edilib.
Vətən oğlunun anım günündə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri, ağstafalı Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Ruslanın döyüş yoldaşları, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidimizin məzarı ziyarət olunub, üstünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Doğma evində təşkil olunan anım mərasimində onun keçdiyi şərəfli ömür yolundan, döyüş meydanında sərgilədiyi igidlik və mərdlik nümunəsindən, eləcə də ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub.
Ruslan Kazımov 16.11.1988-ci ildə Kolxəlfəli kəndində dünyaya göz açıb. O, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində Ordumuzun sıralarında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi savaşıb. Şiddətli döyüşlərin birində ağır güllə yarası almışdır. Doğma kəndində torpağa tapşırılan şəhidimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Evli olan şəhidimizin özündən sonra bir oğul və iki qız övladı yadigar qalıb.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
www.yenicag.az