Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi “Şəhidimizi Unutma” adlı tələbə yardım kampaniyasına start verib.
Yenicag.az xəbər verir ki, məqsəd tələbələrdə vətənpərvərlik hisslərini aşılamaq, şəhid olmuş Azərbaycanın qəhrəman oğullarının ailələri ilə tanış olmaq və onlara müxtəlif növ yardımlar göstərməkdir. İlk səfər bu ilin 28 sentyabr tarixində Aprel şəhidi Müşfiq Orucovun evinə olub.
Müşfiq aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Ailənin tək oğul övladı olan Müşfiq Orucov Azərbaycan Texniki Universitetinə ən yüksək balla – 700 bal toplayaraq daxil olmuşdu. Müşfiq Orucov əslən Zəngilandan olan qaçqın ailəsinin övladıdır və onlar Zığ Şosesi 15, Zig yolu 15, Zeynalabdin Tağıyev adına Toxuculuq Kombinatının mədəniyyət binasında məskunlaşıblar.
Qeyd edək ki, BDU THİK sədri Nihad Allahyarlı və layihə kordinatoru Nərmin Cavadzadə görüşdə iştirak edib. Görüşdə 30-dan çox BDU tələbəsi iştirak edib. Layihə ayda bir neçə dəfə şəhid ailələrinin evlərinə səfərlər təşkil olunmaqla, 2019/2020-ci tədris ilinin sonuna kimi davam edəcək.
www.yenicag.az