!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdə susuzluq PİK HƏDDƏ: "Sahəni görən oturub zülüm-zülüm ağlıyar" - Çinarlı qəsəbəsindən növbəti ŞİKAYƏT

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakinləri susuzluqdan əziyyət çəkmələrilə bağlı redaksiyamıza şikayət ünvanlamışdılar.

Qəsəbə sakinləri Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasovun əkin sahələrinə su verilməsinin qarşısını aldığını bildiriblər.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Elçin Abbasov sakinlərin iddialarının əsassız olduğunu bildirib.

Elçin Abbasovun saytımızda yayımlanan açıqlamasından sonra yenidən Çinarlı qəsəbə sakinlərilə əlaqə saxladıq.

Qəsəbə sakini Cavid Qəribov Yenicag.az-a açıqlamasında su probleminin hələ də davam etdiyini bildirib:

“25 sot yoncam var, onun içində yonca tapsanız, mənə lənət. Ora o qədər pul tökdüm, elə də getdi. Həftədə bir dəfə su verirlər, o da sahəni qarşılamır. Hazırda su gəlmir heç, kanal suyu bağlanıb”.

Şikayətçi Məhəmməd Zeynalzadə də sahələrin susuzluqdan yandığını qeyd edib:

“Bu dəqiqə su gəlmir. Kənddə su yoxdur, millət susuzluqdan qırılır. Sahələr susuzluqdan yanıb. İndiyə kimi sulanırdı, ancaq indi su çatdırmaq olmur, necə olur bu? Hektarlarla taxıl sulanır, ancaq necə olur ki, yoncaya gələndə su olmur?! Bundan qabaqkı illər necə sulanırdı bəs?”

Qəsəbə sakini Arif Məmmədov saytımıza açıqlamasında vəziyyətin çox kritik olduğunu vurğulayıb:

“Özüm heyvandarlıqla məşğulam, bir hektara kimi də moruq əkmişəm. Gəlin baxın, əgər mənim yerimə su dəyirsə, ölü-dirimə lənət. Belə olmaz. Gedirəm, məni yubadırlar, bu gün-sabah, bu gün-sabah. Oğlum onun dərdindən heyvanı-zadı satıb Rusiyaya getdi. Gərək, biz də satıb kənddən çıxaq, ayrı əlac yoxdur. Vəziyyət çox pisdir. Mən haqqımı tələb edirəm. Moruğu borc alıb əkmişdim. Allaha and olsun, sahəni görən oturub zülüm-zülüm ağlıyar. Prezidentimiz düzüb-qoşub ki, xalq dolansın, bunlar da dolandırmır. Dünən arayış almağa yanına getmişəm (icra nümayəndəsini nəzərdə tutur – red.), mənimlə elə hədə-qorxu ilə söhbət edir ki. Vətəndaşı dolandırmaq lazımdır. 67 yaşım var, mən bu yaşda gedib evdə oğul-uşağa nə deyim?!”

Məsələni diqqətdə saxlayacağıq.

Aqil Bəkir

www.yenicag.az

185
Ads
www.veteninfo.com
!Reklam – Arxiv