!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sənətin incəliyini duyacağınız məkan: Ankara Rəsm və Heykəl Muzeyi – Aqil Bəkir yazır

!Reklam – Yazi

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə qardaş ölkənin İstanbul, Ankara və İzmir şəhərlərinə səfər etdik.

Səfər çərçivəsində bu üç şəhərin tarixi və turizm məkanlarında olduq, söz yerinə düşərsə, ruhumuzu istirahətə çəkdik.

Təbii ki, ziyarətdə “ən”lər də yaşandı və indi sizə söhbət açmaq istədiyim məkan da məhz bu “ən”lər sırasındadır: Ankara Rəsm və Heykəl Muzeyi.

Hər şeydən əvvəl muzeyin Mustafa Kamal Atatürklə bağlı bilinməyən hissəsindən söhbət açmaq istəyirəm.

Muzey binası 1927-ci ildə memar Arif Hikmət Qoyunoğlu tərəfindən layihələndirilib, arxitektur üslub etibarilə Böyük Səlcuqlu, Osmanlı və müasir Türkiyə memarlığının sintezini əks etdirir. Türk Ocaqları adlandırılan qurumun mərkəzi olan bu binada vaxtilə önəmli dövlət tədbirləri keçirilib, xarici qonaqlar Atatürk tərəfindən məhz bu binada qəbul edilib.

Muzeyin nəzdində olan konsert zalı akustik quruluşuna görə dövrünün ilklərindən hesab edilir. Həmin konsert zalındakı prezident lojasında Atatürkün oturub konsertləri izlədiyi stullar isə hələ də qorunub saxlanmaqdadır. Maraqlısı isə budur ki, Atatürkün vəfatından sonra xələflərindən heç biri o stullarda əyləşməyib.

Sənətin xronologiyası

Muzeydəki eksponatlar xronoloji ardıcıllığa uyğun sərgilənir. Muzey müdiri Ərdəm Akkurtun özünəməxsus və peşəkar anlatımı ilə muzeyi gəzməyin yaratdığı xoş təəssüratdandır ki, sərgilənən əsərlərə az qala tədqiqatçı diqqətilə tamaşa  etdim.

Türkiyənin modernləşmə siyasətinin rəsm əsərlərindəki ifadəsini yuxarıda vurğuladığım xronoloji yerləşdirmə sayəsində aydın şəkildə görmək mümkündür.

Sənət tarixinin keçdiyi yolu və dönəmin rəssamlarının dövrün hadisələrinə baxış tərzini özündə əks etdirən rəsm əsərlərinin arasında olmaq o dövrlə əhatələnmiş kimliyin təsirə altına düşmə şansınızı daha da artırır. Mən də o şanslı insanlardan biri idim.

Muzeydə Türkiyə rəssamlıq məktəbinin cərəyan mənsubluğu haqqında düşüncələr formalaşmaqla qalmır, həm də insanın yaddaşına həkk olunur.

1000-dən çox eksponatın qorunduğu muzeydə həmin əsərlər, dediyim kimi, sıra ilə sərgilənir. Yəni zamanlamaya görə fərqli gedişlərinizdə müxtəlif əsərlərlə qarşılaşma imkanınız olacaq ki, bu da təkrarçılığın monotonluğunu yox edir və siz ilk gəlişiniz kimi yeni təəssüratlarla muzeydən ayrılırsınız.

Bir çox detallar var ki, onlar mənim özümə də çox maraqlı idi. Məsələn, türkcə “subay ressamlar” adlandırılan hərbçi rəssamların fırçasından süzülən rəsm əsərləri… Bu rəssamların əsərlərində təsvir önəmli yer tutur, lakin insan surəti, demək olar ki, yoxdur. Bu da 6 əsrlik İmperiya ənənələrinin “subay”lara diqtə etdiyi dini görüşlərdən qaynaqlanır. Daha maraqlısı isə budur ki, “subay rəssamlar”ın bəziləri çəkdikləri təsvirlərə sonradan insan surətləri də əlavə ediblər: Sənət və siyasət!

Xatirimdə yer etmiş əsərlərdən biri də Neşet Günalın “Ana və uşaq” rəsmi oldu. Anadolu həyatını ustalıqla əks etdirən Günalın sözügedən əsərində bəzi detalların sizin də diqqətinizdən qaçmayacağından əminəm.

Sənət ruhun qidasıdır. Mən də Ankara Rəsm və Heykəl Muzeyində ruhumu acgözlüklə “qidalandırdım”. Oradan ayrılarkən muzey mənə sanki, “Yolun düşsə, bir də gəl”, – deyirdi.

Yolunuz Ankaraya düşsə, siz də mütləq bu tarixi məkana baş çəkin. İnanın ki, dəyər.

www.yenicag.az

2202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv