“Arayik Arutyunyan və Ruben Vardanyan Balasanyanın siyasi təşəbbüsü ələ keçirmək niyyətini qəbul etmirdilər”.
Bu fikirləri Qarabağdakı separatçı rejimin keçmiş “səhra komandiri” Vitali Balasanyanı həbs etdirməsinin səbəblərini dəyərləndirən professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib. Professorun sözlərinə görə, Balasanyanın həbsi separatçı rejiim rəhbərliyinin ondan qisas almaq aktı kimi qiymətləndirilə bilər:
“Balasanyan Qarabağ separatçıları arasında son dövrlərdə yenidən önə çıxmağa çalışan fiqurlardan biri idi. O, Birinci Qarabağ Müharibəsində də Azərbaycana qarşı döyüşüb, Xocalı Soyqırımının törədilməsində birbaşa iştirak edib və xüsusi amansızlığı ilə seçilib. Daha sonra bir müddət kənarda qalmışdı və dediyim kimi, axır vaxtlarda fəallaşmağa çalışırdı, bu da onun separatçı rejimin rəhbərliyi ilə toqquşmasına gətirib çıxardı.
Yeri gəlmişkən, Balasanyan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla danışıqlara gedilməsini tələb edirdi və o çərçivədə baş tutan görüşlərin birində iştirak etmişdi. Ancaq bu fakt onun törətdiyi cinayətlərin “silinməsi” anlamına gəlmir. O, Qarabağın özündə də çox sayda cinayətlər törədib, “dövlət” əmlakının talanmasında və sui-qəsdlərin təşkilində suçlanır.
Fikrimcə, Balasanyanın həbsi separatçı rejim rəhbərliyinin ondan qisas almaq aktı kimi qiymətləndirilə bilər. Bundan başqa, Balasanyanın həbsinin siyasi səbəblərinin olduğunu da söyləmək mümkündür.
Hesab etmək olar ki, separatçı rejim onu həbs etməklə Balasanyanın Bakı ilə Xankəndi arasında mümkün təmaslardan kənarda qalmasını hədəfləyib. Həm də ki, Arayik Arutyunyan və Ruben Vardanyan onun siyasi cəhətdən fəallaşmasını, təşəbbüsü ələ keçirmək niyyətlərini qəbul etmirdilər. Onlar açıq şəkildə bildirirdilər ki, Bakı ilə təmaslar baş tutarsa, Balasanyanın o prosesdə iştirakına imkan verilməməlidir. Yəni bu, özlüyündə bir qisas aktıdır.
Doğrudur, Balasanyan cinayətkardır, ancaq separatçı rejimin onu həbs etdirməsi konkret qisasdır. Hətta müxtəlif məlumatlara əsasən, Balasanyanın ailə üzvləri də həbs edilib və onların barəsində cinayət işi açılacaq. Balasanyanın həbsinin nizamlama prosesinə hansı təsir göstərəcəyini söyləmək çətindir. Digər tərəfdən, Balasanyanın “Daşnaksütyun” partiyasının üzvü olduğunu nəzərə alsaq, onun həbsinin siyasi planda da separatçı rejimin işinə yaradığı vurğulanmalıdır”.
A.Zeynalov
www.yenicag.az