Separatçıların məhkəməsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdilər
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 25-də davam etdirilib.
Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş Sahib Əsgərov ifadəsində bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Kəlbəcərdən məcburi köçkün düşüb. Deyib ki, şəhərə hücumlar nəticəsində qohumlarından həyatını itirənlər və yaralananlar olub. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualını cavablandıraraq vurğulayıb ki, Kəlbəcər sakinləri şəhəri tərk edərkən onlara çıxış üçün yol belə verilməyib.
Zərərçəkən Kəlbəcərdə “Tunel” faciəsinin şahidi olduğunu da diqqətə çatdırıb. O, ifadəsində, həmçinin düşmən tərəfdən xaricdən gətirilmiş muzdlu döyüşçülərin də olduğunu bildirib. “Qəbiristanlıqlarımızı dağıdıb, mədəni tarixi-dini abidələrimizi öz adlarına çıxarıblar”, – deyə S.Əsgərov əlavə edib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualını cavablandıran zərərçəkən Sabir Quliyev Şuşanın Göytala kəndinin sakini olduğunu, 1992-ci il mayın əvvəlində şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və məcburi köçkün düşdüyünü vurğulayaraq söyləyib: “Əmim oğlanları Tahir və Rəfael Quliyevlər həlak oldular. Tahir Quliyevin meyiti hələ də tapılmayıb”.
“Şuşanın işğalı zamanı qarşı tərəf dinc əhaliyə humanitar dəhliz vermədi. Laçından keçəndə isə Gorus tərəfdən artilleriya atəşinə məruz qaldıq. Orada yaşlı qadın həlak oldu”, – deyən zərərçəkən əlavə edib ki, torpaqlarımız işğaldan azad olunandan sonra atasının qəbrini ziyarət edəndə onun məzarının dağıdıldığını, bəzi başdaşlarının çıxarıldığını görüb.
“Mülkümüzü, təsərrüfatımızı, var-dövlətimizi əlimizdən aldılar. Kəndlərimizi dağıdıblar, sakinlər evlərini belə tapa bilmirdilər. Torpaqlarımızı elə bir vəziyyətə salıblar ki…”, – deyə o diqqətə çatdırıb.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualını cavablandıran zərərçəkən Almaz Ağayeva bildirib ki, ailəsi ilə Xankəndi şəhərinin “5-ci paralel” küçəsindəki evdə yaşayıb. 1988-ci ilin sentyabrında təzyiqlərə dözməyərək Şuşaya köçüblər. “Mən Qarabağ İpək Kombinatında işləyirdim. Erməniləri gətirib Xankəndiyə doldururdular, azərbaycanlıları döyürdülər. Belə təzyiqlərə dözməyərək çox əzab-əziyyətlə meşədən keçib cığırlarla Şuşa şəhərinə gəldik. 1992-ci ildə isə Şuşadan da məcburi köçkün düşdük. Qonşum Zöhrə Quliyeva orada qətlə yetirildi. Atam da yaralanmışdı. Zirzəmidə qalırdıq. Artilleriyadan atəş açırdılar”, – deyə o, hadisələri xatırlayıb.
Zərərçəkən Sevda Həsənova ifadəsində 1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Füzuli rayonundan məcburi köçkün düşdüyünü söyləyib. Dövlət ittihamçısı Fuad Musayevin sualını cavablandıran S.Həsənova deyib: “Mülki əhali ilə hərbçilər arasında heç bir fərq qoyulmurdu. Qonşumuzun həyətinə “Qrad”la atəş açmışdılar, qızın bədəni parça-parça olmuşdu”.
O vurğulayıb ki, torpaqlarımız işğaldan azad ediləndən sonra oraya qayıdanda qəbiristanlıqlarda məzarların dağıdıldığının şahidi olub.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında zərərçəkən Araz Cəbrayılov 2023-cü il sentyabrın 19-da Xankəndi yaxınlığında meşədə pusquya salındıqlarını və açılan atəş nəticəsində yaralandığını bildirib.
Zərərçəkən Nadir Məmmədov ifadəsində 1993-cü il oktyabrın sonlarında Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilandan məcburi köçkün düşdüyünü və yaralandığı söyləyib: “Mülki əhaliyə rayondan çıxmaq üçün heç bir humanitar dəhliz verilmədi, sakinlər atəşə tutulurdu. Araz çayından keçib xilas olmuşuq”.
O, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış evlərinin şəklini göstərərək qeyd edib ki, 1991-ci ildə tikdikləri evdə cəmi 2 il yaşaya biliblər. “Evlərimizə, məscidlərimizə, qəbiristanlıqlarımıza vurulan zərərin ödənilməsini tələb edirik. Qəbiristanlıqlarımızda qəbirlərimiz də dağıdılıb”, – deyə o əlavə edib.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkən Nəriman Ələsgərov ifadəsində Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Zəngilandan məcburi köçkün düşdüyünü bildirib. Deyib ki, Zəngilanın işğalı zamanı poçtalyon vəzifəsində çalışan Bəhmən adlı şəxs artilleriya atəşi nəticəsində öz həyətində həlak olub. “Qısa müddət ərzində bir neçə kəndi işğal etdilər, əhali kəndlərdən ayaqyalın qaçmağa məcbur oldu. Vəli dayının ailəsini qətlə yetirdilər. İsmayıl dayını ruhi xəstə oğlu ilə birlikdə tanka bağlayaraq sürüyüb öldürdülər. Əhaliyə humanitar dəhliz verilməmişdi. Kəndləri işğal edən kimi yandırırdılar”, – deyə o vurğulayıb.
Nəriman Ələsgərov Zəngilan işğaldan azad olunandan sonra oraya qayıdarkən kəndlərdə daşın daş üstə qalmadığını, qəbiristanlıqların dağıdıldığını gördüyünü söyləyib.
Zərərçəkənlər təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarını da cavablandırıblar.
Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr elan olunub.
Məhkəmə prosesi avqustun 28-də davam etdiriləcək.