Siqaretin qiyməti azaldılacaq?
Bildiyimiz kimi, bir neçə gün öncə siqaretlərin qiyməti kəskin bahalaşdı. Xaricdən gətirilən və eləcə də, ölkədə istehsal olunan siqaretlərin qiymətində 0.30-0.70 AZN arası artım müşahidə edilir. Qiymətin istehsalçılar tərəfindən artıldığı bildirilir. Belə ki, ölkədə dolların qiymətinin qalxması və manatın ucuzlaşması bu sahəyə də öz təsiri göstərib.
İqtisadçı-ekspert Rəşad Həsənov bahalaşmaya belə münasibət bildirdi: “Bildiyimiz kimi burada xammal daha çox xaricdən gətirilir. Bunların da dollarla alınması maya dəyərinin artması deməkdir. Məlum olduğu kimi, ilin əvvəlində siqaretlərə akzis vergisi artırıldı. Belə olan halda, hər iki səbəbdən məhz şirkətlər qiymətləri qaldırmağa məcburdur. Digər tərəfdən isə başlayan proses nəticəsində şirkətlərin fəaliyyətinin daha çox leqallaşdırılması Vergilər Nazirliyi tərəfindən tələb kimi qoyulub. Yəni, bu şirkətlər öz əməliyyatlarının daha çox hissəsini leqal şəkildə göstərməlidirlər. Bu da şirkətlər üçün əlavə vergi xərcləri yaradır. Hər üç səbəb birləşdiyi halda siqaretin qiymətinin qalxması normal haldır. Mümkündür ki, dövlət qurumlarının administrativ təzyiqləri nəticəsində siqaretlərin qiyməti nisbətən azaldılsın. Bu da baş versə, istehsalçı şirkətin gəlirləri azalacaq, biznesin stimulunun gəlirlərinin aşağı düşməsinə gətirib çıxaracaq”.
Kamran