!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir - Ramil Həsən yazır

!Reklam – Yazi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji islahatlar kursu dövlətimizin dayanıqlı inkişafını təmin edən mühüm amillərdən biridir. Azərbaycan Prezidenti davamlı inkişafı məhz islahat yolu ilə təmin edir, dayanıqlı inkişaf isə zamanın çağırışlarına uyğun olaraq yeni islahatlar zərurəti meydana çıxarır. Beləliklə, ölkə başçısının islahatları davamlı xarakter daşıyır, bütün sahələri əhatə etməklə Azərbaycanın milli gücünün artmasını şərtləndirir.

Dövlət başçısının siyasi iradəsi əsasında hakimiyyət tərəfindən siyasi dialoq təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsi yeni siyasi münasibətlərin formalaşması və inkişafı baxımından xüsusi önəm kəsb edir. Təbii ki, öz fəaliyyətində milli maraqları – dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr bu dialoq təklifinə müsbət yanaşırlar. Başqa sözlə, milli maraqları rəhbər tutan siyasi partiyalar hakimiyyətin islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdirəlayiq hal kimi xarakterizə edirlər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Ümumiyyətlə, dövlətimizin başçısı 2018-ci ildə islahatların yeni mərhələsini elan etdi və bu dövrdən başlanan dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayır. Məhz bu islahatlar müasir dövrdə Azərbaycanda iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında mühüm amil olmaqla yanaşı, yeni milli və qlobal çağırışların həllində lokomotiv rolunda çıxış etməkdədir. Bu mənada yeni siyasi konfiqurasiyanın formalaşması da sonrakı mərhələdə ölkənin siyasi sisteminə yeni keyfiyyət dəyişikliyi yaradacaq. Prezident İlham Əliyev VI çağırış Azərbaycanın Milli Məclisinin ilk iclasında çıxış edərək ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdığını bəyan etdi. Dövlət başçısının siyasi islahatlar kursunun nümunəsi olaraq ölkəmizdə qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni qanun isə siyasi münasibətlərin və siyasi partiyaların fəaliyyətini daha da təkmilləşdirilməsinə xidmət edir.

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da təşkil olunan görüşü də siaysi münasibətlərin inkişafının əyani göstəricisidir. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib. Ədalət Vəliyev siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Əlbəttə ki, siyasi qüvvələrin sağlam əməkdaşlığı milli həmrəyliyimizin və siyasi sabitliyin vacib elementlərindən biridir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında başlanan və uğurla davam etdirilən siyasi dialoq prosesi, eyni zamanda, milli həmrəyliyi gücləndirən çox mühüm vasitədir. Biz bunu 44 günlük Vətən müharibəsi zamanı və postmüharibə mərhələsində də gördük. Respublikamızda fəaliyyət göstərən siyasi partiyaların ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasətinə birmənalı dəstək göstərmələri milli həmrəyliyin bariz nümunəsidir. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Vətən müharibəsi zamanı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, erməni yalanlarının ifşa olunması və bütövlükdə milli maraqların qorunması istiqamətində də fəallıq nümayiş etdiriblər. Siyasi partiyalar tərəfindən bir çox bəyanat və müraciətlər imzalanıb. Yeni mərhələdə də siyasi qüvvələrin ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri olduqca müsbət və təqdirəlayiq hal olmaqla mühüm əhəmiyyətə malikdir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin islahatlar kursu, həmçinin siyasi dialoq prosesi Azərbaycanın inkişafının davamlı xarakter daşımasını, ölkəmizin gücünün artmasını və milli birliyin möhkəmlənməsini təmin edən mühüm strateji amildir. Beləliklə, həyata keçirilən islahatlar, dövlətin siyasi partiyalarla təmasları bir daha təsdiqləyir ki, ölkəmizdə siyasi münasibətlər yeni çağırışlar və reallıqlar, həmçinin milli maraqlar əsasında tənzimlənir.

Ramil HƏSƏN
Mİlli Məclisin deputatı

COP29

www.yenicag.az

1629
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv