!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi qələbədən iqtisadi inkişafa: "Ölkəmiz xarici investisiya üçün açıqdır" - MÜSAHİBƏ

!Reklam – Yazi

“Azad olunmuş ərazilərimizdə istehsal olunacaq kənd təsərrüfatı məhsulları ixrac yönümlü olacaq”.

Bunu ölkənin mövcud iqtisadi siyasətini dəyərləndirən Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Yenicag.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Əsli xanım, siyasi qələbəmiz sosial-iqtisadi sahəyə necə təsir edir?

– 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi 30 illik vətən həsrətinə son qoydu, torpaqlarımız işğaldan azad edildi. 2021-ci il isə Azərbaycanın müasir tarixinə quruculuq, abadlıq ili kimi yazıldı. İşğal dövründə erməni vandalizminin qurbanına çevrilən, dağıdılan, yerlə yeksan olunan kəndlərimiz, şəhərlərimiz, dini, mənəvi, tarixi abidələrimiz, o cümlədən təbii resurslarımız yenidən bərpa olunur. Azərbaycan dövləti bütün gücü ilə həmin torpaqları yenidən canlandırmaq, dirçəltmək üçün səfərbər olub. 2021-ci ildə Azərbaycan dövləti işğaldan azad edilmiş reigonlarımızda çoxsaylı abadlıq işləri görməklə yanaşı, regionda formalaşan yeni iqtisadi reallıqlar fonunda beynəlxalq əməkdaşlığın qurulması, gücləndirilməsi, təhlükəsizliyin və dayanıqlı sülhün təmini üçün böyük səy göstərdi. Bu mənada, ötən il dövlətimiz qarışısındakı prioritetlərin həyata keçirilməsinə nail olub. Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilib. Bu gün dünyanın böyük dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar qlobal inkişafa mühüm töhfə olacaq bu əməkdaşlığın formalaşması istiqamətində Azərbaycanın ortaya qoyduğu səyi dəyərləndirir, yüksək qiymətləndirir.

Beynəlxalq arenada Azərbaycan öz uğurlu xarici siyasətini yüksək peşəkarlıqla həyata keçirir. Bunun nəticəsidir ki, bir sıra xarici dövlətlər artıq işğaldan azad edilmiş regionlara investisiya qoyuluşunda maraqlı olduğunu dilə gətirir. Ən əsası, Azərbaycan dövləti Qarabağı öz keçmiş şöhrətinə qaytarmaq, yeni, müasir şəhər və kəndlər yaratmaq, həmin ərazilərə köçürüləcək vətəndaşlarımızın sosial rifahını təmin etmək üçün böyük işlər görür.

– Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən birinci rübün yekunlarına həsr olunan müşavirədə çıxış edən ölkə başçısı bildirdi ki, Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf etdiriləcək. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq. Bu barədə nə deyə bilərsiniz?

– Prezident İlham Əliyev öz çıxışında xalqımıza mühüm bir müjdəni də verdi. Ölkə başçısı qeyd etdi ki, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanılacaq. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa olunacaq. Bu onu göstərir ki, Qarabağın inkişafı və bərpası istiqamətində həyata keçirilən işlər sürətlə davam etdirilir. Bunun nəticəsidir ki, üç məktəbin – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və Şuşa şəhərində məktəbin inşasının bu il başa çatması planlaşdırılır. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.

Ağdam və Füzuli şəhərlərinin Baş planları təsdiqlənib və Baş planlar əsasında işlərə start verilib. Bu müjdəli xəbərlər hər bir azərbaycanlının qüruru, sevincidir.

– Görülən abadlıq-quruculuq işlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın inkişafı məsələsi xüsusi diqqət mərkəzindədir…

– Çünki Şuşanın bərpası bütün digər azad edilmiş torpaqlarla yanaşı, çox önəmlidir. 30 ilə yaxın işğal altında olan Şuşada vandalizm nəticəsində dağıdılmış Azərbaycanın tarixi-mədəni, dini abidələri bərpa olunur. Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasını hər zaman xüsusi diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondu 3 məscidin əsaslı şəkildə bərpa olunmasını, yeni məscidin isə inşasına başlanılmasını təmin edir. Bununla yanaşı, keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq.

– Hər bir siyasi qələbəni şərtləndirən əsas amil iqtisadi inkişafdır. Bu mənada, ölkəmiz xarici investorlar üçün nə dərəcədə əlçatandır?

– Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi göstəricilərimiz çox müsbətdir. Belə ki, ümumi daxili məhsul 6,8 faiz artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən çoxdur. Ölkənin xarici ticarət dövriyyəsi 60 faizdən çox artıb. İxracımız təxminən iki dəfə artıb. Burada neftin artan qiymətləri də nəzərə alınmalıdır. Ancaq qeyri-neft ixracımız da kifayət qədər artıb.

Düzgün istiqamətlənmiş, milli maraqlara söykənən iqtisadi siyasət kursu ölkəmizin əldə etdiyi nailiyyətlərdə mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, Azərbaycan istər böyük dövlətlər, istərsə də beynəlxalq təşkilatlar tərəfindən yaxın tərəfdaş qismində qəbul edilir. Ölkəmiz xarici investisiya üçün açıqdır. O cümlədən, Azərbaycan dövləti bu gün xarici ticarət balansında böyük nailiyyətlər əldə edir. Azad olunmuş ərazilərimizdə istehsal olunacaq kənd təsərrüfatı məhsulları ixrac yönümlü olacaq və ixrac potensialımızın artmasında əhəmiyyətli yer tutacaq. Bu isə qarşıdakı illərdə daha güclü, daha qüdrətli Azərbaycanın yüksək inkişafına öz töhfəsini verəcək.

Söhbətləşdi: Gülşən Şərif

www.yenicag.az

1162
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv