“Siz təkcə Azərbaycanın deyil, Türk Dünyasının qürur mənbəyisiniz” - Ziyatdin Kasanovdan İlham Əliyevə təbrik məktubu - TAM MƏTN
Dünya Ahıska Türkleri Birliyinin (DATÜB) sədri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin 5-ci ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.
Yenicag.az məktubun tam mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,
Dünya Ahıska Türkləri Birliyi adından Sizi və bütün Azərbaycan xalqını tarixə qızıl hərflərlə yazılmış Şanlı Zəfərin 5-ci ildönümü münasibətilə ən səmimi təbriklərimizlə ürəkdən salamlayırıq.
Beş il öncə Sizin dahiyanə strateji uzaqgörənliyiniz, sarsılmaz iradəniz, misilsiz siyasi liderliyiniz və Azərbaycan Ordusunun əzmi sayəsində Türk dünyası üçün qürur, şərəf və iftixar mənbəyi olan böyük tarixi bir hadisə yaşandı. Qarabağın azad olunması təkcə Azərbaycan üçün deyil, bəşər tarixində milli haqqın ədalətə qovuşmasının ən parlaq nümunələrindən biri oldu.
Hörmətli Ali Baş Komandan,
Bu möhtəşəm zəfərdə Sizin müdrik liderliyiniz, milli birliyi möhkəmləndirən polad iradəniz, “dəmir yumruq” rəmzinə çevrilmiş qətiyyətiniz və beynəlxalq arenada nümayiş etdirdiyiniz prinsipial siyasi xətt həlledici rol oynadı. Bu gün Siz yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının qürur mənbəyisiniz. Adınız müasir dövrün ən parlaq dövlət xadimləri arasında böyük ehtiramla çəkilir.
Ahıska türkləri üçün isə Sizin liderliyiniz, ədalətiniz və böyük Türk dünyasının birliyi naminə gördüyünüz işlər xüsusi dəyər daşıyır. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, Azərbaycan Zəfərini öz zəfərimiz, Azərbaycanın sevincini öz sevincimiz, Azərbaycanın yolunu isə öz yolumuz hesab edirik.
1989-cu ildə baş verən Fərqanə hadisələrindən sonra Ahıska türklərinə ilk olaraq qardaşlıqla qucaq açan dövlət Azərbaycan olmuşdur. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və humanist siyasəti sayəsində Ahıska gəncləri üçün Azərbaycan ali təhsil müəssisələrinə imtahansız qəbul imkanı yaradılmış, bu da minlərlə soydaşımızın həyatına nur saçmış, gələcəklərinə geniş üfüqlər açmışdır. Bu gün Azərbaycanda yetişən yüzlərlə Ahıska ziyalısı, həkimi, müəllimi və mühəndisi həmin diqqət və qayğının bəhrəsidir.
Hörmətli cənab Prezident,
Bizim üçün Azərbaycan təkcə bir qardaş ölkə deyil, həm də Vətəndir. Bunun ən aydın göstəricisi uzun illər ərzində davam edən fəaliyyətimiz və fədakarlıqlarımızdır. Müharibənin ilk günündə Ahıska türk cəmiyyəti olaraq 600 minlik bir gücü bir araya gətirərək xalqımıza çağırış etdik. Ardınca Bakıya səfərlərimiz oldu və zəruri maddi-mənəvi dəstəyi göstərdik. Müharibədən sonra isə şəhid və qazi ailələrinə dəstəyimizi həm maddi, həm də mənəvi cəhətdən davam etdirdik. Bu gün də bu dəstək və fəaliyyətlərimiz ara vermədən sürməkdədir və hər zaman Sizin və Azərbaycan xalqının yanında olduğumuzu nümayiş etdiririk. Azərbaycan torpağının dərdini öz dərdimiz, sevincini öz sevincimiz bilmiş və bu yolda daim irəliləmişik, irəliləməyə də davam edəcəyik.
Azərbaycan torpaqlarının müdafiəsi uğrunda Ahıska türkləri böyük cəsarət və fədakarlıq göstərmişdir. Birinci Qarabağ müharibəsində yüzlərlə şəhidimiz və bir Milli Qəhrəmanımız, İkinci Qarabağ Zəfərində isə 9 şəhidimiz və bir Qarabağ Qəhrəmanımız Vətən uğrunda canlarını fəda etmiş, igidlik göstərərək qazi olmuşdur. Onların hər biri Azərbaycan adına yazılmış qəhrəmanlıq dastanının ən şərəfli səhifələrini bəzəyir. Bu gün onların mübarək ruhu Sizin liderliyinizlə azad olunmuş Qarabağ səmasında hüzur və təhlükəsizlik tapmaqdadır.
Bu gün yalnız Azərbaycanda yaşayan on minlərlə deyil, dünyanın müxtəlif ölkələrinə səpələnmiş 600 min Ahıska türkü Sizin zəfərinizi bütün Türk dünyasının zəfəri kimi qəbul edir, Sizə sevgi və ehtiramını çatdırır. Yaşadığımız hər bir ölkədə bu qürur gününü coşqu ilə qeyd edir, Azərbaycanla birlik və qardaşlığımızı qəlbimizin ən dərinində yaşayırıq.
Dünya Ahıska Türkləri Birliyi olaraq, görüşdüyümüz bütün soydaşlarımızın Sizə olan sarsılmaz rəğbətini və Azərbaycan dövlətinə sədaqətini böyük qürurla bildiririk. Dünyanın harasında olursa-olsun, hər bir Ahıska türkü bu gün də, sabah da Sizin yanınızda, Azərbaycanın yanında olacaq və gələcək yolunuzda Sizə səmimi qəlbdən dəstək verməyə hazırdır.
Hörmətli cənab Prezident,
Zəfərin 5-ci ildönümü münasibətilə Sizə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Uca Tanrı yolunuzu hər zaman açıq etsin, dövlətimizi qüdrətli, xalqınızı daim xoşbəxt eləsin.
Həmçinin yaxınlaşan doğum gününüzü təbrik edir, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ən səmimi arzularımızı çatdırırıq.
Azərbaycanın Zəfəri, bizim Zəfərimizdir!
Qarabağ Azərbaycandır!
Dərin hörmətlə,
Ziyatdin Kasanov
Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri”












