Son ukraynalıya QƏDƏR – Rusiya danışıqlara “ağır şərtlərlə” HAZIRLAŞIR
“Rusiya ağır şərtlərlə danışıqlara getmək üçün hücumunu daha da gücləndirəcək”.
Bu fikri Rusiya-Ukrayna cəbhəsində son vəziyyət, rusların artan hücum tempi, ABŞ-nin yardımlar ayıracağı və Rusiyanı hədələməsinin vəziyyətə edəcəyi təsirini Yenicag.az-a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Polkovnik bildirib ki, ABŞ prezidenti Donald Tramp həmişəki kimi oynayır:
“Tramp hazırda dünyada baş verən prosesləri nəzərə almaya bilmir. Əgər Ukraynanı açıq aydın dəstəkləməsə, koalisiya üzvlərinin Trampa qarşı təzyiqi çoxalacaq. ABŞ-nin daxilində də Trampa qarşı bu təzyiq artacaq. Trampa çoxu “Putinin dostu”, “Putinin sözü ilə oturub duran” deyir, Trampı “Putinin adamı” kimi qələmə verirlər. Bunu ABŞ-nin Ukrayna ilə bağlı keçmiş administrasiyasından fərqli mövqedə olması ilə əsaslandırırlar. Belə olduğu halda, Tramp göstərməlidir ki, Rusiyanın adamı deyil. Ona görə də o Rusiyaya hədə-qorxu gəlir”.
Ş. Ramaldanovun fikrincə, danışıqlarda hansısa nəticəyə gəlinməyib və bunun səbəbkarı Rusiyadır:
“Ona görə ki Rusiyanın qoyduğu şərtlər kapitulyasiya aktına bərabərdir. Zelenski hələ ki hakimiyyətdədir. Rusiyanın o şərtlərini qəbul etmək nəinki Zelenski hakimiyyətinin sonu, ümumiyyətlə, məhv edilməsi demək olar. Zelenskinin əlində hakimiyyət var, onu Avropada dəstəkləyən qüvvələr mövcuddur. Zelenski son ukraynalı məhv edilənə qədər çalışacaq hakimiyyətini saxlasın və müharibə uzansın. Böyük Britaniya, Almaniya, Fransa Ukraynaya dəstək verir. Odur ki, Trampın başqa yolu yoxdur”.
Trampın verəcəyi dəstəyin Rusiyanın qarşısını alıb-almamağa yetəcəyinə gəldikdə isə hərbi ekspert bunları deyib:
“Hesab edək ki, Tramp Ukraynaya yardım edəcək. Əvvəla, o bunu Bayden administrasiyası qədər edə bilməyəcək. Belə olduğu halda, Rusiyanın irəliləməsini saxlamaq olmaz, çünki ABŞ əsgəri Ukraynada döyüşməyəcək. Dronlarla da məsələ həll olunmur, çünki əsgərin çəkməsi dəyməyən yeri özününkü saymaq olmaz. Tramp da bilir ki, ruslar irəliləyəcək, sadəcə Tramp fon yaradır. Tramp dəstək verəcəyini deyir, ancaq nə ilə, nə qədər pulla, hansı silahlarla? – bu, konkret deyil. Bunun praktiki sahəyə çevirsə, bu aylar çəkəcək. Bu müddətdə Rusiya dayanmayacaq. Hazırkı irəliləməni nəzərə alsaq, çox şey aydın olacaq. Rusiyanın irəliləməsi daha da sürətlənəcək. Trampla Rusiya prezidentinin gizli razılıqları var”.
Müsahibimiz əmindir ki, Rusiya danışıqlara qədər maksimum irəliləməyə çalışacaq:
“Bunun iki məqsədi var: birincisi, göstərir ki, Ukrayna müqavimət göstərə bilmir, Rusiyanın işğalı getdikcə genişlənir, onların qarşısını almaq olmur. İkincisi isə Ukraynanın tərəfdaşları düşünmək məcburiyyətində qalacaq ki, onların qarşısında dayamağa nə güc var, nə də ki gedib ukraynalıların əvəzinə döyüşəcək şəxsi heyət. Rusiya qarşısında qoyduğu hədəflərə nail olmağa çalışacaq. Rusiya danışıqlarda həmin dövrə uyğun şərtlərlə gəldiyini bildirmişdi. Rusiya tərəfi o zaman da bildirmişdi ki, gələcək danışıqlarda o dövrə uyğun şərtləri qəbul etməli olacaqlar. Rusiya ağır şərtlərlə danışıqlara getmək üçün hücumunu daha da gücləndirəcək. Bütün vasitələrdən maksimum istifadə edəcək. Prinsip cəhətdən Rusiya danışıqlara hazırdır. Dünyanın üç böyük güc mərkəzi var: dünyanın bölüşdürlməsində ABŞ, Çin və Rusiya arasında danışıqlar gedir. Bu danışıqların nəticəsini görəcəyik”.
Səxavət Məmməd