Sosial medianın siyasi aktivlikdə ROLU: Fikir azadlığına töhfə, yoxsa RİSK?

media-hightechnic-468x90

Müasir dünyada informasiya texnologiyalarının inkişafı ilə sosial media cəmiyyətin siyasi həyatında mühüm rol oynamağa başlayıb. Xüsusilə də gənclər arasında bu platformalar həm məlumat alma, həm də fikir bildirmə vasitəsinə çevrilib. Artıq siyasət yalnız parlament divarları arasında deyil, “Facebook” statuslarında, “Twitter” postlarında, “TikTok” videolarında da müzakirə olunur.

Bəs bu azadlıq demokratiyanın göstəricisidirmi, yoxsa idarəolunmaz bir risk mənbəyi?

Mövzu ilə bağlı Yenicag.az-a danışan Milli Məclisin deputatı Tahir Mirkişili deyib ki, sosial medianın siyasi aktivlikdə rolu həqiqətən mürəkkəb və ikitərəfli bir məsələdir.

media-tahir_mirkishili_2023

Onun sözlərinə görə, bu mövzuya obyektiv yanaşaraq, həm müsbət, həm də mənfi tərəflərini nəzərdən keçirmək vacibdir:

“Müsbət tərəflərindən danışarkən qeyd etmək lazımdır ki, sosial şəbəkələr ictimaiyyətə çıxış imkanlarını genişləndirir. Sosial media ənənəvi media vasitələrinə çıxışı olmayan insanlara öz fikirlərini ifadə etmək üçün platforma yaradır. Bu, xüsusilə gənclər üçün ictimai həyata qatılmanın yeni yollarını açır. Sosial media həmçinin məlumat mübadiləsini gücləndirir. Gənclər üçün müxtəlif mənbələrdən məlumat almaq, müzakirələrdə iştirak etmək və məsələləri daha geniş kontekstdə dəyərləndirmək imkanı yaranır”.

Millət vəkili söyləyib ki, sosial media, eyni zamanda sosial dəstək ideyalarının formalaşması və vətəndaş təşəbbüslərinin həyata keçirilməsi üçün əlverişli mühit yaradır:

“Bütün bunlarla yanaşı sosial şəbəkələr bir çox potensial risklərlə də zəngindir. Bunlardan ilki qloballaşma ilə bağlıdır. Belə ki, Sosial media alqoritmləri insanları oxşar fikirli qruplar daxilində saxlayır ki, bu da cəmiyyətdə qütbləşmənin artmasına səbəb ola bilər. Milli mənəvi dəyərlərin aşınmasına səbəb olan bir çox alqoritmlər gənclərin yad təsir altına düşməsinə və gələcək siyası fəaliyyətlərində dövlət və milli maraqlardan kənarlaşmasına səbəb ola bilər”.

T. Mirkişilinin fikrincə. sosial mediada həddindən artıq dezinformasiya mövcuddur:

“Yanlış məlumatların sürətlə yayılması və manipulyativ kampaniyalar həqiqi demokratik müzakirəni çətinləşdirir. Bu isə bəzi hallarda yaradıcı insanların fikir azadlığını qaragürüh tərəfndən məhdudlaşdıra bilər, gənclərin xarici qüvvələrin təsiri altına düşməsinə səbəb ola bilər. Azərbaycanda internet infrastrukturu xeyli inkişaf edib. Dövlət tərəfindən şəbəkə infrastrukturu inkişaf etdirilib. Bu kontekstdə sosial medianın rolu xüsusilə əhəmiyyətlidir, çünki o, gənclərə öz fikirlərini ifadə etmək və ictimai proseslərə maraq göstərmək üçün nisbətən açıq məkan təqdim edir. Lakin eyni zamanda, bu platformalarda da müəyyən məhdudiyyətlər və risklərin mövcudluğu nəzərə alınmalıdır”.

“Məncə, əsas məsələ balansın tapılmasındadır. Yəni sosial medianın potensialından istifadə edərkən, onun mənfi təsirlərini minimuma endirmək üçün media savadlılığının artırılması, yaradıcı ictimai düşüncənin inkişafı, milli-mənəvi dəyərlərə hörmət, milli maraqların üstün tutulması və məsuliyyətli istifadə prinsiplərinin təşviqi vacibdir”, – deyə o, vurğulayıb.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət isə hesab edir ki, sosial media, ümumiyyətlə, insanların özünü azad və sərbəst şəkildə ifadə edə bilməsi üçün yaradılmış platformadır:

“Təbiidir ki, bu platformaların rəngarəngliyindən hamımız geniş şəkildə istifadə edirik. Bəli, bu, insanların azadlığı üçün vacib bir komponentdir, çox gərəklidir və əlbəttə ki, uşaqdan böyüyə hər kəs üçün əlavə imkanlar deməkdir. Lakin sosial media eyni zamanda məsuliyyət də gətirməlidir və gətirir. Yəni sosial media platformaları, əlbəttə, ifadə azadlığını və ümumilikdə azadlıqları genişləndirmək baxımından əvəzolunmaz vasitədir. Amma qeyd etdiyim kimi, bu azadlıqlar bərabərində məsuliyyət də tələb etməlidir. Təəssüflə qeyd etmək lazımdır ki, bir çox insanlar bu məsuliyyət məsələsində “sinifdə qalır”. Yəni azadlıqlardan bol-bol istifadə etməyin tərəfdarıdırlar və bunu edirlər də. Amma məsuliyyət məsələsi gündəmə gələndə hay-küy salmağa başlayırlar ki, guya azadlıqları məhdudlaşdırılır”.

“Məsələ ondadır ki, insanın azadlığı bir qayda olaraq başqa bir insanın azadlığı başladığı nöqtəyə qədərdir. Məhz burada məsuliyyət məsələsi ortaya çıxır. Təəssüf ki, bir çoxları bu məsuliyyət zonasını nəzərə almamaqda israr edirlər. Ona görə də dövlət və qanunlar belə şəxslərə qarşı tədbirlər görür. Lakin bu tədbirlər həyata keçiriləndə dərhal iddia edirlər ki, azadlıqları məhdudlaşdırılır. Halbuki, burada heç bir azadlığın məhdudlaşdırılmasından söhbət gedə bilməz”, – deyə o, fikirlərini tamamlayıb.

Məsimə Məmmədova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.

media-medialogo

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600