Sosial şəbəkələrin monitorinqi ilə məşğul olan var? – Elxan Şahinoğlu

Kimsə yanlış olaraq, yoxlanılmamış status yazır, həmin diqqəti çəkən status paylaşılır, geniş müzakirə edilməklə bütün informasiya məkanımıza yayılır və anında qəzəb mənbəyinə çevrilir. Bu, sosial şəbəkələrin xarakterindən irəli gəlir. Mərhum general Polad Həşimovun Qəbələdə digər mərhum general Həzi Aslanovun adına verilən küçəylə dəyişdirilməsi bu qəbilədən olan xəbərdir. Halbuki, xəbər təsdiqini tapmadı. Belə hallar dəfələrlə olub. İndi təsəvvür edin ki, İrəvanda yerləşən və Azərbaycan dilində dezinformasiya hazırlayan və ötürən aparat (belə bir mərkəzin olduğuna şübhə etmirəm – E.Ş.) oxşar “xəbəri” bizim sosial şəbəkələrə ötürür və biz xəbərin mahiyyətinə varmadan həmin dezinformasiya ətrafında müzakirələrə başlayırıq. Bu o deməkdir ki, informasiya savaşında işğalçı ölkə irəli çıxır.

Dezinformasiyaların və yoxlanılmamış məlumatların və statusların qarşısını almaq praktik baxımdan mümkün deyil. 10 milyon nəfəriyik, hətta 99 faizimiz inanmadığımız xəbəri yaymasaq və onun müzakirələrinə qoşulmasaq belə 1 faiz həmin xəbəri yaysa informasiya məkanımızda dəlik əmələ gələcək. Bunun qarşısını almağın yolu hakimiyyət strukturlarında çalışanların məsələyə anında müdaxilə etmələri, ajiotaj və cəmiyyətdə dərin fikir ixtilafı yaradan xəbərlərə, statuslara anında münasibət bildirməkdir. Təəssüf ki, reaksiyalar gecikir.

Sosial şəbəkədə Polad Həşimov adına küçənin ətrafında dünəndən qızğın müzakirələr gedir, küçədən Həzi Aslanovun adının “götürülməsi” pislənilir. Halbuki, anında xəbər dəqiqləşdirilsəydi, dezinformasiya geniş yayılmazdı. Yalnız bu gün bilindi ki, xəbər dəqiq deyil (ancaq məsələ hələ tam aydınlaşmayıb – E.Ş) Prezident Administrasiyasında sosial şəbəkələri monitorinq edən qrup yoxdurmu? Varsa adı çəkilən yanlış məlumatın təxminən bir gün cəmiyyətimizi narahat etməsinin qarşısı niyə alınmadı? Və ya Livanın paytaxtı Beyrutda xeyli insan ölümünə yol açan dəhşətli partlayış baş verib. Azərbaycan prezidenti digər həmkarları kimi livanlı həmkarına başsağlığı verib və Livana 1 milyon dollar yardım ayırıb. Dünəndən sosial şəbəkədə bunun da qızğın müzakirəsi gedir. Prezidentin bu qərarının arxasında hansı taktiki gedişin olduğunu anlayanlar var, ancaq sosial şəbəkədəki mütləq çoxluq “erməni soyqırımını” tanıyan, ASALA terroçularının başlanğıc məntəqəsi olan bir ölkəyə yardım edilməsini sərt tənqid edir. Belə olan halda Prezident Administrasiyasından kimsə açıqlama yaymalı və yardımın səbəblərini cəmiyyətə anlatmalıdır.

Prezidentin köməkçiləri və çoxsaylı müşavirləri yalnız virusla mübarizə aparan Operativ Qərargahın toplantılarında iştirak etməməlidirlər. Cəmiyyətdə və sosial şəbəkələrdə daxili və xarici siyasətə dair müxtəlif sualllar səslənir ki, onlar cavabsız qalır. Həmin suallar cavabsız qaldıqca da şaiyələr artır və düşmən həmin xəbərlərdən öz məqsədləri üçün istifadə etməyə başlayır. Bu isə Ermənistanla informasiya müharibəsində bizi geri salır.

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın köməkçisi İbrahim Kalın az qala gündə mətbuat konfransı keçirir və ya yazılı açıqlamalar yayınlayır. Məqsəd cəmiyyəti narahat edən bir sualı belə cavabsız qoymamaqdır. Ən doğrusu da budur!

P.S. Yasamalda kimlərsə böyük zonanı hasara alır və orada qanunsuz tikintiyə başlamaq istəyirlər. Prezident bunu görür və qarşısını alır, qanunsuzluq edənləri cəzalandırmağı tapşırır. Demək prezident həmin ərazini görməsəydi və ya bu haqda məlumatsız olsaydı, ərazi işğal olunacaq və qanunsuz obyektlər tikiləcəkdi. Sual olunur: Həmin böyük ərazidə qanunsuz hasarlar salınarkən Yasamal və Bakı icra hakimiyyətləri hara baxırdılar, niyə qarşısını almırdılar? Bəlkə onlar ərazini zəbt edib obyekt tikmək istəyənlərin qarşısında o qədər aciz olublar ki, prezidentə müraciət etmək məcburiyyəti qarşısında qalıblar. Bunun da izahını tapa bilmirəm…

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq

COP29