!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şou əhlini “əhliləşdirən”, “zapret” qoyan, bir “çırtma”sı ilə söhbəti bağlayan PRİMADONNA - Yeriniz görünür

!Reklam – Yazi

Onu Azərbaycan estrada musiqisinin Primadonnası kimi təqdim edirdilər. Sağ olsaydı, bu gün şou əhlini başına cəm edib, paytaxtın ən bahalı restoranlarından birində 80 illik yubileyini qeyd edərdi. Amma əcəl aman vermədi… Hər zaman könüldən, cani-dildən oxuyan illərin sənətkarına xilaf çıxan da elə ürəyi oldu. Qəfil ürək tutmasından bu dünyaya vida etdi. Özündən sonra da sözü-söhbəti ilə uzun müddət gündəm oldu.


Xalq artisti İlhamə Quliyevanı təsadüfən xatırlamadım. Bu gün doğum günüdür. Yaradıcılığının son dönəmlərində onun mahnılarından çox, qalmaqallarının şahidi olurduq. Qılıncının dalı da kəsirdi, qabağı da… Şou əhlinə yerini göstərməyi, yeri gələndə barmaq silkələməyi gözəl bacarırdı. Özünün təbirincə desək, taclı şahzadə idi, qarşısında əyilməyən müğənni çətin tapılardı. Əyilmyənlərin də aqibətini şou-biznesdəkilər gözəl bilir. O müğənnilər ki, onlar illərlə efir üzünə həsrət qaldı, toy bazarından vuruldu, tədbirlərdən uzaq düşdü…

Şou əhlinə titul vermək də onun səlahiyyətində idi, birinə “taclı prodüser”, “meyxanaçı filosof”, birinə “şah”, digərinə “kral”… Amma şou aləminin kraliçası, şahzadəsi özü idi. Amma bütün bu titullar havayı başa gəlmirdi. Onlar da bunun müqabilində bahalı daş-qaş sevdalısı kimi tanınan kraliçanın hörmətindən necə lazımdı çıxırdılar. Sinəsinə medalyonlar, barmaqlarına brilliant üzüklər, altına bahalı avtomobillər, daha nələr, nələr… Vay o gündən ki, kimsə Primadonnanın qəzəbinə tuş gələydi. O zaman yer yerindən oynayar, şir bürcünün şir kimi xanımı nərildəyər, yuxularını ərşə çəkər, dünyanı başlarına yıxardı. Özü də necə lazımdı…

Amma şou-biznes qalmaqalları, barmaq silkələmələr, yerini göstərmələr və s. o demək deyildi ki, İlhamə Quliyeva sadəcə bir şou adamı idi. Xeyr. O şou-biznesdə bir idarəçi idi və bunun öhdəsindən də məharətlə gəlirdi. Amma onun səsi və sənəti var idi. İlhamə Quliyeva Azərbaycan estrada musiqisinə töhfələr verən, mədəniyyətimizə xidmət edən bir sənətkar idi. Bu, bir danılmaz faktdır.

İlhamə Quliyeva o sənətkarlardandır ki, ölməz Fikrət Əmirov məhz onun üçün silsilə musiqilər bəstələmişdi. O musiqilər bu gün milli estrada musiqimizin ölməz sənət inciləridir. Yəni demək istəyirəm ki, zaman keçəcək, İlhamə Quliyeva tarixdə şou adamı kimi deyil, sənətkar kimi qalacaq.
Amma öz aramızdır, elə şou aləmində də yeriniz yaman görünür, Primadonna! Çünki yolunu azanlar, “açarını itirənlər”, efirlərdə meydan sulayanlar, məclislərdə at oynadanların sayı yaman çoxalıb. Onları yerlərində tək siz oturtmağı bacarırdız axı…Kobud da səslənsə, at ölüb, itlərin bayramıdır…

Cəvahir

www.yenicag.az

1100
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv