“Fərqi yoxdur, söyüş və təhqir hər hansı bir şəxsə, o cümlədən iqtidar nümayəndələrinə, xaricdə fərqli mövqedə olan şəxslərə, hətta müxalifətə qarşı belə bu cür davranışlar qəbuledilməzdir”.
Bu sözləri Yenicag.az-la söhbətində Ağ Partiya başqanı Tural Abbaslı deyib.
Partiya sədri xaricdə yuvalanmış anti-Azərbaycan qüvvələrinin öz aralarında apardığı siyasi çəkişmələrə, habelə “söyüş müxalifəti” kimi tanınmalarına münasibət bildirib:
“Hətta keçmişdə “Lider” televiziyasının efirində bəzi jurnalistlər belə ritorikadan istifadə ediblər. Bu, heç bir halda doğru deyil, çünki söyüş və təhqir Azərbaycanın milli və mənəvi dəyərlərinə uyğun deyil. Bizim partiyadan belə kimsə kimisə təhqir etsə, biz bu məsələyə ciddi yanaşırıq və həmin şəxsin partiyadan uzaqlaşdırılmasını gündəmə gətiririk. Çünki bu, küçə davranışı deyil, siyasətdir və siyasətdə mədəniyyət, üslub, yüksək etik normalara riayət edilməlidir
Sabah, kimsə kiməsə səs vermədiyi üçün onu təhqir edirsə, bu, siyasətə uyğun deyil. Bizim tariximizdə belə nümunələr mövcuddur. Məsələn, Qaçaq Kərəm və İsrafil ağanın düşmənçiliyi haqda əfsanə var. Qaçaq Kərəm, İsrafil ağanı öldürmək istəsə də, onun ailəsinin yanında bunu etməyib. O, bilirdi ki, ailə və yaxınların qorunması hər şeydən önəmlidir. Bu, kişilik, yüksək dəyərlər və mədəniyyət məsələsidir”.
T. Abbaslı əlavə edib ki, siyasətdə, ümumiyyətlə, düşmən anlayışı yoxdur, əksinə, rəqib anlayışı vardır:
“Hər kəsin məqsədi qalib gəlmək, amma rəqibini məhv etməmək olmalıdır. Təəssüf ki, bəziləri bunu dərk etmir və siyasətdə bu cür yanaşma problemlər yaradır. Biz təhqir etməyi, hər növ təhqiri və söyüşü qəbul etmirik. Hansı tərəfdən gəlsə də, istər müxalifət, istərsə də bitərəf şəxslərdən, biz bu cür davranışlardan uzaq dururuq. Bundan başqa, hansısa siyasi qurumun, məsələn, “Xalq parlamenti” yaratması mümkündür, amma bu, yalnız Azərbaycan Respublikasının qanunvericiliyi və milli mənəvi dəyərlər çərçivəsində həyata keçirilməlidir. Əgər hansısa qurum bunu etmək istəyirsə, bu, normaldır, amma etik normaları pozmamalıdır. Hər kəs öz fikrini bildirməkdə, kimisə bəyənmək və ya bəyənməməkdə azaddır”.
“Bizim fəaliyyətimizi bəyənməyənlərə gəlincə, onların real həyatda fəaliyyət göstərməkdə nə qədər çətinliklərlə üzləşdiklərini çox yaxşı başa düşürük. Bir çoxları virtual aləmdə müxalifətçilik edirlər, amma real həyatda cəsarət tapıb küçələrə çıxmaq çox çətindir. Bu, yalnız internetdə bəyənilən bir şey deyil, həm də real həyatda hərəkətə keçirmək tələb edir. Bir çoxları Azərbaycanda siyasi fəallıq göstərməyib, amma xaricə gedib müxalifətçilik edir. Bu, inandırıcı deyil. Real siyasət yalnız tənqid və müxalifətçilikdən ibarət deyil, həm də konkret addımlar atmağı tələb edir. Hər hansı bir fəaliyyətdə təhqir, qanunsuzluq, xəyanət olmamalıdır. Bu cür əməllər qəbul edilməzdir. Ancaq xəyanət etməyən və sadiq qalan hər kəs öz fikrini sərbəst şəkildə ifadə edə bilər. Hər kəs öz ideologiyasını həyata keçirə bilər, amma əgər bu, yalnız təhqir və xəyanətə dayanmırsa… Heç bir şəxsin başqa birini təhqir etməsi, yaxud xüsusi sifarişlər yerinə yetirməsi qəbul edilə bilməz. Hər kəs öz ideyalarını daha da inkişaf etdirib, cəmiyyətin inkişafına töhfə verə bilər.
Mən onların bir çoxunu tanıyıram, hətta onların bəziləri müəyyən bir müddət bizimlə olmuşdular. Amma bilirsiniz, əgər özünüz bir monitorinq aparsanız, görərsiniz ki, hazırda Avropada yaşayıb müxalifətçi olduğunu iddia edənlərin 10-15%-i burada olarkən siyasi fəallıqlarını göstəriblər və ya müxalif mövqeləri olub. Lakin 80-85%-i Azərbaycanda olarkən heç bir siyasi fəaliyyətdə olmamış, heç bir iddia qoymamış, müxalifət fəaliyyətində yer almamışdır. Mən 25 illik müxalifətdə olmuşam, amma burada olarkən onların çoxunun Yeni Azərbaycan Partiyasını, dövləti, iqtidarı və liderini dəstəklədiyini görmüşəm. İndi isə onlar müxalifətçi olaraq insanları küçələrə çağırır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az