!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Söyüşə güvənənlər - Yanlış anlama, bu, film deyil...

!Reklam – Yazi

“Qardaş, zəhmət olmasa, mənə bir sok… Bacıma da bir sok…” – bu, azərbaycanlılar üçün adi bir cümlədir. Hamı başa düşür ki, ofisiantdan meyvə suyu istənilir. Ancaq bu cümlələrə türkiyəlilərin reaksiyası eyni deyil. Və bunu fərqli, daha aqressiv qarşılamaları başadüşüləndir.

“Numaranı söylə, seni çaldırayım” – bu isə türklər üçün zəng etmək anlamına gəlir. Amma biz azərbaycanlıların reaksiyası birmənalıdır! “Çaşma, ağıllı ol” kimi sözlərlə qarşı tərəfə sərt reaksiyamızı bildirməyimiz qaçınılmazdır.

Bu və buna bənzər qurşaqaltı ifadələri özündə birləşdirən filmdir “Yanlış anlama”… Ötən gün qala gecəsi baş tutdu və filmə maraq kifayət qədər idi. Hətta qala gecəsinə o qədər qonaq dəvət olunmuşdu ki, insanların ayaqüstə qaldığını görən təşkilatçılar əlavə kreslo və divanlara ehtiyac duydular.

Və film başladı…

İstanbulda başlayan hekayə Bakıya qədər uzanır. Azərbaycanlı xanım guya ölüb və intiqam almaq məqsədiylə illər sonra onu çoxdan unutmuş türkiyəli ağsaqqal sevgilisini miras adı ilə paytaxtımıza çağırtdırır. Bundan sonra da guya komediya janrında çəkilən film ssenari üzrə davam edir. Digərlərini bilmirəm, şəxsən mən filmdə düşündürücü yumor görmədim. Yox, əgər Fərda Amin, İslam Mehralıyev, Pərvin Abıyeva kimi azərbaycanlı aktyorların yumor anlayışı söyüşlə, qurşaqaltı sözlərlə və bunları özündə birləşdirən səhnələrdən ibarətdirsə, onda Yaşar Nuri, Siyavuş Aslana min rəhmət…

İndi nə yazıq ki, ağırçəkili həmin div aktyorların yoxluğunda səhnələr boş qalıb. Onların yerini isə daha çox “instagram” hesabıyla gündəmə gələn pərvinlər, “Qardaş, bu avtobus Yevlaxa gedir?” deyərək, insanları güldürməyə cəhd göstərən fərdalar tutmağa çalışırlar. Amma zaman və bu film göstərir ki, onlar özlərini tutmaq əvəzinə “buraxıblar”.

Bütün bunlara baxmayaraq, tez-tez sinema salonunda qəhqəhə səsləri gəlirdi, komik səhnələrə görə, özündən gedənlər  də var idi. Amma mən “ağzına s…ım”, “g.. oğlu, g..” və yazmağa xəcalət çəkdiyim digər sözlərdə, filmdəki ağsaqqalın bədənindəki səs-küylü qazı eşidiləcək, tamaşaçıya çatdıracaq tərzdə ifrazında gülməli heç nə görmədim. Əvəzində ailə üzvləri ilə, sevgilisiylə filmə baxmağa gələnlərin üzündə utanc hisləri gördüm. Yəqin onlar da fərqinə varmışdı ki, bu tip filmlər ailəliklə izlənilməli olan kateqoriyaya aid deyil. Amma gec idi…

P.S. Əgər, ötən gecə gözəl bir şey var idisə, bu da aktrisa Pərvin Abıyeva ilə Pelin Sönməzin donu idi. Yanlış anlama, paltarlarını nəzərdə tuturam…

Emin Səfərov

COP29

www.yenicag.az

24192
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv