!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Söyüşə söyüş, döyüşə döyüş - Səbuhi Mübarizoğlu yazır

!Reklam – Yazi

Bir dəfə internetdə psixoloqlardan birinin söyüşlə bağlı fikirlərini oxudum. Əslində bu sözlər söyüşün “elmi” tərifinə də oxşayırdı. Amma mənim diqqətimi cəlb edən əsas məqam 4-5 cümlədə söyüş və təhqirlə bağlı ümumiləşdirilmiş, uğurlu ifadənin təzahürü idi. Söyüş qarşı tərəfin şəxsiyyətinə yönəldilmiş təhqirdir. Başqasını alçaldıcı sözlərlə təhqir edən şəxs öz eqosunu tamamlayır və qarşı tərəfi özünün yaratdığı obrazda görməyə başlayır. Çox zaman söyüş insanın keçirdiyi əsəb və sinir halının sözə çevrilmiş forması olur. Və hər kəs öz əsəb və stresini daxili dünyasına uyğun şəkildə ətrafa püskürür.

Söyüşlə bağlı fikirlərimi burada saxlayıb 12 il əvvəl baş verən maraqlı bir hadisəni sizlərlə paylaşacam. 2006-ci ilin may ayı idi. Yaxşı yadımdadır, hava açıq, günəşli və təravətli idi, respublika sərgisinə gərgin hazırlıqlar gedirdi. Üçüncü kursda oxumağıma baxmayaraq 1 ildən artıq idi ki, mediada çalışırdım və 2006-ci ilin Noyabr ayında ilk qəzetimi qurdum. Əl-qərəz həzərat, sərgiyə Azərbaycan Prezidentinin köməkçisi, PA-nın şöbə müdiri Əli Həsənov gəldi, hər kəslə ayrı-ayrılıqda görüşdü, hər kəslə ən azı 3-5 dəqiqə söhbət etdi, problemlərini öyrəndi, məsləhətlərini verdi. Gənc, enerjili, eyni zamanda, təcrübəsiz vaxtlarım idi, az qala hər saat bir ideya gəlirdi ağlıma. Bu dəfə də özümdə cəsarət tapıb Əli Həsənova yaxınlaşdım, qəbuluna gəlmək istəyimi, bir ideya ilə bağlı təklifim olduğunu dedim. Əslində ağlımda olan ideya haqqında ucdan-qulaqdan bəzi şeyləri də asta səslə eşitdirdim. Maraqlı şəkildə gülümsəyərək “bu çox vacib və önəmli təklifdir, sabah gələrsən” dedi. Sabah oldu, çox düşündüm, daşındım, amma getmədim. Ən azından getmək üçün tutarlı səbəbim qalmamışdı. Əli Həsənovun sıravi, 22 yaşlı gəncə səmimi yanaşması bütün suallarımı cavablandırmışdı. Onu da bilirdim ki, irəli sürdüyüm təklifin çəkisi də elə mən yaşda idi, bişməmişdi…Amma o kiçik, bəlkə də mənasız təklifimi mən sınmayim, ruhdan düşməyim deyə layiq olduğundan daha yüksək mərtəbələrə qaldırdı.

BU BİR ƏLİ HƏSƏNOV FƏRQİ İDİ…

Əziz dostlar, tarix baxımından yaxın, mənimçün isə bir əsrə bərabər olan son 12 ildə mən bu hadisəni hər zaman xatırlayıram. Yəqin bundan sonra da xatırlayacam. Ulu Öndərə bildiyimiz son dəyərə qədər sədaqətli olan bu insana qarşı aparılan ədalətsiz oyunlar ayaq tuta bilər, amma yeriməz, çirkli ola bilər, amma yapışmaz.Əslində bu yazını yazmağa vadar edən bir çox səbəblər var. Amma ən əsası sosial şəbəkələrdə mövcud olan rəzil durumla bağlıdır.

HAMI BİRDƏN SUSUR VƏ HAMI BİRDƏN DANIŞIR…

Demək olar ki, son 10 ildə sosial mediada baş verənləri diqqətlə izləyirəm. Bugünkü durumu da hardasa təxmin edirdim, tam olmasa da proqnozumda haqlı çıxdım. Təəssüflər olsun ki, haqlı çıxdım… Hətta bir çox saytlarda, qəzetlərdə, TV-lərdə mövcud təhlükələr barədə danışmışdım, yazmışdım. Və nəhayət son proseslərlə bağlı münasibətimi bir cümlədə yekunlaşdıra bildim: NİYƏ MƏHZ ƏLİ HƏSƏNOV? Cavab isə hər kəsə bəlli idi…ÖLKƏ RƏHBƏRİNƏ SONSUZ SƏDAQƏT…
Başqa bir sual ortaya çıxır? Axı nə baş verdi ki, bu qədər media, bu “boyda” ictimai sektor Orduxanlarin, Həbiblərin, Turallarin əlində qaldı? Kim onları bu qədər şişirdi? Və yaxud qəflət yuxusuna gedən BU BOYDA ordu haradadır? Avropada ermənilərin maşasına çevrilən 4-5 “buraxma”ya son altı ərzində ölkənin ictimai mühitinə bu qədər daxil olmasına niyə imkan yaradılırdı?

Etiraf edim ki, sosial mediada yayılan bəzi tələblərlə razılaşmıram. Bir çox dostlarımız deyirlər ki, hanı Jurnalistlər binasından ev alan ordu, niyə onlar söyüş siyasətinin önündə deyillər? Bu kökündən yalnış yanaşmadır. Əvvəla Prezident jurnalistlərə evi əvəzsiz olaraq, hər hansı şərt qoymadan, jurnalistikanın inkişafındakı xidmətlərinə görə verib. İndi ev alıblar deyə mütləq şəkildə bu və bu kimi proseslərin önündə getməlidirlər kimi tələb olmamalıdır. Belə bir öhdəlikləri də yoxdur. O evlərdə yaşayanlar bizim həmkarlarımızdırlar, onların ailələri, övladları orada yaşayırlar. Mümkün qədər məsələnin bu tərəfini bağlayıb sputnikin valini Avropaya kökləyin. Bu daha faydalı olar…

Avropada hər yoldan keçənin qucağında oturan “blogerlər” isə sözün əsl mənasında ictimai sektorda böyük bir boşluğu ifşa etdilər. Bəli, bu qələbəyə, birliyə, mübarizəyə ciddi təkan verəcək. Artıq XALQ ana-baci qədri bilməyən, erməni ağalarından alınan pul hesabına ayaqda qalanların dövləti necə dağıtmaq istədiklərini gözəl bilir.

Məsələnin tam fərqli tərəfi isə peşəkar virtual ordunun formalaşması ilə bağlıdır.

Söyüş və təhqir taktikası həm də ona görə faydalı idi ki, Azərbaycan hökuməti artıq kimin kim olduğunu tam çılpaqlığı ilə gördü, şahid oldu. Artıq jurnalistikaya aid olmayan insanların çıxdaş olunması, onlara ayrılan vəsaitlərin daha çevik media ordusuna yönəldilməsi zərurəti ortaya çıxdı. Bu dönəm həm də onu göstərdi ki, bəzi məsul şəxslər bu illər ərzində mediaya ayrılan imkanları bir çox hallarda dövlətin, hökumətin deyil, öz şəxsi, cılız və maddi maraqlarına xərcləyiblər. Məhz buna görə siyasi krizis dönəmlərində Avropada oturan 3-4 gədə illərlə ortada yeyib, qıraqda gəzənlərin üzərindən müqavimət görmədən, asanlıqla keçə bildi. Həm də nümayişkaranə. Onların məni də tənqid edəcəklərini nəzərə alıb bəri başdan deyim ki, bugünə qədər dövlətdən bir manat belə saytım üçün maliyyə yardımı almamışam, nə də jurnalistlər binasında mənzilim yoxdur. Amma dövlət üçün təəssübkeşliyim var, ölkəmin milli maraqlarının hər şeydən və kəsdən üstün tutdum hər zaman. Ölkəmin mövcudluğu, sabitliyi, güclü liderlə irəliləməsi mənimçün əsas strateji yol xəritəsidir. Təsvir elədiyim qarmaqarışıq mühitdən yalnız bir çıxış yolu var: Sağlam, intellektual mühitə ciddi sərmayə qoyulmalı, beyin mərkəzi yaradılmalı, ölkəmizin virtual sərhədlərinin konturları peşəkarlar tərəfindən müəyyənləşməli, öz yarıtmaz fəaliyyətləri ilə Prezidenti və Əli Həsənovu hədəf seçdirən məmurlar vəzifədən alınmalıdırlar. İndiki halda isə vaxtımız azdır, İLHAM ƏLİYEV YOLUNDA SÖYÜŞƏ SÖYÜŞ, DÖYÜŞƏ DÖYÜŞ…

Səbuhi Abbasov
7NEWS.azsaytının baş redaktoru

www.yenicag.az

2317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv