“Peşəkarlar sözü bir yerə qoyub birlikdə addımlar atsa, qonorarlar 30-40 faiz arta bilər”.
Bunu prodüser, rejissor Azərbaycan Kinemotoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov Yenicag.az-a açıqlamasında “Hollivudda ssenaristlər və aktyorlar aylardır ki, qonorar və əməkhaqqı ilə bağlı tətil edirlər. Azərbaycanda da aktyor, rejissor və ssenaristlərin qonorarı yetərincədirmi, deyilsə, nə təklif edirsiz?” sualını cavablandırarkən deyib.
O, Hollivuddan fərqli olaraq, Azərbaycanda qonorarların artırılmasının yolunu tətil etməkdə deyil, təşkilat ətrafında birləşməkdə gördüyünü bildirib:
“Amerika öz ənənələri olan ölkədir. Şəxsin vəkilinin olması orada ümumi praktikadır. Yaradıcı insanlar da agent sistemi ilə işləyirlər. Prodüserlə danışıqları bir qayda olaraq agentlər aparır. Bizim aktyorlar agentə etibar etmirlər. Bundan başqa eyni peşə sahibəri gildiyalarda birləşirlər.
Aktyor gildiyamız var, amma aktyorlar onun ətrafında birləşmir, pərakəndədirlər. Bu da əsas problemdir. Əgər hər hansı problemlə rastlaşsalar, ssenarist və aktyorlar Azərbaycan Kinematoqrafçılar İttifaqına da müraciət edə bilərlər.
Biz lazımi orqanlara müraciət edib hüquqlarımızı qoruya bilərik. Bununla yanaşı, Səbuhi Məmmədovun rəhbəri olduğu Aktyor agentliyini aktyorlara məsləhət görürəm, bu agentik 10 ilə yaxındır bu istiqamətdə işləyir. Qonorarların artırılmasının Azərbaycanda yolu tətil deyil, təşkilat ətrafında birliyidir. Və ya hədəf ətrafında birliyidir. Sözü bir yerə qoyub prodüserlərə variant təklif etmək lazımdır.
Qonorarların indiki həcminə gəldikdə, Nazirlər Kabinetinin təsdiq edilmiş tarifləri artıq həyati qüvvəsini itirib. Prodüserlər reallıq əsasında qonorar ödəyir – hər bir peşəkarın nüfuzuna və büdcəyə əsasən. Peşəkarlar sözü bir yerə qoyub birlikdə addımlar atsa, qonorarlar 30-40 faiz arta bilər”.
Cəvahir
www.yenicag.az